İnsanlara hürriyət, millətlərə istiqlal!

"İşsiz qalacağıq" qorxusu əsassızdır? – İqtisadçıdan İlon Maskın sensasiyalı proqnozlarına CAVAB

694 11.07.2026 13:07 Dünya A A

"Tesla", "SpaceX" və xAI şirkətlərinin rəhbəri İlon Mask deyib ki, bəşəriyyət yaxın onillikdə tarixinin ən böyük iqtisadi və texnoloji transformasiyası ilə üz-üzə qalacaq.

Maskın sözlərinə görə, "əgər III Dünya müharibəsi kimi qlobal fəlakət baş verməzsə, qarşıdakı 10 ildə dünya iqtisadiyyatı ən azı 10 dəfə böyüyəcək".

O iddia edir ki, bu sıçrayışın əsas səbəbi süni intellekt və humanoid robotların sürətli inkişafı olacaq. Milyarder biznesmen bildirir ki, yaxın illərdə "Tesla"nın hazırladığı "Optimus" robotları kütləvi istehsala buraxılacaq və bir müddət sonra onların sayı insanlardan çox olacaq. Mask hətta robotların ən mürəkkəb cərrahi əməliyyatları belə insanlardan daha yüksək dəqiqliklə həyata keçirəcəyini düşünür.

İlon Mask bununla da kifayətlənmir. Onun fikrincə, yaxın 10-20 il ərzində işləmək artıq insanların dolanışıq vasitəsi deyil, şəxsi seçim olacaq. "İş məcburi olmayacaq", - deyən Mask hesab edir ki, istehsalın böyük hissəsini robotlar öz üzərinə götürəcək, bunun nəticəsində malların və xidmətlərin qiyməti kəskin ucuzlaşacaq, hətta pulun bugünkü rolu belə dəyişə bilər.

Bəs bu iddialar nə dərəcədə realdır? Süni intellekt və robotlar doğrudanmı milyonlarla insanın iş yerini əvəz edəcək?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"İlon Maskın bu açıqlamaları ilə, təbii ki, tanışam. Açığı, onun fikirləri məndə maraqlı və bir qədər də qəribə assosiasiyalar yaratdı. Sanki XIX əsrin sonu, XX əsrin əvvəllərində kommunist ideoloqlarının irəli sürdüyü bəzi tezislər yenidən səsləndirilir. O vaxt da insanlara vəd olunurdu ki, gələcəkdə pula ehtiyac qalmayacaq, hamı firavan yaşayacaq, heç kimin heç nəyə ehtiyacı olmayacaq, cəmiyyətdə ədalətli bölgü prinsipi hökm sürəcək və sair. İlon Maskın təsvir etdiyi gələcək modeli müəyyən mənada həmin utopik təsəvvürləri xatırladır.

Əslində isə sənaye inqilablarının bütün mərhələlərində belə narahatlıqlar yaşanıb. Hazırda süni intellektlə bağlı prosesləri artıq dördüncü, hətta bəzilərinin fikrincə beşinci sənaye inqilabının tərkib hissəsi hesab edirlər".

Natiq Cəfərli REAL-ın sədri oldu | Modern.az

İqtisadçı qeyd edib ki, tarixən hər böyük texnoloji sıçrayış zamanı eyni qorxular yenidən gündəmə gəlib:

"Məsələn, XVIII-XIX əsrlərdə buxar maşınları insanların əməyini əvəz etməyə başlayanda Britaniyada və digər Avropa ölkələrində fəhlələr gecələr zavodlara hücum edir, buxar maşınlarını sındırırdılar. Çünki düşünürdülər ki, texnologiya onların iş yerlərini əlindən alacaq. Bəs nəticə necə oldu? Belə olmadı. İnsanlar işsiz qalmadı. Əksinə, yeni texnologiyalar meydana çıxdı, əmək məhsuldarlığı artdı, yeni peşələr yarandı, maaşlar və gəlirlər yüksəldi. Ən azı Qərbi Avropa və ABŞ-də tarix bunu göstərdi.

Eyni proses avtomobil sənayesində də yaşandı. Robotlaşdırma bu sahədə əsasən 1960-cı illərin sonu, 1970-ci illərdə başladı. Bu gün elə avtomobil zavodları var ki, istehsal prosesində insan əməyindən minimum istifadə olunur. Robotlar avtomobilləri qaynaq edir, detalları quraşdırır, montaj işlərini həyata keçirirlər. Yəqin ki, belə görüntüləri hər kəs izləyib. Amma bu, kütləvi işsizliyə səbəb oldumu? Xeyr, olmadı.

Ona görə də mümkündür ki, süni intellekt və informasiya texnologiyalarının sürətli inkişafı iqtisadi formasiyanı dəyişsin. Bu, tarix boyu dəfələrlə baş verib və qorxulu proses deyil. Əksinə, məhsuldarlığın artması müsbət haldır, dünya iqtisadiyyatının böyüməsi də müsbət tendensiyadır".

Natiq Cəfərli vurğulayıb ki, elə fəaliyyət sahələri var ki, orada insanı əvəz etmək mümkün deyil:

"Teatr, opera, balet, idman yarışları, incəsənət, yaradıcılıq və insan ünsiyyəti tələb edən digər sahələr həmişə insan intellektinə və birbaşa iştirakına ehtiyac duyacaq. Bu baxımdan cəmiyyətdə qorxu yaratmaq əvəzinə insanların yeni peşələrə yiyələnməsinə şərait yaratmaq lazımdır. Tarix boyu minlərlə peşə yoxa çıxıb, onların yerində minlərlə yeni peşə yaranıb. İndi də eyni prosesin şahidi oluruq.

Məsələn, XIX əsrdə Avropa şəhərlərində ən geniş yayılmış peşələrdən biri küçə fənərlərini yandıran insanlar idi. Təkcə Britaniyada on minlərlə insan hər axşam küçələrə çıxaraq qaz və ya şamla işləyən fənərləri yandırırdı. Elektrik enerjisi tətbiq olunandan sonra bu peşəyə ehtiyac qalmadı. Bəs həmin insanlar ac qaldılar? Xeyr. Onlar özlərinə başqa peşələr tapdılar.

Yaxud XX əsrdə telefonçu qızlar vardı. İnsanlar telefon stansiyasına zəng edir, operator onları lazımi nömrəyə qoşurdu. Sonradan avtomatik telefon sistemləri, daha sonra isə mobil rabitə yarandı və bu peşə tarixə qovuşdu. Amma həmin insanlar da başqa sahələrdə çalışmağa başladılar.

Eyni vəziyyət liftçilərlə bağlı yaşandı. Liftlər ilk istifadəyə veriləndə hər liftdə xüsusi işçi olurdu. O, insanları mindirir, düşürür, mərtəbələri seçirdi. Bu gün isə bütün bunlar avtomatik həyata keçirilir. Amma həmin insanlar da işsiz qalmadılar, yeni peşələr əldə etdilər.

Bu baxımdan İlon Maskın dediklərində müəyyən həqiqət payı var. Robotlaşma və süni intellekt həqiqətən sürətlə inkişaf edir və bu, iqtisadiyyatda daha çox əlavə dəyərin yaranmasına səbəb olacaq. Lakin bu o demək deyil ki, insanlar tamamilə əmək bazarından sıxışdırılıb çıxarılacaq, evdə oturaraq yalnız müavinətlə yaşayacaq və bütün vaxtını televizor və ya internet qarşısında keçirəcək. Mən belə düşünmürəm.

Amma burada çox maraqlı bir tendensiya da var. Cəmi 20-25 il əvvəl bütün dünyada valideynlərə deyirdilər ki, uşaqlarınızı proqramçı, İT mütəxəssisi edin. Həqiqətən də həmin dövrdə texniki peşələr gələcəyin ən perspektivli sahələri hesab olunurdu və bu, öz nəticəsini verdi. İnformasiya texnologiyaları çox sürətlə inkişaf etdi. Ancaq bu gün paradoks yaranıb. Süni intellekt artıq proqramçıların gördüyü işlərin böyük hissəsini özü yerinə yetirə bilir, proqram yaza bilir. Buna görə də yeni tendensiya formalaşır. Humanitar sahələrə maraq artır. İnsan yaradıcılığına, analitik təfəkkürə, ünsiyyət bacarıqlarına və emosional intellektə əsaslanan peşələrə ehtiyac daha da yüksələcək.

Bəli, dünya dəyişəcək. İnsanların peşə fəaliyyəti dəyişəcək. Minlərlə yeni peşə yaranacaq, minlərlə köhnə peşə tarixə qovuşacaq. Amma insanın ruhu, hissləri, yaradıcılığı və emosiyası robotlarda yoxdur. Elə sahələr var ki, orada insan əməyinə ehtiyac həmişə qalacaq. Bu dəyişməyəcək. Ona görə də bu prosesdən qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İnsanlıq son 300 ildə bu cür transformasiyaları bir neçə dəfə uğurla keçib".

İqtisadçı qeyd edib ki, Azərbaycanın əmək bazarı ilə bağlı vəziyyət isə bir qədər fərqlidir:

"Bizim əmək bazarının strukturu inkişaf etmiş sənaye ölkələrindən xeyli fərqlənir. Neft-qaz sektorunda cəmi 50-60 min nəfər çalışır. Əhalinin böyük hissəsi isə dövlət və büdcə təşkilatlarında işləyir. Bu rəqəm təxminən 800 min nəfərə yaxındır.

İndi sual yaranır: polisi robot əvəz edə bilərmi? Müəllimi tam şəkildə süni intellekt əvəz edə bilərmi? Düzdür, artıq Qərb universitetlərində süni intellekt və holoqram texnologiyaları vasitəsilə mühazirələr keçirilir. Həkimlərin diaqnostika prosesində süni intellektdən istifadə olunur. Gələcəkdə robotların cərrahiyyə əməliyyatları aparması da mümkündür. Amma insan amilini tam əvəz etmək mümkün deyil. Yaşlı insanın həkimlə söhbət etməyə, onun diqqətini və qayğısını hiss etməyə ehtiyacı var. Bunu heç bir robot tam şəkildə əvəz edə bilməz.

Düşünürəm ki, Azərbaycan əmək bazarı hələ bu transformasiyaya tam hazır deyil. Çünki ölkəmizdə istehsal sektorunun payı kifayət qədər aşağıdır. Robotlaşma isə ilk növbədə məhz istehsal sahələrində geniş tətbiq olunur. Bununla belə, biz bu prosesdən kənarda da qala bilmərik. İndidən elə istehsal sahələri formalaşdırmalıyıq ki, süni intellekt və robot texnologiyaları ölkə iqtisadiyyatında əlavə dəyərin yaranmasına xidmət etsin".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR