"Prezident İlham Əliyevin Berlinə səfəri çərçivəsində Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mers ilə keçirilən görüşlər sadə diplomatik protokoldan çox daha dərin məna daşıyır. Bu görüşlər zamanı imzalanan sənədlər və səsləndirilən fikirlər Azərbaycan-Almaniya münasibətlərinin yeni, strateji mərhələyə keçidini rəsmiləşdirib".
Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib. O diqqətə çatdırıb ki, görüşün ən mühüm nəticələrindən biri iki ölkə arasında Strateji Tərəfdaşlıq Gündəliyi üzrə Birgə Bəyannamənin imzalanması oldu: "Bu addım münasibətlərin artıq adi əməkdaşlıqdan uzunmüddətli, institusional çərçivəyə keçdiyini göstərir. Kansler Mers imzalanan iki birgə bəyannaməni əməkdaşlığın gələcək inkişafı yolunda mühüm addım kimi qiymətləndirib və kiçik-orta sahibkarlıq üçün əlverişli hüquqi-iqtisadi mühitin yaradılmasının vacibliyini vurğulayıb. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət ayırıb. Bu vurğu təsadüfi deyil. Almaniya, Rusiya enerji resurslarından asılılığını azaltma strategiyası çərçivəsində, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılmasını artıq rəsmi səviyyədə strateji prioritet kimi tanıyır. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropanın enerji diversifikasiyası siyasətinin tərkib hissəsidir".

Milli Məclis üzvünün fikrincə, Staynmayerin Azərbaycan və Almaniyanı dünyada və regionda cərəyan edən qeyri-sabit hadisələr fonunda "sabitlik adaları" kimi xarakterizə etməsi diqqətəlayiqdir: "Yaxın Şərqdə davam edən gərginlik, Ukrayna müharibəsi və digər regional böhranların kölgəsində bu ifadə hər iki ölkənin özünü etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş kimi təqdim etmə cəhdi kimi oxuna bilər. Bu cür mesajlar həm investisiya mühitinin cəlbediciliyini artırmaq, həm də beynəlxalq arenada etimad qazanmaq baxımından əhəmiyyətlidir. Ştaynmayer Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlərə görə Prezident Əliyevi təbrik edib. Bundan əlavə, Prezident Əliyev Azərbaycandan Ermənistana göndərilən neft-qaz məhsullarının bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd edib. Bu fikir mühüm siqnaldır. Regional barışıq prosesi artıq təkcə siyasi danışıqlar müstəvisində deyil, həm də praktiki iqtisadi əməkdaşlıq vasitəsilə dəstəklənir. Almaniyanın bu prosesə diqqəti Avropanın Cənubi Qafqazdakı sabitliyə strateji marağını əks etdirir".
Parlamentari onu da diqqətə çatdırıb ki, Prezident Əliyev Azərbaycan-Almaniya əməkdaşlığının konnektivlik və tranzit imkanları baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Bu, Zəngəzur dəhlizi və Orta Dəhlizin Şərq-Qərb əlaqələrində getdikcə artan rolunun kontekstində oxunmalıdır. Azərbaycan özünü yalnız enerji tədarükçüsü deyil, həm də Avrasiya məkanında əvəzsiz nəqliyyat-logistika qovşağı kimi mövqeləndirir. Berlin görüşü göstərir ki, Almaniya üçün Azərbaycan enerji təhlükəsizliyi, konnektivlik və regional sabitlik baxımından strateji tərəfdaşa çevrilib.
Azərbaycan üçün bu görüş Qərblə əlaqələrin dərinləşdirilməsi, iqtisadi diversifikasiya və sülh prosesindəki roluna beynəlxalq dəstəyin artırılması deməkdir.
Regional müstəvidə Azərbaycan-Ermənistan sülh prosesi artıq iqtisadi əməkdaşlıqla möhkəmləndirilən reallığa çevrilir. Qlobal müstəvidə isə qeyri-sabit beynəlxalq mühitdə "sabit tərəfdaş" imicinin formalaşdırılması hər iki dövlətin xarici siyasət prioritetlərindən birinə çevrilib. Prezident Əliyevin Kansler Mertsi Azərbaycana səfərə dəvət etməsi isə bu tərəfdaşlığın davamlılığına işarə olan simvolik addımdır".
Cavanşir Abbaslı
Musavat.com






