İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil bazarında qiymət artımının əsas səbəbləri nələrdir? - Əmlak ekspertindən AÇIQLAMA

398 04.06.2026 12:21 Ölkə A A

Mənzil bazarında qiymət artımı davam edir və bu vəziyyət xüsusilə paytaxtda daha qabarıq hiss olunur. Ekspertlərin fikrincə, tikinti xərclərinin yüksəlməsi, inflyasiya və mənzilə olan tələbatın artması bazarda bahalaşmanı sürətləndirən əsas amillərdəndir. Yeni tikililərin sayı artsa da, satış qiymətlərində ciddi enmə müşahidə edilmir. Mütəxəssislər hesab edirlər ki, kredit şərtləri və əhalinin gəlir səviyyəsi də bazardakı vəziyyətə birbaşa təsir göstərir. Mənzil bazarında qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Musavat.com xəbər verir ki, bu barədə Medianews-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, mənzil bazarında bahalaşmanın konkret səbəbləri və müəyyən tarixçəsi var.

Onun sözlərinə görə, bu proses birbaşa tikinti şirkətlərinin fəaliyyəti ilə bağlıdır və bazarda yaranmış vəziyyətə əsasən həmin şirkətlər səbəb olub.

Ekspert qeyd edib ki, 2019-cu ildən etibarən tikinti şirkətlərinə tətbiq olunan sərt inşaat normativləri, tikintiyə verilən icazələrin azalması və vergi tələblərinin sərtləşdirilməsi şirkətlər tərəfindən birmənalı qarşılanmayıb:

“Tikinti şirkətləri başa düşdülər ki, bundan sonra bazarda icazələrin sayı məhdudlaşdırılacaq. Eyni zamanda tikinti və şəhərsalma normativləri, eləcə də vergi qaydaları sərtləşdirilir. Buna görə də onlar vəziyyətdən istifadə edərək süni qiymət artımına yol verdilər. Bu proses bu gün də davam edir”.

E.Azadovun sözlərinə görə, 2016-cı illə 2026-cı ili müqayisə etdikdə inşaat həcmi təxminən 8-10 dəfə azalıb:

“Bu, olduqca ciddi rəqəmdir. Müstəqillik dövründən bu günə qədər Azərbaycan inşaat bazarında nə bu qədər qiymət artımı, nə də tikinti şirkətlərinə qarşı belə sərt yanaşma olmuşdu. Şirkətlər də bundan istifadə etdilər. Rəqabətin azalması fonunda onların əlində olan mənzillər bazar qiymətindən 15-20 faiz baha satışa çıxarıldı. Tələb-təklif balansı pozulduğuna görə isə həmin mənzillər yenə də satılırdı”.

Ekspert vurğulayıb ki, hazırda da bu tendensiya davam edir və bazarda rəqabət ciddi şəkildə zəifləyib:

“Müxtəlif ekspertlərin fərqli fikirləri ola bilər. Amma reallıq budur ki, bazarda rəqabətin azalması və sərt şərtlərin tətbiqi qiymət artımına birbaşa təsir edib. Yeni tikinti layihələrinin sayı da əvvəlki illərlə müqayisədə çox azdır. Məsələn, 2016-2017-ci illərdə birdən-birə yüzə yaxın tikinti şirkəti bazara daxil olmuşdu. Hazırda isə cəmi 5-6 şirkət yeni layihəyə başlayır. Bazarda balans pozulub və bu problem illərdir davam edir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR