İyulun 1-də Bakıda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyinə həsr olunmuş rəsmi mərasim keçirilib.
Musavat.com bildirir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Mərasim Azərbaycan və ABŞ dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon çıxış edərək iki ölkə arasında əməkdaşlığın inkişafından, regionda sülh prosesindən və gələcək perspektivlərdən danışıb.
O bildirib ki, Azərbaycan və Ermənistan 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində onilliklər boyu davam edən qarşıdurmadan sonra yeni səhifə açmaq üçün mühüm fürsətdən istifadə ediblər.
Emi Karlonun sözlərinə görə, Prezident Donald Trampın və beynəlxalq ictimaiyyətin şahidliyi ilə keçirilən sammitdə tərəflər gələcəyi qarşıdurma üzərində deyil, əlaqəlilik, əməkdaşlıq və rifah prinsipləri əsasında qurmağa sadiq olduqlarını bəyan ediblər.
Diplomat qeyd edib ki, əldə olunan razılaşmalar region üçün yeni imkanlar yaradıb və bu imkanlar artıq öz nəticələrini göstərməyə başlayır.
O, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) və ABŞ–Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətinə toxunub. Karlon vurğulayıb ki, bu əməkdaşlıq Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, qlobal iqtisadi sistemə daha sıx inteqrasiya olunan, ticarətin genişlənməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə töhfə verən regiona çevrilməsinə xidmət edir.
Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov isə ABŞ-ın dünya tarixində və beynəlxalq münasibətlər sistemində oynadığı rola diqqət çəkib.
O qeyd edib ki, Amerika xalqı son iki əsr yarım ərzində dinindən, irqindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqların təmin olunduğu, azad sahibkarlıq və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan güclü dövlət qurmağa nail olub.
Samir Şərifov bildirib ki, Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasından ötən 34 il ərzində tərəflər arasında ticarət-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya fəaliyyəti və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq uğurla inkişaf edib.
Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycan–ABŞ münasibətləri yüksələn xətt üzrə inkişaf edir və tərəflər arasında formalaşmış strateji tərəfdaşlıq gələcək əməkdaşlıq üçün geniş imkanlar açır.
Rəsmi çıxışların ardından tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.



Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com






