İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Zəngəzurda siyasi bazarlığı

604 22.07.2026 08:45 Siyasət A A

Fransanın Qafqaz planları ilə bağlı sensasion açıqlamalar

Fransa son illərdə Ermənistanın Zəngəzur (Sünik)   vilayətində iqtisadi, humanitar və institusional iştirakını əhəmiyyətli dərəcədə genişləndirib. Minval.az yazır ki, Fransanın İnkişaf Agentliyi (AFD) bölgədə suvarma sistemlərinin yenilənməsi, kənd təsərrüfatının inkişafı və yerli icmaların dəstəklənməsi üzrə proqramlar həyata keçirir. Fransa həmçinin Avropa İttifaqının “Dayanıqlı Sünik” proqramı çərçivəsində kiçik və orta biznesin, infrastrukturun və turizmin inkişafına maliyyə dəstəyi göstərir.

Bununla yanaşı, Qacaran şəhərində fransızdilli mərkəz yaradılıb, Gorusda isə Fransanın fəxri konsulluğu fəaliyyətə başlayıb. Bu addımlar Parisin bölgədə uzunmüddətli institusional iştirakını gücləndirməsi kimi qiymətləndirilir.

Fransanın mülki layihələri Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi fonunda həyata keçirilir. Paris son illərdə İrəvana radar sistemləri, “Bastion” zirehli texnikası və digər hərbi avadanlıqlar tədarük edib. Bununla belə, Sünikdə Fransa silahlarının və ya hərbi qüvvələrinin daimi yerləşdirilməsinə dair təsdiqlənmiş məlumat yoxdur.

Elçin Mirzəbəyli: Azərbaycanın qazandığı Zəfərin diktə etdiyi şərtlər,  yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək - AZƏRTAC

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son illərdə Fransanın Ermənistanın Sünik vilayətində artan fəallığı Cənubi Qafqazla bağlı müzakirələrdə ən çox diqqət çəkən mövzulardan birinə çevrilib. E.Mirzəbəyli əlavə etdi ki, proseslərə daha geniş geosiyasi müstəvidə baxdıqda, ortaya tamamilə fərqli mənzərə çıxır: “Əslində son illərdə Fransa amilinin təsiri müəyyən hallarda olduğundan daha böyük təqdim edilir və bu da regionda baş verən daha fundamental dəyişikliklərin kölgədə qalmasına səbəb olur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün Zəngəzur istiqamətində gedən proseslər nə Fransanın siyasəti ilə başlayır, nə də Fransanın siyasəti ilə yekunlaşır. Əksinə, Paris, ən yaxşı halda daha çox qlobal geosiyasi transformasiyanın yaratdığı imkanlardan istifadə etməyə çalışan aktorlardan biridir”.

Deputat vurğuladı ki, XXI əsrin ikinci rübünə doğru dünya siyasətinin əsas mübarizə istiqamətlərindən biri Avrasiya məkanında yeni nəqliyyat və ticarət marşrutlarının formalaşdırılmasıdır. E.Mirzəbəyli hesab edir ki, məhz bu reallıq fonunda Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsi meydana çıxır: “Bu, artıq yalnız Azərbaycan-Ermənistan münasibətlərinin elementi deyil. Söhbət Avrasiyanın yeni iqtisadi xəritəsinin mühüm hissəsindən gedir. Bu səbəbdən də prosesə təsir göstərən əsas gücləri müəyyənləşdirərkən qüvvələr nisbətinə obyektiv yanaşmaq lazımdır. Burada əsas oyunçular sırasında ilk növbədə ABŞ, Azərbaycan, Türkiyə və Ermənistan dayanır. Kommunikasiyaların açılıb-açılmayacağı, hansı rejimdə fəaliyyət göstərəcəyi və beynəlxalq logistika sisteminə necə inteqrasiya olunacağı məhz bu aktorların qəbul etdiyi qərarlardan asılıdır”.

Deputat əlavə etdi ki, digər ölkələrdən fərqli olaraq, Fransa daha çox yaranmış prosesə təsir göstərməyə çalışan kənar oyunçulardan biridir: “Əslində Parisin fəallığı müəyyən mənada Rusiyanın bölgədə zəifləyən mövqelərinin yaratdığı boşluğun nəticəsidir. Uzun illər Ermənistanın əsas təhlükəsizlik təminatçısı rolunda çıxış edən Moskvanın imkanlarının məhdudlaşması İrəvanı yeni tərəfdaşlar axtarmağa vadar edib. Fransa da bu boşluğu doldurmağa çalışan əsas Qərb ölkələrindən biridir. Lakin Fransa Avropa İttifaqının yeganə güc mərkəzi deyil. Almaniya faktoru burada xüsusi əhəmiyyət kəsb edir. Avropanın aparıcı iqtisadi gücü olan Almaniya Cənubi Qafqaza daha çox iqtisadi və enerji təhlükəsizliyi prizmasından yanaşır. Son illərdə Azərbaycanla Almaniya arasında inkişaf edən siyasi və iqtisadi əlaqələr, yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri və logistika layihələrinə artan maraq Berlinin regiona münasibətdə daha praqmatik mövqe tutduğunu göstərir. Bundan əlavə, Azərbaycanın Avropa İttifaqı daxilində tərəfdaşlarının sayı da durmadan artır. İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan, Xorvatiya, Slovakiya və digər ölkələrlə formalaşan strateji əməkdaşlıq münasibətləri Bakının Avropa siyasi məkanındakı manevr imkanlarını genişləndirir. Bu səbəbdən Fransa mövqeyini bütövlükdə Avropanın mövqeyi kimi təqdim etmək mümkün deyil”.

Milli Məclis üzvü qeyd etdi ki, digər tərəfdən, son dövrlərdə ABŞ-nin regiona yanaşması da xüsusi diqqət tələb edir: “Vaşinqton üçün əsas məsələ Ermənistanın və ya Fransanın maraqları deyil. ABŞ Avrasiyanın yeni nəqliyyat sisteminin formalaşmasında maraqlıdır. Rusiyadan yan keçən, Çin asılılığını azaldan, Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutların inkişafı ABŞ-nin uzunmüddətli strateji maraqları ilə üst-üstə düşür. Məhz buna görə də Vaşinqtonun yanaşması Parisin yanaşmasından fərqlənir. Fransa müəyyən hallarda Ermənistanın mövqelərinin gücləndirilməsinə fokuslanırsa, ABŞ üçün əsas prioritet regionun iqtisadi inteqrasiyası və kommunikasiyaların açılmasıdır. Bu mənada Zəngəzur istiqamətində əlaqələrin bərpası daha geniş geoiqtisadi layihələrin tərkib hissəsi kimi qiymətləndirilir”.

E.Mirzəbəyli xüsusilə vurğuladı ki, bu kontekstdə Türkiyənin rolu ayrıca qeyd edilməlidir: “Ankara son illərdə təkcə regional deyil, qlobal nəqliyyat və enerji layihələrinin aparıcı iştirakçılarından birinə çevrilib. Türk Dövlətləri Təşkilatının güclənməsi, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi və Orta dəhlizin inkişafı Türkiyəni Avrasiyanın əsas bağlantı mərkəzlərindən birinə çevirir. Zəngəzur istiqamətində kommunikasiyaların açılması Türkiyənin Mərkəzi Asiya ilə birbaşa quru bağlantısını gücləndirəcək və bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına əlavə təkan verəcək. Bu baxımdan Azərbaycanın və Türkiyənin mövqeyi təkcə ikitərəfli maraqlardan qaynaqlanmır. Söhbət daha geniş regional inteqrasiya modelindən, Avrasiyanın yeni logistika sistemindən və qlobal ticarət marşrutlarının yenidən formalaşdırılmasından gedir”.

Deputatın sözlərinə görə, bütün bunların fonunda Fransanın Sünikdəki fəallığını regionun taleyini müəyyənləşdirəcək əsas amil kimi təqdim etmək reallığı əks etdirmir: “Paris müəyyən təsir imkanlarına malikdir, lakin nə geoiqtisadi potensialı, nə regional dayaqları, nə də strateji imkanları baxımından prosesin istiqamətverici qüvvəsi deyil. Üstəlik, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkisi də əlavə qeyri-müəyyənlik yaradır. Makronun yenidən namizəd olmaq imkanı yoxdur və hazırkı siyasi tendensiyalar onun siyasi düşərgəsinin hakimiyyətdə qalacağını təmin etmir. Bu isə post-Makron dövründə Fransanın xarici siyasət prioritetlərinin dəyişməsi ehtimalını artırır”.

E.Mirzəbəylinin sözlərinə görə, nəticə etibarilə, Sünikdə baş verən proseslərə yalnız Fransa-Ermənistan əməkdaşlığı prizmasından baxmaq düzgün olmazdı: “Əsas geosiyasi dinamika daha geniş miqyasda formalaşır. Bu dinamikanın mərkəzində isə Azərbaycanın artan geostrateji rolu, Türkiyənin yüksələn hərbi-siyasi gücü, ABŞ-nin Avrasiya kommunikasiyalarına marağı, Almaniya və digər Avropa dövlətlərinin praqmatik yanaşmaları, eləcə də Orta dəhlizin qlobal iqtisadi sistemdə artan əhəmiyyəti dayanır. Bu gün Fransa Sünikdə mövqe qazanmağa çalışır. Lakin regionun gələcəyini müəyyənləşdirəcək əsas sual Parisin nə qədər fəal olması deyil. Əsas sual ondan ibarətdir ki, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsində Azərbaycanın və Türkiyənin formalaşdırdığı strateji platforma hansı sürətlə inkişaf edəcək və qlobal güclər bu reallığa necə uyğunlaşacaqlar”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR