"Spectator" jurnalının əməkdaşı Ouen Mettyus yazdığı məqalədə Ukraynanın Çaykovski və Bulqakovun əsərlərini mədəni sahədən çıxarmaq cəhdlərini barbarlıq adlandırıb.
Musavat.com xəbər verir ki, yazı müəllifi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri rus müəlliflərinin musiqisi və ədəbiyyatı Ukrayna teatr və konsert zallarının repertuarlarından, eləcə də məktəb və universitet tədris planlarından çıxarıldığıbı yazıb və "Qu gölü"nün qastrol tamaşasında iştirak etdikləri üçün işdən çıxarılmaqla hədələnən milli operanın iki solistinin işini misal gətirib.
“Ukrayna millətçilərinin rus mədəniyyətini və dilini ləğv etmək istəyi əsasən Putinin klassik ədəbiyyat və musiqi əsərlərinin, eləcə də rus dilinin özünün Kremlə məxsus olduğu fərziyyəsindən qaynaqlanır. Bu, qəti şəkildə doğru deyil... Əslində, nə "Şedrik", nə də "Qu gölü" heç bir millətə, xüsusən də heç bir rejimə və ya liderə məxsus deyil - onlar dünyanın bütün mədəni insanlarına məxsusdur”, - Mettyus bildirib.
Müəllifin fikrincə, iki ölkənin ortaq mədəni irsini silmək istəyi ilə Ukrayna ultramillətçiliyi putinizmin güzgü əksidir: “Mədəniyyəti məhv etmək üçün edilən hər hansı bir cəhd eyni dərəcədə barbarlıqdır”.
Mettyus əmindir ki, rusdilli vətəndaşların həqiqətən ukraynalı olmadığı fikri Putinin dünyagörüşünü əks etdirir. Bu yanaşma Ukraynanın azadlığı uğrunda mübarizə aparan və canlarını fəda edən yüz minlərlə rusdilli sakinin töhfəsini dəyərsizləşdirir.
Jurnalist xatırladıb ki, bu, Ukraynanın gələcəyinin kökündə zəhərdir, çünki Ukrayna hökumətinin rəsmi statistikasına görə, Ukrayna məktəblilərinin yarıdan çoxu evdə rus dilində danışır.
Məqalənin müəllifi ölkələrin keçmiş müstəmləkə güclərinin dillərini qəbul etməsində heç bir problem görmür. “ABŞ, İrlandiya, Kanada, Avstraliya və Yeni Zelandiya ingilis dilini və mədəniyyətini uğurla uyğunlaşdıraraq onları öz kimliklərinin bir hissəsinə çeviriblər”, - müəllif yazır.
Bu, Qərb mətbuatında Ukraynada rus mədəniyyətinə qoyulan qadağaları tənqid edən ilk nəşr deyil.
Musavat.com






