Gürcüstanda gecə saatlarında baş verən genişmiqyaslı elektrik kəsintisindən sonra ölkə üzrə enerji təchizatı tam bərpa edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Gürcüstan Dövlət Elektrik Sistemi" (GSE) məlumat yayıb. Qurumun açıqlamasına əsasən, hazırda ölkənin əsas şəhərlərində elektrik enerjisinin verilişi tam bərpa olunub.
Xatırladaq ki, gecə saat 00:10 radələrində Tiflis də daxil olmaqla Gürcüstanın müxtəlif bölgələrində elektrik enerjisinin verilişi qəfil dayanmışdı. Kəsinti Rustavi, Batumi və digər şəhərləri də əhatə etmişdi.
GSE hadisənin səbəbinin hələ də araşdırıldığını bildirib. Qurum sosial şəbəkələrdə elektrik kəsintisinin Gürcüstan-Türkiyə yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza ilə əlaqədar olduğu barədə yayılan məlumatları da təkzib edib.
Hazırda qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Musavat.com






