Bu gündən etibarən Azərbaycandan Ermənistana ilk dəfə olaraq neft məhsullarının ixracına başlanılıb.
Musavat.com xəbər verir ki, SOCAR tərəfindən istehsal olunan Aİ-95 markalı benzinin 22 vaqondan ibarət ilk partiyası Ermənistan istiqamətində yola salınıb.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı ilə bağlı razılaşma 28 noyabr tarixində Qəbələ şəhərində keçirilən görüş zamanı əldə olunub. Həmin görüşdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryan iştirak ediblər.
Erməni mənbələrinin də təsdiqlədiyi bu məlumat regionda diqqətlə izlənilir. Xüsusilə uzun illər davam edən münaqişədən sonra Azərbaycan istehsalı olan yanacağın Ermənistan bazarına çıxması regional iqtisadi münasibətlər baxımından yeni mərhələ kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, bu ixrac əməliyyatı rəsmi sülh sazişi imzalanmadan belə, Bakı ilə İrəvan arasında praktiki və praqmatik əməkdaşlıq elementlərinin formalaşmağa başladığını göstərir. Bununla belə, prosesin davamlı olub-olmayacağı siyasi proseslərin inkişafından və tərəflər arasında etimad mühitinin dərinləşməsindən asılı olacaq.
Hazırda rəsmi Bakı bu ixracın həcminin artırılması və ya digər enerji məhsullarını əhatə edib-etməyəcəyi ilə bağlı əlavə açıqlama verməyib.
Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, bu qərar Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyinin artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, praktik və ölçülə bilən addımlarla müşayiət olunduğunu göstərir: “Azərbaycan tərəfindən Ermənistana neft məhsullarının ixracına başlanması bir tərəfdən kommersiya xarakteri daşısa da, digər tərəfdən qarşılıqlı etimadın formalaşdırılması baxımından ciddi siyasi məna kəsb edir. Xüsusilə bu prosesin Gürcüstan üzərindən, rəsmi Tiflisin institusional dəstəyi ilə həyata keçirilməsi regionda üçtərəfli funksional əməkdaşlıq modelinin formalaşdığını göstərir. Bu, postmünaqişə dövründə Cənubi Qafqazda iqtisadi rasionalizmin tədricən təhlükəsizlik narahatlıqlarını üstələməyə başladığını nümayiş etdirən mühüm siqnaldır.
Digər tərəfdən, bu addım sülh prosesinin “iqtisadi dividendlər” konsepsiyası üzərindən möhkəmləndirilməsi strategiyasının praktik təzahürüdür. Azərbaycan burada dominant tərəf kimi yalnız siyasi və hərbi üstünlüyünü deyil, eyni zamanda iqtisadi imkanlarını da normallaşma alətinə çevirir. Ermənistan üçün bu ixrac enerji təhlükəsizliyi və bazar sabitliyi baxımından əhəmiyyət daşıdığı halda, Azərbaycan üçün regional təsir və gündəm müəyyənləşdirmə mexanizminin genişlənməsi deməkdir. Uzunmüddətli perspektivdə bu cür addımlar qarşılıqlı asılılıq yaradaraq sülhün reversibilik riskini azalda, regionda yeni iqtisadi inteqrasiya xəttinin əsasını qoya bilər”.
Cavanşir ABBASLI
Musavat.com






