İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan bu təşkilatın nüfuzunu yüksəldən ölkədir” - Deputat

528 25.06.2026 19:05 Siyasət A A

“İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının Bakıda keçirilməsi və Parlament İttifaqı Konfransına sədrliyin Azərbaycana keçməsi mühüm hadisə oldu. Bu, İslam dünyasının Azərbaycana verdiyi önəmin, Azərbaycanın İslam dünyasında böyük etimad və nüfuz qazanmasının daha bir təsdiqidir”.

Bu sözləri Musavat.com-a deputat Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, prezidentin dediyi kimi, bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasından 35 il ötür: “Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra İslam dünyası ilə əlaqələrin inkişafını xarici siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Azərbaycanın İƏT-ə üzv olması ölkəmizin müsəlman dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrinin genişlənməsinə yeni imkanlar yaratdı. Azərbaycanın təşkilata üzvlüyü xüsusilə Ermənistanın hərbi təcavüzü və Qarabağ münaqişəsi dövründə böyük əhəmiyyət daşıdı. İƏT beynəlxalq təşkilatlar arasında Azərbaycanın ərazi bütövlüyünü ən ardıcıl və qətiyyətli şəkildə dəstəkləyən qurumlardan biri oldu.

Prezidentimizin qeyd etdiyi kimi, qürurvericidir ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verib, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynayıb, məqsəd və prinsiplərinə sadiq qalıb, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak edib”.

Deputat qeyd edib ki, Azərbaycan islamofobiya ilə mübarizə, humanitar əməkdaşlıq və inkişaf təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm töhfələr verib: “Azərbaycan təşkilata üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmağı bacarıb”.

A.Hüseynov xatırladıb ki, İƏT-in Zirvə görüşlərində, Xarici İşlər Nazirləri Şurasının iclaslarında və digər platformalarında Ermənistanın işğalçı siyasətini pisləyən çoxsaylı qətnamələr qəbul edilib, İƏT Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyən mövqeyini davamlı şəkildə nümayiş etdirib: “Xüsusilə, son illər Azərbaycan islam dünyasının aparıcı siyasi və diplomatik platformalarından birinə çevrilib. Bakı dəfələrlə İƏT-in müxtəlif toplantılarına, nazirlərin görüşlərinə və beynəlxalq forumlarına ev sahibliyi edib.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və həmin il IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ölkənin islam dünyası ilə əlaqələrinin inkişafında mühüm mərhələ hesab olunur. Azərbaycan həm müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinə, həm də müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqinə töhfə verən dövlət kimi tanınır. Azərbaycan İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edir. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülüb”.

A.Hüseynov qeyd edib ki, Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənən və bu təşkilatın nüfuzunu yüksəldən bir ölkədir. Azərbaycan kimi dünyada və müsəlman ölkələrində yüksək nüfuza, mövqeyə sahib dövlətin İslam İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransına qarşıdakı müddətdə sədrlik eləməsi bu təşkilatın nüfuzunu daha da artıracaq və daha da çevik fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Ölkəmizin İslam dəyərlərinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə İƏT ailəsinin üzvü kimi uzun illərdir xüsusi önəm və töhfələr verir, İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edir, İslam dünyasının mədəni və iqtisadi əməkdaşlığının gücləndirilməsində mühüm rol oynayır. Təşkilata sədrliyi Azərbaycana qarşıdakı dövrdə İƏT-in fəaliyyətində daha da yaxından və daha da əhatəli iştirak etmək imkanı qazandıracaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR