İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəldiniz, işlədiniz, qazandınız və getdiniz – Rusiya əcnəbilərlə bağlı qaydaları sərtləşdirdi

288 22.07.2026 01:41 Dünya A A

Rusiya Dövlət Duması əcnəbilərin ölkədən deportasiya edilməsinə əsas verən inzibati xətaların siyahısını əhəmiyyətli dərəcədə genişləndirən qanun qəbul edib. Yeni qaydalara əsasən, deportasiyaya səbəb ola biləcək inzibati xətaların sayı faktiki olaraq iki dəfə artırılır.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İndiyədək Rusiya İnzibati Xətalar Məcəlləsinin 22 maddəsi əcnəbilərin ölkədən çıxarılmasına əsas verirdisə, yeni qanunla siyahıya daha 23 maddə əlavə edilir.

Yeni əsaslar sırasında icazəsiz mitinqlərdə iştirak, Rusiya ordusunun “diskreditasiyası”, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırış, separatizmə çağırış, hüquq-mühafizə orqanları və sərhədçilərin qanuni tələblərinə tabe olmamaq yer alır.

Bundan başqa, xırda xuliqanlıq, ayrı-seçkilik, nəzərdə tutulmayan yerdə atəş açmaq, nəqliyyatın hərəkətinə maneə yaratmaq, nifrət və ya düşmənçiliyin qızışdırılması, dini rəmzlərin təhqir edilməsi də əcnəbinin Rusiyadan deportasiyası ilə nəticələnə biləcək əməllər sırasına daxil edilir.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin yeni qaydaları şərh edərkən əcnəbilərlə bağlı hakimiyyətin mövqeyini belə ifadə edib:

“Bizim üçün ölkəyə qanunlara riayət edən insanların gəlməsi vacibdir. Gəldilər, işlədilər, qazandılar və getdilər – qanunlarımıza hörmət edərək, hüquq-mühafizə orqanlarımızın nümayəndələrinin tələblərinə tabe olaraq”.

Dövlət Duması bununla yanaşı, məhkumluğu olan əcnəbilərlə bağlı ayrıca sərtləşdirici qanun da qəbul edib.

Yeni qaydaya əsasən, hər hansı məhkumluğu olan əcnəbilərin Rusiya vətəndaşlığı, yaşayış icazəsi və müvəqqəti yaşamaq icazəsi almasına yol verilməyəcək.

Əgər həmin sənədlər daha əvvəl verilibsə və sonradan şəxsin ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olduğu müəyyən edilərsə, sənədlər ləğv olunacaq.

Qanunda qaçqınlar və siyasi mühacirlər üçün istisna nəzərdə tutulub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR