İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda izdiham yaradan Özbəkistan mağazaları: Pambıqdır, yoxsa Çin malı? – REPORTAJ (FOTO)

9835 07.07.2026 18:10 Reportaj A A

Son vaxtlar Bakı, Sumqayıt və paytaxta yaxın ərazilərdə Özbəkistan məhsulları satılan mağazaların sayı artıb. Bu mağazalar əsasən münasib qiymətləri və məhsulların çəki ilə satılması ilə diqqət çəkir. Lakin alıcılar arasında müəyyən şübhələr də var.

Bəziləri iddia edir ki, satışa çıxarılan məhsullar əslində Çin istehsalıdır, sadəcə, Özbəkistan malı adı ilə təqdim olunur. Amma gün ərzində bu mağazalar müştəri sarıdan da korluq çəkmir. Nə zaman getsəniz, alıcı ilə dolu görərsiniz. Musavat.com əməkdaşı olaraq həmin obyektlərdən birinə baş çəkib həm qiymətlər, həm də məhsulların keyfiyyəti ilə maraqlandıq.

İlk baxışdan sadə görünən mağazada həm uşaqlar, həm də böyüklər üçün geyimlər satılır. Burada daha çox gecə geyimləri, yataq dəstləri və müxtəlif ölçülü dəsmallar diqqət çəkir. Satıcıdan iki nəfərlik yataq dəstinin qiymətini soruşuruq. O, dəsti tərəziyə qoyur və qiymətinin 21 manat 50 qəpik olduğunu deyir. Dəstin tərkibinə iki balış üzü, bir yorğan üzü və bir döşək üzü daxildir. Materialı isə qədimdən istifadə olunan çit parçalarını xatırladırdı. yumşaq pambıq təsiri bağışlamırdı.

Daha sonra iki çay dəsmalı seçirik. Satıcı onları da tərəzidə çəkərək qiymətinin cəmi 1 manat olduğunu bildirir. Bu dəsmalların materialı pambıq idi və kifayət qədər yumşaq görünürdü. Uşaq geyimləri də eyni dərəcədə yumşaq idi. Yalnız yataq dəstlərinin materialı o qədər də yumşaq deyildi.

Alıcılardan biri deyir: “Mən buradan alıram, çox xoşuma gəlir, əsl pambıqdır”.

Digər alıcı isə fərqli fikir səsləndirir: “Yataq dəstlərini yuyanda 30 dərəcədən yuxarı temperatur seçməyin. Büzülə bilər, çünki materialı əsl pambıq deyil”.

Satıcı isə bu fikirlə razılaşmır: “Bizim işçilər də bu yataq dəstlərindən alıblar, hamısı razıdır. Yuyulanda da balacalaşmır, narahat olmayın”.

Qeyd edək ki, mağazada bəzi məhsulların üzərində “100 faiz pambıq” qeydi olsa da, bir çoxunun etiketində materialın tərkibi göstərilməyib. Məsələn, baxdığımız yataq dəstlərinin üzərində bu barədə heç bir məlumat yox idi...

Bəs belə mağazalarda satılan məhsulun həqiqətən pambıq olub-olmadığını necə müəyyən etmək olar?

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov sualla bağlı Musavat.com-a belə cavab verib: “Qazaxıstan və Özbəkistanın böyük pambıq istehsalçıları olduğu hamıya məlumdur. Azərbaycandan fərqli olaraq, bu ölkələrdə həm də pambığın emalı müəssisələri, yəni əyirici (sap üçün), toxuculuq və digər fabriklər fəaliyyət göstərir. Nəticədə bazara daha ucuz qiymətə pambıq materialları çıxarılır. Əlbəttə ki, bu növ mallar Azərbaycana Çindən də gətirilə bilər.

İstehlakçılara xüsusilə yataq dəstləri, alt paltarları və uşaq geyimləri alarkən pambıq materiallarına qarşı çox diqqətli olmaq tövsiyə edilir. Parçanın keyfiyyətini yoxlamağın ən yaxşı yolu təkcə etiketə inanmaq deyil, materialdan azca lif çəkib onu yandırmaqdır. Pambıq yandıqda ona xas xüsusi qoxu verir. Yeri gəlmişkən, bu metodla yunu da fərqləndirmək mümkündür, çünki onun da özünəməxsus spesifik qoxusu olur. Bu, yoxlama üçün ən effektiv üsullardan biridir.

Çox təəssüf ki, hazırda sənaye mallarının ekspertizasını aparan normal bir mərkəz yoxdur. Digər tərəfdən, belə ucuz malların tapılması olduqca yaxşı haldır. Mən özüm də bəzən bu cür məhsulları alıram. Onların kiloqramla satılması tamamilə normaldır, yəqin ki, istehsalçıya da bu şəkildə sərf edir. Bu müsbət cəhət olsa da, materialın keyfiyyətindən əmin olmaq üçün lifi çəkib yandırmaq yenə də ən etibarlı yoldur”.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR