Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad edib. Onun yerinə hazırda Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinə komandanlıq edən Mixail Drapatı təyin olunacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenski Sırskinin Ukraynanın müdafiəsində oynadığı rolu yüksək qiymətləndirərək onun Kiyevin müdafiəsi, Xarkov hücum əməliyyatı və Kursk əməliyyatındakı xidmətlərini xüsusi qeyd edib.
“Fakt budur ki, Aleksandr Sırski Kiyevin müdafiəsində, Xarkov hücum əməliyyatında və Kursk əməliyyatında Ukraynanın uğurlarını təmin edib. Böyük bir yol keçilib, Ukraynanın müdafiəsi davam edir və hər bir döyüşçüyə layiqli münasibət göstərilməlidir. Ukraynanın cəbhədə güclü mövqelərinin təmin edilməsinə görə Aleksandr Sırskiyə və hər bir döyüşçümüzə minnətdaram”, – Zelenski bildirib.
Ukrayna prezidenti yeni baş komandan Mixail Drapatının orduya yanaşmasını yüksək qiymətləndirdiyini də vurğulayıb.
“Məhz belə yanaşmasına görə Mixail Drapatıya minnətdaram. Bu gün Aleksandr Sırski və Andrey Qnatovla onların gələcək xidmət formatlarını və işlərin düzgün şəkildə təhvil verilməsini müzakirə etdik”, – Zelenski deyib.
Prezident, həmçinin keçmiş müdafiə naziri Mixail Fedorova “dövlətimizin texnoloji komponentlərini birləşdirməyə imkan verəcək hakimiyyət daxilində bir vəzifə” təklif etdiyini açıqlayıb. Lakin söhbətin konkret hansı vəzifədən getdiyini bildirməyib.
Sırskinin istefası Ukraynada son bir neçə gündə keçirilən kütləvi etirazların fonunda baş verib. Etirazlar Mixail Fedorovun müdafiə naziri vəzifəsindən getməsi və onun Sırski ilə münaqişəsi fonunda başlamışdı.
Aksiyaların iştirakçıları Zelenskidən Fedorovun müdafiə naziri vəzifəsinə qaytarılmasını və Sırskinin baş komandan postundan uzaqlaşdırılmasını tələb edirdilər.
Fedorovun istefasından sonra isə Ukraynanın müdafiə naziri vəzifəsinə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Yevgeni Xmara təyin olunub.
Musavat.com






