İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın parolları FTX-nin əlinə keçə bilərmi? – Rus izi üzə çıxdı

419 21.07.2026 23:02 Dünya A A

Avropada dövlət qurumları, universitetlər və şirkətlər tərəfindən istifadə edilən “Passwork Europe” parol idarəetmə xidmətinin Rusiyada FTX tərəfindən sertifikatlaşdırılmış şirkətlə əlaqəli olduğu üzə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) apardığı araşdırmada bildirilir.

Araşdırmaya görə, “Passwork” proqramı əvvəlcə Rusiyanın Arxangelsk şəhərindən olan İlya Qarax və Andrey Pyankov tərəfindən hazırlanıb. Ukraynada genişmiqyaslı müharibənin başlanmasından sonra onlar şirkətdəki paylarını finlandiyalı sahibkar Pekka Vilyakaynenə satıblar.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərində proqramın yaradıcıları ilə əlaqəli “Passwork FZ-LLC” şirkəti qeydiyyatdan keçirilib. 2024-cü ildə isə proqram təminatının hüquqları İspaniyanın “Passwork Europe” şirkəti tərəfindən alınıb.

Lakin OCCRP müəyyən edib ki, sövdələşmədən iki il əvvəl Qarax və Pyankov Rusiyada “Passwork” adlı ayrıca şirkət qeydiyyatdan keçiriblər. Araşdırmaya görə, həmin şirkətin müştəriləri arasında “Qazprom Neft”, eləcə də Qərb sanksiyaları altında olan Rusiya hərbi-sənaye kompleksinin müəssisələri var.

Jurnalistlərin araşdırması zamanı Rusiya və Avropa üçün nəzərdə tutulan “Passwork” xidmətlərinin saytlarının demək olar ki, eyni olduğu, istifadəçi sənədlərinin üst-üstə düşdüyü müəyyən edilib. Mütəxəssislər hər iki proqramda ortaq ilkin kod bazasının olduğunu da aşkarlayıblar.

OCCRP-nin məlumatına görə, Rusiyadakı “Passwork” şirkəti FTX və Federal Texniki və İxrac Nəzarəti Xidmətinin (FSTEK) sertifikatlarını əldə edib.

Belə sertifikatlaşdırmadan keçmək üçün şirkətlər proqram təminatının tam mənbə kodunu müvafiq quruma təqdim etməlidirlər. Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, bu, Rusiya hakimiyyətinə proqramın arxitekturası və mümkün zəif nöqtələri haqqında məlumat əldə etmək imkanı yarada bilər. Rusiya və Avropa versiyalarının ortaq kod bazasına malik olması isə məsələni daha həssas edir.

Araşdırma zamanı məlum olub ki, Avropada təxminən 30 təşkilat “Passwork Europe” xidmətindən onun Rusiya ilə əlaqələrindən xəbərsiz istifadə edib.

Onların arasında İrlandiyanın dövlət qurumları, Almaniyanın poçt xidməti və universitetləri, həmçinin Brüssel regional hakimiyyət orqanları ilə işləyən İT şirkəti də var.

Beləliklə, OCCRP-nin araşdırması Avropada həssas məlumatların və parolların qorunması üçün istifadə edilən proqram təminatının Rusiya xüsusi xidmət orqanları tərəfindən sertifikatlaşdırılmış şirkətlə texnoloji əlaqəsinin olub-olmaması ilə bağlı ciddi təhlükəsizlik sualları yaradıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR