ABŞ rəsmilərinin İrəvanda və Bakıda “Tramp yolu” haqda müzakirələr apardığı bir vaxtda “Putin yolu” adlandırılan dəmir yolunun açılması məsələsi yenidən aktuallaşıb. Ötən gün Ermənistanda baş nazir postuna iddialı Robert Köçəryan mitinqdə çıxışında Abxaziya vasitəsilə dəmir yolunun açılmasının vacibliyi haqda danışıb. O, bildirib ki, bu layihə siyasi kontekstindən çıxarılmalı və ilk növbədə iqtisadi və strateji fürsət kimi qəbul edilməlidir.
Köçəryan deyib ki, prezident olduğu dövrdə bu məsələni reallaşdırmağa çalışıb, o vaxtkı Gürcüstan rəhbəri Eduard Şevardnadze ilə danışıqlar aparıb, amma Saakaşvilinin hakimiyyətə gəlməsi prosesi dayandırıb.
Köçəryan deyib ki, təklifin mənası aydındır. Abxaziyadan keçən dəmir yolu Ermənistana Rusiya bazarına daha qısa yol - təxminən 700 kilometr daha qısa yol verəcək.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk da bildirib ki, “Qafqazda pozulmuş bütün marşrutların, o cümlədən Rusiya Federasiyası ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu xidmətinin bərpası imkanının açılması üzərində iş gedir”.
Onun sözlərinə görə, bu marşrutun bərpası “Qafqazda nəqliyyat və logistika əlaqəsinin gücləndirilməsi Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiya xalqlarının iqtisadi rifahı üçün çox vacibdir”.
Aleksey Overçukun sözlərinə görə, Rusiya Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı əsaslı danışıqlara başlamaq qərarına gəlib ki, bu da onların Yerasx kəndi yaxınlığındakı Azərbaycan dəmir yolları ilə, eləcə də Axuryan kəndi yaxınlığındakı Türkiyə Respublikasının dəmir yolları ilə əlaqəsini təmin edəcək". Lakin Gürcüstan bu mövzuda Rusiya ilə danışıqlar apardığını inkar edib. Rəsmi Tiflisin Abxaziya vasitəsilə dəmir yolu xidmətinin bərpası ilə bağlı heç bir müzakirə aparmadığını bildirib.
Abxaziya vasitəsilə dəmir yolu ilə bağlı Moskva ilə danışıqların aparılmamasını Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də təsdiqləyib. Onun sözlərinə görə, həm dəmir yolu bağlantısı, həm də münasibətlərin bərpası ilə bağlı müzakirələr yalnız Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə mümkündür.
Xatırladaq ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevral ayında Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolu (CQD) ilə 30 il müddətinə, daha 10 il uzatmaq hüququ ilə güzəşt idarəetmə müqaviləsinə köçürülüb. Bu yaxınlara qədər bu, Ermənistanda irimiqyaslı tranzit layihələrinin Rusiyanın iştirakı olmadan həyata keçirilməyəcəyinə zəmanət kimi qəbul edilirdi. Lakin vəziyyət 2025-ci ilin avqust ayında Rusiyanın iştirakı olmadan həyata keçirilməsi planlaşdırılan Zəngəzurdan keçən TRIPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu(“Tramp yolu”) yaradılması barədə sazişin imzalanmasından sonra dəyişdi.
Elə həmin andan etibarən Moskva Cənubi Qafqazda sülh prosesində və kommunikasiyaların açılmasında tamamilə kənarda qalmamaq üçün öz “marşrutlarını” axtarmağa başladı. Xüsusilə, Aleksey Overçuk Azərbaycan və Türkiyə arasında Ermənistan vasitəsilə tranzitin təşkili ideyasını fəal şəkildə təbliğ edir. Yəni faktiki Zəngəzurdan keçən "Tramp yolu"na alternativ olaraq "Putin yolu"nu təklif edir. Köçəryanın da bu xətin bərpasını da bu səbəbdən gündəmə gətirir...
Musavat.com






