İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan "İbrahim Sazişləri 2.0" prosesinə niyə qoşulmur: İsrail mediasının SENSASİON YAZISI

1078 28.11.2025 13:51 Siyasət A A

Musavat.com xəbər verir ki, İsrailin nüfuzlu Begin–Sadat Strateji Araşdırmalar Mərkəzi (BESA) Azərbaycanın “İbrahim Sazişləri 2.0” formatına qoşulması ilə bağlı yayımladığı təhlildə Bakının tələsməməsinin təsadüfi olmadığını, bunun ölkənin milli maraqlarını qoruyan məqsədyönlü diplomatik xətt olduğunu vurğulayır. Analitiklərin fikrincə, Azərbaycan prosesi diqqətlə izləyir, bölgədə və qlobal miqyasda formalaşan yeni siyasi arxitekturanın tam konturları müəyyənləşdikdən sonra öz addımını atmağı üstün tutur. Bu yanaşma Bakının uzun illərdir həyata keçirdiyi çoxvektorlu və müstəqil xarici siyasətə tam uyğun gəlir.

BESA qeyd edir ki, Azərbaycan üçün rəsmi qoşulma sadəcə niyyət bəyanatı kimi səslənməməlidir. Bu addım Bakının qlobal siyasi çəkisini artıran, ABŞ–İsrail–Azərbaycan xəttində yeni strateji mərhələnin siyasi kulminasiyasına çevrilə biləcək şəkildə zamanlanmalıdır. Mərkəz xatırladır ki, Səudiyyə Ərəbistanı da İbrahim Sazişləri 1.0 mərhələsində məhz belə davranmış, önə BƏƏ və Bəhreyni çəkmiş, özü isə prosesin hazırkı strateji mərhələsində lider mövqeyə yüksəlmişdi. Azərbaycanın indiki davranışı bu modelin uğurlu davamı kimi qiymətləndirilir.

Hazırda Qazaxıstan İbrahim Sazişləri 2.0 çərçivəsinə rəsmi qoşulan ilk ölkə olub. Lakin Bakı bu siyasi yarışda “ilk olmaq” deyil, “ən doğrusu olmaq” prinsipini əsas tutur. Analitiklər bildirirlər ki, bu gecikmə yox, geosiyasi mənzərəni tam görmək və ən sərfəli anda qərar vermək siyasətidir. Azərbaycanın bölgədə artan nüfuzu, enerji təhlükəsizliyində oynadığı rol, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərində mərkəzi mövqeyi Bakıya belə strateji səbr göstərməyə imkan verir.

BESA Mərkəzinin diqqət çəkən digər qeydinə görə, Azərbaycan yeni regional arxitekturada ABŞ–İsrail–Azərbaycan oxunun Şimali-Qərb flangında elə bir rola iddia edir ki, bu, Cənub-Qərb flangında Səudiyyə Ərəbistanına veriləcək strateji funksiyaya bənzəyir. Bu qiymətləndirmə Azərbaycanın Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya üçbucağında dayaq nöqtəsinə çevrilən əsas güc olduğunu göstərir. İsrailli analitiklərin qeyd etdiyi kimi, Bakı artıq regiondakı sadəcə iştirakçı deyil, yeni siyasi və təhlükəsizlik nizamının qurucuları sırasında yer alan aktordur.

Nəticə etibarilə, BESA-nın təhlili Azərbaycanın “strateji səbr” siyasətinin arxasında ciddi hesablamaların dayandığını bir daha təsdiqləyir. Bakı öz addımlarını emosional qərarlarla deyil, milli təhlükəsizlik və qlobal güc balansı baxımından ölçülüb-biçilmiş şəkildə müəyyənləşdirir. Bu isə Azərbaycanın həm regional, həm də qlobal siyasətdə çəkisini artıran, onu sabitlik, enerji və təhlükəsizlik xəttində aparıcı aktora çevirən doğru yanaşmadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR