Avropa Komissiyası ötən ilin noyabrında təkzib etdiyi iddialara baxmayaraq, Avropaya tədarük edilən Azərbaycan qazının mənşəyi ilə bağlı əlavə yoxlama mexanizmləri tətbiq etməyə başlayıb.
Məsələ Fransalı Avropa Parlamentinin üzvü Jan-Pol Qarronun sorğusundan sonra gündəmə gəlib. O, Aİ-nin Rusiyadan alınan qazı Azərbaycan vasitəsilə idxal etməklə sanksiyaları dolandığını iddia edib. Avropa Komissiyası isə əvvəlki cavabında Cənub Qaz Dəhlizinin Rusiya qaz şəbəkəsi ilə texniki əlaqəsinin olmadığını bildirib. Lakin yeni qəbul edilən qaydalara əsasən, Avropa Birliyinə üzv ölkələr və xarici təchizatçılar tədarük olunan qazın Rusiya mənşəli olmadığını sübut etməlidirlər. Bu tələblər xüsusilə Bolqarıstan sərhədində yerləşən Strandja-1–Malkoçlar məntəqəsindən keçən qaz həcmlərinə şamil edilir.
Statistik məlumatlara görə, Azərbaycan qazının əsas hissəsi Avropaya TANAP–TAP marşrutu ilə daxil olur. 2025-ci ildə Avropaya ixrac edilən təxminən 13 milyard kubmetr qazın 12 milyard kubmetri TAP vasitəsilə nəql edilib. Strandja xətti ilə ötürülən həcmlər isə təxminən 1 milyard kubmetr təşkil edib.
Rəsmi məlumatlara əsasən, Azərbaycanın Rusiyadan idxal etdiyi qaz həcmi cüzidir və Avropaya ixracla müqayisə edilə bilməz. Mütəxəssislər bu səbəbdən Azərbaycan qazının Rusiya qazı ilə sistemli şəkildə əvəzlənməsi ehtimalını texniki və iqtisadi baxımdan real hesab etmirlər.
Qeyd edilir ki, Avropa Birliyi bir tərəfdən Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək niyyətini açıqlasa da, digər tərəfdən tərəfdaş ölkəyə qarşı əlavə şübhə mexanizmləri tətbiq edir.

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında gec-tez Avropanın Azərbaycanla əməkdaşlığı qorumağa məcbur olacağını qeyd etdi:
“Avropa İttifaqı üçün Azərbaycanın enerji resursları, xüsusilə də Azərbaycan qazının Avropaya ixracı strateji baxımdan ciddi əhəmiyyət daşıyır. Çünki Avropa uzun illər ərzində qaz məsələsində Rusiyadan yüksək dərəcədə asılı vəziyyətdə olub və bu asılılıq son siyasi proseslər fonunda açıq şəkildə problemə çevrilib. Məhz bu səbəbdən son dövrlər Avropanın Azərbaycanla təmaslarını və enerji sahəsində dialoqunu artırması tamamilə məntiqli görünür.
Ancaq burada diqqət çəkən və suallar doğuran məqamlar da az deyil. Bəzən Avropanın bu məsələdə ikili yanaşma sərgilədiyini görürük. Digər tərəfdən, Azərbaycanın Avropaya satdığı qazın tərkibində Rusiya qazının olub-olmaması ilə bağlı ortaya atılan iddialar və söz-söhbətlər onu göstərir ki, Avropanın siyasi mövqelərinə tam və qeyd-şərtsiz güvənmək hər zaman mümkün olmur. Avropa tez-tez situasiyaya uyğun olaraq fərqli mövqelər nümayiş etdirə bilir.
Bu dəyişkənliyin arxasında isə Avropanın daxili siyasi mexanizmləri və müxtəlif lobbi qruplarının təsiri dayanır. Xüsusilə Ermənistanla bağlı lobbilərin bəzi Avropa paytaxtlarında və qurumlarında təsir imkanlarına malik olması qəbul edilən qərarlara müəyyən qədər yön verə bilir. Bu reallıq nəzərə alınmadan Avropanın davranışlarını yalnız prinsiplər üzərindən izah etmək çətin olar. Bütün bunlara baxmayaraq, əsas məsələ dəyişmir: Avropa Azərbaycan qazına real ehtiyac duyur. Ortaya atılan bəzi iddialar və ziddiyyətli açıqlamalar daha çox situativ və taktiki yanaşmaların məhsuludur. Strateji müstəvidə isə Avropa gec-tez Azərbaycan qazının onun enerji təhlükəsizliyi üçün vacib olduğunu bir daha dərk edəcək və bu əməkdaşlıq xəttini qorumağa məcbur qalacaq”.
Cavanşir ABBASLI
Musavat.com






