Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür. O, yaşasaydı, 55 yaşını qeyd edəcəkdi.
Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov bununla bağlı Musavat.com-a danışıb. O bildirib ki, ötən il Natiq Qasımovun adına xatirə bağının açılışı olub və barelyefi qoyulub. Bu il isə onun oxuduğu məktəbdə büstü qoyulacaq:
“Büstü hazırdır, bayram tətilindən sonra onun açılışı olacaq. Nazir belə məsləhət gördü ki, tətildən sonra açılış olsun ki, hər kəs məktəbdə olsun.
Natiq bizim ürəyimizdə sağalmayan yaradır. O yaraya heç vaxt toxuna bilmirik, toxunan kimi yaramız qanayır. Hətta onun adını ailədə doğulan körpələrə də ürək edib qoya bilmədik. Qardaşımın həyatı elə bir faciə ilə sonlandı ki, bir daha kimsənin onun həyatını yaşamasını istəmədik. Ürəyimizdən keçdi, amma dediyim kimi o yaraya toxuna bilmədik. Ancaq Natiq hamımızın qəlbindədir.

28 ildir ki, Natiqin nə ölüsündən, nə də dirisindən xəbər var. Birinci Qarabağ savaşında itkin düşənlərin ailələrini çox gözəl başa düşürəm. Çox ağır hissdir. Bu faciə bizim ailədən də yan keçməyib. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən üçün şəhid olanların hamısı mənim qardaşlarımdır. Ailəmizin ən kiçiyi çox böyük şücaət göstərdi, 22 Xocalı sakininin xilas edilməsi üçün özünün əsir alınmasına razı oldu”.
N. Qasımov bildirib ki, Natiqin həlak olduğu yer xüsusi abidə kimi qorunub saxlanılmalıdır: “Bunu xalq istəməli, dövlət isə qorumalıdır. Onun həlak olduğu yerin qarşısında abidəsinin qoyulmasını insanlar istəyir. Bu isə dövlətin verəcəyi qərardır. Həmin yer Xocalıya çatmamış, Ağdamın yaxınlığındadır. Çox çətin relyefli bir yerdir. Oraya qalxmaq asan deyil”.
Milli Qəhrəmanın qardaşı bildirib ki, ermənilərin Bakıda aparılan məhkəmələrini izləyir və qardaşının faciəli ölümündə əsas baiskar olan Vitali Balasanyanın da belə mühakimə olunmasını istəyir: “Vitali Balasanyan həbs olunanda biz də məhkəməyə gəlib ona sözümüzü deyəcəyik. Çünki qardaşımın döyüş səhnəsini o təşkil edib və onun ölümü Vitalinin əli ilə olub. Bakıdakı erməni quldurları isə Vitalidən sonra peyda olublar.
Bilirəm ki, prezidentimiz Vitali Balasanyanı da Azərbaycana gətirəcək və tarixi məhkəməyə çıxaracaq. Bu bizim qəlbimizdə böyük arzudur. Vitali həbs olunandan sonra Natiqlə bağlı işlər yenidən açılacaq”.

Qeyd edək ki, Natiq Qasımov Ağdamda Yaqub Rzayevin rəhbərliyi ilə “Qarabağ şahinləri” dəstəsində düşmənə qarşı döyüşüb. O, 1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında alban kilsəsi yerləşən yüksəklik uğrunda özündən başqa 6 əsgər yoldaşı ilə birgə ölüm-dirim savaşı aparıb. Xidmət yoldaşları həlak olduqdan sonra təkbaşına vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. 1992-ci ildə ermənilərin “əgər təslim olmazsan, 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Əgər təslim olsan, onlar azad olunacaq” xəbərdarlığından sonra 22 yaşlı Natiq həmvətənləri öldürülməsin deyə, əlində Azərbaycan bayrağı kilsəni tərk edərək əsir düşməyə razı olub. Beləliklə, o, özünün əsir düşməsi müqabilində düz 28 il bundan öncə – 1992-ci il martın 14-də 22 xocalılını xilas edib. O gündən Natiqin sonrakı taleyi məlum deyil.
Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törədib. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.
Məlum olduğu kimi, Ermənistan tərəfi humanitar hüquq normalarına zidd olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlədib və bu gün də bu qeyri-insani əməlini davam etdirir.
Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib.
Şahanə Rəhimli
Musavat.com






