İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ÜTT-yə yarımçıq qalmış üzvlük niyyəti

442 24.06.2026 11:47 Siyasət A A

Otuz ilə yaxın davam edən danışıqlara baxmayaraq, rəsmi Bakı quruma üzv olmadan da beynəlxalq iqtisadi sistemdə fəal iştirak edə bildiyini nümayiş etdirməyə çalışır

Dünya ticarətinin 98 faizi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olan ölkələrin payına düşür. Azərbaycanda bu təşkilata üzv olmaq üçün danışıqlar getsə də, müsbət nəticə əldə edilmədi. Qonşu Ermənistan və Gürcüstan 2003-2004-cü ildən bu təşkilata üzvdür. 

Prezident İlham Əliyev bu ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən panel iclasda çıxışında bildirib ki, Ümumdünya Ticarət Təşkilatı da dağılma mərhələsindədir. “Yeri gəlmişkən, Azərbaycan 30 il ərzində dəvət olunmasına baxmayaraq, Ümumdünya Ticarət Təşkilatına qoşulmayıb. Çünki biz iqtisadi suverenliyimizi, siyasi suverenliyimizi qorumaq istəyirik. Eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər saxlamağa çalışırıq. Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq sənədlərimiz var. Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb” deyə, dövlət başçısı bildirib. Bundan əvvəl də dövlət başçısı Azərbaycanın təşkilata üzvlüyün üstünlüklərini və zəif tərəflərini ciddi araşdırdığını da demişdi.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 166 üzvü var. Azərbaycanın ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilib və 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində İşçi Qrup yaradılıb.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlükdən kənarda qalması təsadüfi deyil, bu daha çox hesablanmış siyasi-iqtisadi seçim təsiri bağışlayır. Formal olaraq proses 30 ilə yaxındır davam etsə də, faktiki olaraq Bakı tələskən inteqrasiyadan çəkinir. Çünki ÜTT üzvlüyü bazarların daha sərbəst açılmasını tələb edir ki, bu da daxili istehsalın qorunması və dövlətin iqtisadi siyasətinə müdaxilə risklərini artırır.

İlham Əliyevin Davosda verdiyi mesajlar göstərir ki, rəsmi Bakı artıq ÜTT-ni əvvəlki kimi cazibədar platforma hesab etmir. Qlobal ticarət sistemində parçalanma, proteksionizmin artması və böyük güclər arasında iqtisadi rəqabətin sərtləşməsi fonunda təşkilatın təsir imkanları da zəifləyib.

Bu kontekstdə Ermənistan və Gürcüstanın ÜTT üzvü olması Azərbaycanın seçimindən daha üstün model kimi görünmür. Əksinə, Azərbaycan daha çevik, ikitərəfli və çoxtərəfli sazişlər üzərindən iqtisadi əlaqələri genişləndirməklə daha sərbəst manevr imkanları əldə edir.

Yekunda demək olar ki, Azərbaycan üçün məsələ ÜTT-yə “qoşulmaq və ya qoşulmamaq”dan çox, milli maraqlara uyğun optimal iqtisadi modelin qorunmasıdır. Mövcud şəraitdə isə rəsmi Bakı bu balansı ÜTT-dən kənarda daha rahat saxladığını düşünür.

Azər Badamovun deportasiyasında diqqətçəkən MƏQAMLAR | Modern.az

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a açıqlamasında bu platformanın əvvəlki illərə nisbətən cəlbedici olmadığını vurğuladı: “Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yarandığı ilk illərdə qlobal ticarətin liberallaşdırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və vahid qaydalar əsasında beynəlxalq iqtisadi münasibətlərin formalaşdırılması baxımından kifayət qədər cəlbedici platforma hesab olunurdu. Lakin son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, ticarət müharibələri, proteksionist meyllərin güclənməsi və böyük dövlətlər arasında iqtisadi rəqabətin sərtləşməsi ÜTT-nin əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Bu gün qlobal iqtisadi münasibətlərdə çoxtərəfli mexanizmlərlə yanaşı, ikitərəfli və regional əməkdaşlıq formatları daha çox ön plana çıxır. Azərbaycanın ÜTT-yə üzvlük məsələsinə yanaşması da məhz milli maraqlar və iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Ölkəmiz uzun illər ərzində təşkilata üzvlüklə bağlı danışıqlar aparsa da, bu prosesə tələsməyib və məsələyə hər zaman praqmatik yanaşıb. Çünki ÜTT-yə üzvlük ölkələrin ticarət siyasətində müəyyən öhdəliklər götürməsini, bazarların daha geniş şəkildə açılmasını və bir sıra sahələrdə dövlət dəstəyi mexanizmlərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Azərbaycan isə iqtisadiyyatın strateji istiqamətlərinin inkişafında müstəqil qərarlar qəbul etmək və milli iqtisadi maraqları qorumaq siyasətini prioritet hesab edir”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan iqtisadi suverenliyin qorunmasına xüsusi önəm verir: “Bu gün ölkəmiz iqtisadi əlaqələrin qurulmasında yalnız bir platformadan və ya bir iqtisadi məkandan asılı qalmağa çalışmır. Əksinə, müxtəlif regionlarla balanslaşdırılmış əməkdaşlıq siyasəti həyata keçirir. Azərbaycanın Avropa İttifaqına üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalaması, Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurması, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirakı bunun bariz nümunəsidir. Müasir dövrdə geosiyasi proseslər getdikcə daha çox geoiqtisadi münasibətlərə təsir göstərir. Böyük iqtisadi güclər bəzən iqtisadi alətlərdən siyasi təsir vasitəsi kimi istifadə edir, müxtəlif məhdudiyyətlər və ticarət maneələri tətbiq edirlər. Bu isə beynəlxalq ticarətdə bərabər rəqabət mühitinin zəifləməsinə və müəyyən hallarda ədalətsiz iqtisadi münasibətlərin formalaşmasına səbəb olur. Azərbaycan isə iqtisadiyyatını bu risklərdən qorumağa, milli maraqlara uyğun iqtisadi model formalaşdırmağa və xarici iqtisadi əlaqələrini qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirməyə çalışır. Azərbaycan ÜTT-yə üzv olmasa da, artıq özünü beynəlxalq iqtisadi sistemin etibarlı tərəfdaşı kimi təsdiqləyib. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən əsas tranzit və istehsal mərkəzlərindən biridir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi, sənaye parklarının yaradılması, kənd təsərrüfatının modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir”.

Milli Məclis təmsilçisi onu da diqqətə çatdırdı ki, bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi beynəlxalq ticarətdə strateji mövqeyə malikdir: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu, Orta dəhliz və digər irimiqyaslı layihələr ölkəmizin qlobal ticarət əlaqələrində rolunu daha da artırır. Bu imkanlar Azərbaycanın ÜTT-yə üzv olmadan da beynəlxalq iqtisadi inteqrasiyada fəal iştirak etməsinə şərait yaradır. Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan üçün əsas məsələ hər hansı təşkilata üzv olmaqdan daha çox milli maraqlara uyğun iqtisadi inkişaf modelinin qorunmasıdır. Mövcud şəraitdə ölkəmiz müstəqil iqtisadi siyasət həyata keçirməklə, iqtisadi suverenliyini qorumaqla və çoxtərəfli yanaşı ikitərəfli əməkdaşlıq formatlarına üstünlük verməklə daha çevik və səmərəli fəaliyyət imkanları əldə edir. Bu siyasət Azərbaycanın rəqabətqabiliyyətli məhsul istehsalını artırmasına, yeni bazarlara çıxmasına və beynəlxalq iqtisadi münasibətlərdə mövqelərini daha da gücləndirməsinə şərait yaradır. Bu baxımdan, Azərbaycanın ÜTT-yə üzvlük məsələsinə ehtiyatlı və ölçülüb-biçilmiş yanaşması ölkənin uzunmüddətli iqtisadi maraqlarının təmin olunmasına xidmət edən strateji seçim kimi qiymətləndirilə bilər”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR