Azərbaycan beynəlxalq reytinqlərdə iqtisadi göstəricilər, təhlükəsizlik, enerji potensialı və bir sıra digər sahələr üzrə tez-tez ön sıralarda göstərilsə də, insanların öz həyatlarından nə dərəcədə məmnun olduqlarını ölçən indekslərdə mənzərə fərqli görünür.
Musavat.com bildirir ki, son açıqlanan “Dünya Xoşbəxtlik Hesabatı”nın nəticələrinə görə, Azərbaycan 147 ölkə arasında 102-ci yerdə qərarlaşıb.
Ermənistan 89-cu, Gürcüstan 91-ci, Türkiyə 94-cü, İran isə 97-ci pillədə yer alıb. Azərbaycanın qonşu ölkələrdən geri qalması cəmiyyətdə maraqlı suallar doğurub.
Məlumata görə bu reytinq bir çoxlarının düşündüyü kimi yalnız gəlir səviyyəsini deyil, insanların həyatlarından razılıq dərəcəsini, sosial dəstək imkanlarını, gələcəyə inamını, sağlam ömür uzunluğunu, cəmiyyət daxilində etimad mühitini və digər amilləri də nəzərə alır. Məhz buna görə də nəticələr təkcə iqtisadi statistika deyil, həm də insanların gündəlik həyat hisslərini və psixoloji vəziyyətini əks etdirən mühüm göstərici kimi qiymətləndirilir.
Bəs Azərbaycanın bu siyahıda qonşularından geri qalmasının əsas səbəbləri nələrdir? İnsanların xoşbəxtlik hissinə təsir edən amillər hansılardır? İqtisadi inkişaf göstəriciləri ilə vətəndaşların həyat məmnuniyyəti arasında niyə fərq yaranır? Bu reytinqlər nə dərəcədə obyektivdir?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloqun sözlərinə görə bu məsələ müxtəlif meyarlar və kriteriyalar əsasında ölçülür: "Dünyada vaxtaşırı belə statistikalar və hesabatlar dərc olunur. Onlardan biri də ən çox müzakirə edilən “xoşbəxt ölkələr” reytinqidir. Adətən bu siyahının ilk sıralarında Finlandiya, Norveç, İsveç, İsveçrə kimi ölkələr yer alır. Burada “xoşbəxtlik” anlayışı əslində insanların öz həyatlarından nə dərəcədə məmnun olmalarını ifadə edir. Yəni, əsas sual budur: “Mən həyatımdan razıyam, yoxsa yox?” Bu isə təkcə iqtisadi göstəricilərlə ölçülən məsələ deyil. Eyni zamanda, milli mədəniyyət, milli xarakter və insanların həyata baxış tərzi ilə də sıx bağlıdır.
Məsələn, iranlı tədqiqatçıların özləri də qeyd edirlər ki, iranlıların həyata münasibəti ruslardan fərqlənir. Ruslar üçün müəyyən qədər sabit həyat şəraiti, evdə yemək-içməyin olması, gündəlik tələbatların ödənilməsi onların həyat məmnunluğunu təmin edə bilir və özlərini xoşbəxt hiss edirlər. Amma iranlılarda vəziyyət bir qədər fərqlidir. Onlar daha çox maddi təminata, maliyyə ehtiyatlarına önəm verirlər. Məsələn, bank hesablarında kifayət qədər vəsaitin olmasını həyat məmnunluğunun vacib şərti hesab edirlər. Ona görə də daha çox narazılıq və giley-güzar müşahidə olunur".
Sosioloq vurğulayıb ki, burada milli xarakter, milli psixologiya və cəmiyyətin formalaşdırdığı dəyərlər mühüm rol oynayır: "Lakin xoşbəxtlik və həyat məmnunluğu yalnız bununla məhdudlaşmır. Burada sağlamlıq amili, səhiyyə xidmətlərinin keyfiyyəti, sosial rifahın səviyyəsi, insanların təhsilə və tibbi xidmətlərə əlçatanlığı kimi faktorlar da böyük rol oynayır. Bütün bu amillər birlikdə qiymətləndirilir və nəticədə ölkələrin reytinqdəki yeri müəyyənləşir. Ona görə də hansı kriteriyaya daha çox üstünlük verilməsindən asılı olaraq nəticələr dəyişə bilir".
Sosioloqun fikrincə, belə statistikalar və beynəlxalq reytinqlərlə bağlı müzakirələrdə “biz neçənci yerdəyik” sualından daha çox başqa bir məqama diqqət yetirilməlidir:
“Məncə, əsas məsələ reytinqdə tutulan yer deyil, real vəziyyətdir. Tutaq ki, Azərbaycan həmin siyahıda 102-ci yox, 50-ci və ya 40-cı yerdə göstərilsin. Bu, avtomatik olaraq o deməkdirmi ki, insanlarımız həqiqətən xoşbəxtdir? Həqiqətənmi cəmiyyət öz həyatından razıdır? Məncə əsas sual budur.
Məsələn, xoşbəxtlik və həyat məmnunluğu indekslərində ilk sıralarda yer alan ölkələrdən biri İsveçrədir. Ancaq eyni zamanda həmin ölkədə intihar halları da kifayət qədər yüksəkdir. Bu fakt özü göstərir ki, məsələyə yalnız bir göstərici ilə yanaşmaq olmaz. Bütün kriteriyalar birlikdə nəzərdən keçirilməlidir. O səbəbə mən hesab edirəm ki, reytinqləri bir kənara qoyub ilk növbədə özümüzə baxmalıyıq.
Ümumiyyətlə, Azərbaycanda da bəzi özəl universitetlər var ki, müxtəlif beynəlxalq reytinqlərdə ölkənin ən yaxşı ali təhsil müəssisələri kimi təqdim olunur. Amma biz həmin universitetlərin daxilində vəziyyətin necə olduğunu da bilirik. Müəllimlərə çox aşağı maaşlar verilir, tədrisin keyfiyyəti ilə bağlı ciddi problemlər mövcuddur. Buna baxmayaraq, həmin universitetlər reytinqlərdə yüksək yerlər tutur. Bəs bunun səbəbi nədir? Məsələn, universitet elmi jurnal yaradır və həmin jurnal vasitəsilə müəyyən göstəricilər toplayır. Hətta həmin məqalələrin böyük hissəsi xarici tədqiqatçılar tərəfindən göndərilir. Nəticədə universitet beynəlxalq reytinqdə irəliləyir. Amma bu, tədrisin keyfiyyətinin yüksək olması anlamına gəlmir. Müəllimlərin maaşı aşağıdırsa, təhsil prosesi lazımi səviyyədə deyilsə, təkcə reytinqdə yüksək yer tutmaq real vəziyyəti dəyişmir”.
Sosioloq bu baxımdan düşünür ki, beynəlxalq reytinqlərə kor-koranə bağlanmaq düzgün deyil: “Əsas məsələ özümüzə qayıdıb real problemlərimizi müəyyənləşdirməkdir. Görəsən bizim hansı çatışmazlıqlarımız var? Hansı sahələrdə geridə qalırıq? Hansı problemləri həll etməliyik? Bu gün Azərbaycan 102-ci yerdədir, Ermənistan, Gürcüstan və bəzi digər qonşu ölkələr isə daha yuxarı pillələrdə qərarlaşıb. Açığı, məncə bizi sırf üç, on və ya on beş pilləlik fərq narahat etməməlidir. Əsas məsələ odur ki, Gürcüstan və ya digər ölkələr hansı problemləri həll edə biliblər, biz isə hələ də həmin problemlərin həlli istiqamətində istədiyimiz nəticəni əldə edə bilməmişik. Məhz bunu araşdırmaq daha faydalıdır.
Əlbəttə, beynəlxalq reytinqlərin hazırlanmasında müəyyən siyasi təsirlərin və ya qərəzli yanaşmaların olması ehtimalı ilə bağlı da müxtəlif fikirlər səsləndirilir. Amma bu müzakirələrdən asılı olmayaraq, reallıq dəyişmir. Azərbaycanda sosial-iqtisadi problemlər varmı? Bəli, var. Səhiyyə sahəsində problemlər varmı? Var. Təhsil sistemində çatışmazlıqlar varmı? Var. Ona görə də diqqətimizi ilk növbədə reytinqlərdəki rəqəmlərə deyil, öz problemlərimizin həllinə yönəltməliyik. Əgər sosial rifahı, təhsili, səhiyyəni və insanların həyat keyfiyyətini yaxşılaşdıra bilsək, həmin reytinqlərdəki mövqeyimiz də zamanla öz-özünə yüksələcək".
Xalidə Gəray,
Musavat.com






