İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “Şimal-Cənub” layihəsi təhlükədə?

442 22.07.2026 09:00 Siyasət A A

ABŞ-nin bu layihənin mühüm limanı olan Bəndər-Abbası hədəf alması haqlı suallar və narahatlıqlar doğurub

ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları zamanı zərər görən əsas strateji obyektlərdən biri də Bəndər-Abbas limanı olub. İranın ən iri dəniz limanlarından sayılan bu nəqliyyat qovşağı təkcə ölkənin xarici ticarəti üçün deyil, həm də Avrasiya məkanını Hind okeanı ilə birləşdirən beynəlxalq logistika marşrutları baxımından mühüm əhəmiyyət daşıyır.

Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas İranın konteyner daşımalarının böyük hissəsini qəbul edir və ölkənin əsas idxal-ixrac qapısı hesab olunur. Digər strateji liman olan Çabahar Hind okeanına çıxışı təmin etsə də, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas yük axını məhz Bəndər-Abbas üzərindən həyata keçirilir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu Rusiya-Azərbaycan-İran-Fars körfəzi-Hindistan xətti boyunca uzanır. Bu marşrutun əsas logistika mərkəzləri Həştərxan, Mahaçqala, Bakı, Rəşt və Bəndər-Abbas limanlarıdır. Dəhlizin məqsədi Hindistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa arasında yüklərin daşınma müddətini və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmaqdır.

Məhz buna görə də Bəndər-Abbas limanının fəaliyyətində yaranan hər hansı ciddi problem təkcə İranın iqtisadiyyatına deyil, dəhlizdə iştirak edən bütün ölkələrin, o cümlədən Azərbaycanın tranzit imkanlarına təsir göstərə bilər. Son illərdə Bakı “Şimal-Cənub” dəhlizinə milyardlarla manat həcmində investisiya yatırıb, dəmir yolu və liman infrastrukturunu genişləndirib, bu marşrut üzrə yükdaşımaların həcmini artırmağa çalışıb.

Qulamhüseyn Əlibəyli: “Azərbaycan heç kəsə güzəştə getməyəcək”

Qulamhüseyn Əlibəyli

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a dedi ki, Bəndər-Abbas təkcə İranın ən böyük dəniz limanlarından biri deyil. O, Hind okeanını Avrasiya qitəsinin daxili bazarları ilə birləşdirən mühüm logistika qovşağıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas cənub qapısı hesab olunur: “Məhz buna görə Bəndər-Abbas limanı ətrafında yaranmış vəziyyət təkcə fiziki dağıntı kimi deyil, həm də qlobal ticarətə təsir edən psixoloji amil kimi qiymətləndirilməlidir. Bəndər-Abbasın zərər çəkməsi nəticəsində beynəlxalq sığorta şirkətləri İran limanlarını yüksək risk zonası elan edə, gəmiçilik şirkətləri əlavə təhlükəsizlik xərcləri hesablaya, beynəlxalq banklar maliyyələşdirmə şərtlərini sərtləşdirə bilər. Bu da öz növbəsində tam işlək vəziyyətdə olsa belə limanın rəqabət qabiliyyətini zəiflədə bilər”.

Onun sözlərinə görə, Bəndər-Abbasda baş verənlər belə bir məsələni ortaya qoyur ki, qlobal ticarətin gələcəyi artıq yalnız iqtisadi səmərəliliklə müəyyən olunmur: “Ticarət və yükdaşıma marşrutlarının təhlükəsizliyi, siyasi sabitlik və risklərin idarə edilməsi ən azı tariflər və məsafə qədər əhəmiyyətlidir.

Buna görə də əsas məsələ təkcə İranın ən böyük limanlarından birinin taleyi deyil. Əsas məsələ bütövlükdə Avrasiyanın hansı nəqliyyat dəhlizlərinin gələcəkdə “etibarlı”, hansılarının isə “riskli” kimi qəbul ediləcəyidir. Siyasi şərhçinin sözlərinə görə, XXI əsrin geoiqtisadi rəqabətində qalibləri artıq yalnız xəritə yox, etimad müəyyən edəcək. Bu baxımdan “Şimal-Cənub” ilə Orta dəhlizi yalnız rəqib layihələr kimi təqdim etmək düzgün olmaz. Onlar müəyyən hallarda rəqabət aparsalar da, digər hallarda Avrasiyanın təchizat zəncirinin dayanıqlığını artıran tamamlayıcı marşrutlar kimi çıxış edə bilərlər. Məhz bu məntiq son illərdə beynəlxalq logistika strategiyalarında daha çox ön plana çıxır".

Ekspert dedi ki, Azərbaycan bir tərəfdən “Şimal-Cənub” dəhlizinin əsas tranzit halqalarından biri, digər tərəfdən isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhlizin) aparıcı iştirakçısıdır: “Bu, Azərbaycanın geoiqtisadi baxımdan nadir üstünlüyüdür. Yəni Azərbaycan alternativ marşrutlar arasında seçim edən deyil, onların qovşağında yerləşən ölkədir. Ancaq bu üstünlük yalnız coğrafiyadan irəli gəlmir. İnfrastrukturun keyfiyyəti, gömrük prosedurlarının sürəti, rəqəmsal logistika həlləri və siyasi sabitlik də eyni dərəcədə vacibdir. Əgər Azərbaycan bu sahələrdə üstünlüyünü qoruyarsa, regionun əsas tranzit platformalarından biri kimi mövqeyini daha da möhkəmləndirə bilər.

Bundan başqa, İranın cənub limanları ətrafında təhlükəsizlik riski uzun müddət davam edərsə, “Şimal-Cənub” dəhlizinin yenidən planlaşdırılacağı ehtimalı böyükdür. Bu, alternativ İran limanlarının vasitəsilə, Xəzər dənizi üzərindən yükdaşımaların daşımaların artmasına və Güney Qafqaz infrastrukturunun modernləşdirilməsinə təkan verə bilər. Bu halda Azərbaycan sadəcə tranzit ölkəsi deyil, marşrutların təhlükəsizliyini təmin edən geostrateji platforma rolunu daha da gücləndirə bilər. Tarixən imperiyalar dənizlər və yeni ərazilər uğrunda mübarizə aparıblar. XXI əsrdə isə dövlətlər etibarlı logistika uğrunda yarışırlar. Müharibələr təkcə cəbhədə yox, xəritələrdə də aparılır. Bu gün geosiyasi rəqabətin və qarşıdurmanın əsas hədəfləri limanlar, dəmir yolları, konteyner terminalları və nəqliyyat dəhlizləridir. Kim qlobal ticarətin marşrutlarına, limanlara, dəmir yolu qovşaqlarına və təchizat zəncirlərinə nəzarət edirsə, o, iqtisadi və siyasi təsir imkanlarını daha da genişləndirir. Bəndər-Abbasda baş verənlər bu yarışın artıq başladığını və Avrasiyanın yeni iqtisadi xəritəsinin təkcə bazarlarda deyil, geosiyasi risklərin fonunda formalaşdığını göstərir".

Əli Orucov: Ukrayna məsələsində Qərbin mövqeyi həlledici olaraq qalır

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov dedi ki, Bəndər Abbas limanını  bombalanması təsadüfi deyil: “Burada İranın neft-qaz ehtiyatlarının və müəssisələrinin böyük hissəsi yerləşir. Dünya ilə bağlantıların da böyük hissəsi bu bölgələrlə həyata keçirilir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi bir növ Orta dəhlizə alternativ olaraq da qəbul edilirdi. Bu layihə daha çox Rusiya- İran tandeminin, həmçinin Hindistanın maraqlarını əks etdirir. ABŞ üçün isə Orta dəhliz var. Doğrudur, hər iki nəqliyyat dəhlizləri Azərbaycanın üzərindən keçməklə ölkəni nəqliyyat qovşağına çevirir və hər ikisi də əhəmiyyətlidir. Bakı "Şimal-Cənub" Nəqliyyat Dəhlizinə yatırımlar edib, dəmiryol xəttini yeniləyib, Bakı limanının genişləndirməklə yükqəbuletmə həcmini artırıb. Bu işlər davam etməkdədir. Bəndər Abbas limanının zərər görməsinin Azərbaycanın daşımalarına də təsiri olacaq. Çünki loqistika  xəttini yenidən bərpa etməyə xeyli zaman lazım olacaq. Çahabar limanı yeni inşa edilir və Bəndər Abbası əvəzləyə bilməz. Bu limanın yük tutumu və infrastrukturu da böyük həcmli yüklərin qəbul edilməsinə tam hazır deyil. Bu liman İranın yeganə okean limanı Oman körfəzi və Hind okeanı sahillərində yerləşməsinə baxmayaraq buradakı etnik və məzhəb tərkibi və ərəb ölkələrinin dəstəyi ilə davamlı separatçı hadisələrin baş verməsi müəyyən problemlər yaradır. Candulla terror təşkilatının  yaratdığı risklər də diqqətdən qaçmır. Bununla belə, qeyd etməliyəm ki Azərbaycanın beynəlxalq nəqliyyat qovşağında yerləşməsi və nəqliyyat şaxələndirilməsi "Şimal-Cənub" nəqliyyat dəhlizi üzərində baş verənlərdən ciddi şəkildə təsirləndirməyəcək. Bakı alternativlərdən istifadə edəcək”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR