İnsanlara hürriyət, millətlərə istiqlal!

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

321 04.06.2026 10:23 Dünya A A

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Musavat.com xəbər verir ki, layihə Finlandiyanın Kittilä şəhərində fəaliyyət göstərən mədən şirkəti Agnico Eagle Finland və Levi xizək kurortunun əməkdaşlığı ilə həyata keçirilir. Təşkilatçılar yay mövsümündə turist axınını artırmaq üçün qızıl axtarışı müsabiqəsi təşkil ediblər.

Məlumata görə, qızıl külçənin dəqiq yeri açıqlanmır. Yay boyunca iştirakçılara müxtəlif ipucları veriləcək və hər yeni məlumatla qızılın yerləşdiyi məkan daha da dəqiqləşəcək. Son ipucunun avqustun 22-də açıqlanması planlaşdırılır.

Təşkilatçılar iştirakçılara xəbərdarlıq ediblər ki, qızılı tapmaq üçün qazıntı aparmaq və ya təbiətə zərər vermək lazım olmayacaq. Axtarış yalnız müəyyən edilmiş ərazilərdə aparılmalı və ətraf mühit qorunmalıdır.

Levi əsasən qış turizmi və xizək mərkəzi kimi tanınır. Lakin bölgə yay aylarında da turistlərin diqqətini çəkməyə çalışır. Bu dövrdə Laplandiyada “gecəyarısı günəşi” müşahidə olunur və günəş sutka boyu demək olar ki, batmır. Bölgədə rafting, paraşütlə uçuş, dağ velosipedi və yürüş marşrutları da turistlərə təqdim edilir.

Levi turizm təşkilatının rəhbəri Satu Pesonen bildirib ki, məqsəd insanların yalnız qışda deyil, yayda da bölgəni kəşf etməsinə şərait yaratmaqdır. Qızıl axtarışı da bunun üçün hazırlanmış xüsusi layihələrdən biridir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR