İnsanlara hürriyət, millətlərə istiqlal!

Barajlar boşaldı, xalq dua meydanında: İranın su faciəsi kritik həddə çatdı

1492 15.11.2025 22:30 Region A A

İran quraqlığın ən ağır mərhələlərindən birini yaşayır. Su anbarları boşalır, yeraltı ehtiyatlar tükənir, paytaxtda gecə su kəsintiləri adi hala çevrilir. Təh­randa yüzlərlə insanın Emamzadeh Saleh Məscidinə toplaşaraq gözyaşları içində yağış üçün dua etməsi isə bu böhranın həm psixoloji, həm sosial, həm də siyasi miqyasını açıq şəkildə göstərir.

Bu mənzərə sadəcə bir dini ritualla məhdudlaşmır ölkənin su gələcəyinə dair dərin narahatlıq, cəmiyyətin ümidsizliyi və dövlət idarəçiliyinə inamın sarsılması anlamına gəlir.

İran uzun illərdir quraqlıqla üzləşir, amma hazırkı vəziyyət əvvəlkilərdən daha ağırdır. Mütəxəssislər bildirir ki, ölkə ən azı altı il ardıcıl olaraq yağış azlığı yaşayır, temperatur yüksəlir, qış yağıntıları zəifləyir, qar örtüyü əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə azalır. Bu, çayların illik axımını minimuma endirir və xüsusilə Təh­ranı qidalandıran Lar, Latyan və Amirkabir su anbarlarında səviyyə tarixi həddə yaxınlaşıb. Yeraltı suların həddindən artıq istifadəsi nəticəsində bəzi şəhərlərdə torpaq çökməsi 30–40 sm-ə çatıb - bu, təkcə su qıtlığının deyil, ekoloji fəlakətin xəbərçisidir.

Tarixi baxımdan İran quraqlığa yad deyil. 1998–2001-ci illərin böhranı ölkə üzrə ciddi təsirlər yaratmış, kənd təsərrüfatı çökmüş, minlərlə kənd boşalmışdı. Xuzestanda, Sistan-Bəluçistanda və İsfahanda su böhranı o qədər dərinləşmişdi ki, hökumət içməli suyu tankerlərlə daşımağa başlamışdı. Daha sonra 2007-ci il quraqlığı, 2010-cu il su böhranı və 2013–2014-cü illərin yağışsız dövrləri ölkənin su ehtiyatlarını sistemli şəkildə zəiflətdi. 2018-ci ildə isə vəziyyət sosial partlayış yaratdı - Xuzestan şəhərlərində “su etirazları” baş verdi, İsfahan fermerləri Zayəndərud çayının qurumasına görə aylarla aksiyalar keçirdi. Bu, su probleminin artıq sadəcə ekoloji deyil, milli təhlükəsizlik məsələsinə çevrildiyini göstərirdi.

Amma bu dəfə vəziyyəti daha təhlükəli edən bir məqam var: su böhranının iqlim dəyişiklikləri ilə yanaşı dövlətin idarəetmə səhvləri nəticəsində dərinləşməsi. İranın su siyasəti uzun illər boyu “maksimum hasilat, minimum qənaət” prinsipi üzərində qurulub. Kənd təsərrüfatında suvarma sistemləri 50 il əvvəlki səviyyədədir, damcı suvarma və su qənaəti texnologiyaları geniş tətbiq olunmur. Sənaye obyektləri qanunsuz artezian quyuları ilə su çəkir, bələdiyyələrdə su itkiləri 25–30 faizə çatır, su təmizləmə və təkrar istifadə sistemi demək olar ki, yoxdur. Ən kritik su hövzələrindən biri olan Urmiya gölünün quruması da bu idarəçilik xaosunun nəticəsi idi və hələ də tam bərpa olunmayıb.

Bu səbəbdən yağış duasına çıxan yüzlərlə insanın mənzərəsi əslində bir su böhranının xalq dilindəki izahıdır. İnsanlar dövlətin texniki, strateji və siyasi səviyyədə problemi həll edə bilmədiyinə inanmadıqları üçün ümidlərini göyə yönəldirlər. Əgər su anbarlarının səviyyəsi bu templə düşməyə davam etsə, yalnız Təh­randa deyil, İranın 20-dən çox əyalətində məcburi su normalaşdırılması, gecə və gündüz kəsintiləri, hətta paylanmış su təchizatı sisteminin tətbiqi qaçılmaz olacaq.

Böhran yalnız daxili siyasətə təsir etmir - İranın regiondakı davranışında da dəyişiklik yarada bilər. Kənd təsərrüfatı zəiflədikcə ərzaq idxalından asılılıq artır, iqtisadi durğunluq dərinləşir, sosial narazılıqlar böyüyür. Xüsusilə Xuzestan kimi etnik həssas bölgələrdə su çatışmazlığı siyasi gərginliyi artırır - İranın təhlükəsizlik orqanları illərdir ən çox etirazın məhz su üzərində baş verdiyini gizlətmir. Bu vəziyyət uzunmüddətli planlamanın yoxluğu ilə birləşdikdə ölkədə yeni etiraz dalğasının yaranması ehtimalını gücləndirir.

İranın bugünkü quraqlıq böhranı bir təbii hadisə kimi təqdim olunsa da, əslində onilliklərdir davam edən səhv su siyasətinin, infrastruktur köhnəliyinin, hüquqi nəzarətin zəifliyinin və iqlim dəyişikliyinə uyğunlaşa bilməməyin nəticəsidir. Yağış duası insanların dini-ruhani reallığının bir hissəsi ola bilər, amma böhranı həll etmək üçün dua kifayət etmir. İranın qarşısında yalnız bir yol var: su idarəetməsində sistemli islahatlar, müasir texnologiyaların tətbiqi və su ehtiyatlarının bərpasına yönəlmiş real strateji addımlar. Əks halda, fazası kəskinləşən bu böhran yaxın illərdə İranın ən ciddi siyasi, sosial və iqtisadi təhdidinə çevriləcək.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR