Bu gün səhər saatlarında mətbuatda xəbər yayıldı ki, “Azərbaycan Nəşriyyatı” MMC təmirə bağlanır. Fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib. Qeyd edildi ki, əsaslı təmir başa çatdıqdan sonra bina yenidən istismara veriləcək.
Görünən odur ki, belə olan halda 9 mərtəbəli binanın daxilində yerləşən redaksiya və studiyalar özlərinə yeni yer tapmalı və başlarına çarə qılmalıdırlar. Musavat.com-un əməkdaşı xəbər yayıldıqdan sonra Nəşriyyata yollanıb və köçə hazırlaşan həmkarların durumunu öyrənib.
Nəşriyyatın binası məni həmişəki sakitliyi ilə qarşılayır. Ətrafda çox az adam görünür. 5-ci mərtəbəyə qalxıram və qəzet redaksiyalarının olduğu otaqlarla maraqlanıram. Gözümə ilk olaraq “Bakı-Xəbər” qəzetinin redaksiyası dəyir. İçəri daxil oluram və qəzetin baş redaktorunun müavini Tahir Tağıyevlə qarşılaşıram. Ondan köçə necə hazırlaşmaları ilə maraqlanıram. Cavabı isə bu olur ki, onlara köçlə bağlı hələ bildiriş gəlməyib. Ona görə də hələlik nə edəcəklərini bilmirlər.

Yoluma davam edirəm və “qoca” nəşriyyatın kimsəsiz və illərə şahidlik edən dəhlizlərindən otaqlara boylanıram. Köhnəlmiş və təmirsiz otaqların qapıları bağlıdır və ətrafda qəribə sükunət var. Növbəti mərtəbəyə qalxıram və “Ədalət” qəzetinin redaksiyası qarşısında dayanıram və ümid edirəm ki, söhbət etməyə kimisə taparam. Otaqlardan birinə daxil oluram. “Ədalət” in yarım köhnə otağında sobada çaydan qaynasa da, gözümə heç kim dəymir. Ətrafda elə bir sakitlik var ki...Dəhlizə geri qayıdıb yuxarı mərtəbəyə gedirəm ki, yolüstü xanım mühasiblərdən biri ilə qarşılaşıram. Deyir ki, qəzetin əməkdaşları əsasən 4 gün redaksiyaya gəlirlər, 5-ci gün isə onları görmək mümkün deyil.

“Şərq” qəzetinin olduğu mərtəbəyə qalxıram. “Şərq”in otaqlarına boylanıb fotolar çəkirəm. Və qəfildən burnuma nəsə xoş iy gəlir. Bir az da qabağa gedəndə qəzetin baş redaktoru Akif Aşırlının bir neçə gənc əməkdaşı ilə süfrə arxasında oturub nəşriyyatdakı son günlərinin naharını yediyini görürəm. Məni də içəri dəvət edirlər. Baş redaktor deyir ki, hər gün əməkdaşlarla birgə elə bu otaqda nahar edir. Bu gün naharın günortadan keçməsinin səbəbi isə nəşriyyatın bağlanması və buna görə də Akif Aşırlının redaksiya üçün kirayə yer axtarması olub.

“Tapa bildinizmi” deyə sual edirəm. Cavab isə “Yox, bir neçə yerə gedib baxdım, tapa bilmədim. Kirayə ofislər çox bahadır. Gücüm çatmır. Mən bilirdim ki, nəşriyyatdan köçəcəyik...”, -deyə sualımı cavablayır. Buna qədər “Şərq” in redaksiyasına görə nəşriyyata nə qədər pul ödəməsi ilə maraqlanıram. Məlum olur ki, bu məbləğ 950 manat olub. İndi isə ayrı binada ofis kirayələmək üçün əli cibə salıb, əməlli başlı pul xərcləmək lazımdır.

Süfrə arxasında bir az yorğun, bir az da fikirli olan Akif Aşırlı bildirir ki, yaxın vaxtlara qədər qəzetin 21 nəfərdən ibarət heyəti var imiş. Maliyyə səbəbindən 11 nəfəri ixtisar edib. Əməkdaşlarını itirmək ona heç də asan başa gəlməyib: “Gənclərlə işləmək gözəldir. Amma di gəl ki, indi gənclərə işləmək üçün meydan yoxdur”, -deyə baş redaktor gileylənir. Söhbətimizin bu yerində redaksiyanın süfrəsinə Akif Aşırlının birinci müavini Yusif Nəzərli gəlir.
İlk sözü də bu olur: “Elə bil ki, nəşriyyata “bomba” atıblar. Heç kimdən səs səs-səmir çıxmır”. Vəziyyətin bomba atılmasından daha çox, qasırğa qabağı yaranmış sakitliyə bənzədiyini deyib etiraz edirəm. Razılaşır.... Axı qabaqda onları böyük köç gözləyir. Elə Akif bəyin də gözünə duran budur. Redaksiyanın otaqlarını, “Mətbuat Muzeyi”ni gəzir, əli ilə tarixi kitabları, vərəqələri göstərir və sual edir: “Köçsək, mən bunları hara yığacağam, bu qədər əşyanı necə daşıyacağam”. Böyük sevgi ilə muzeyə yığdığı tarixi sənədləri, əşyaları göstərir, məlumat verir. Həm də onların köç zamanı zərər görməsindən narahatlığını dilə gətirir.

Birgə Akif bəyin otağına daxil oluruq. Dəmirdən köhnə seyfi göstərirəm və soruşuram: ”Bu nədir? Orada nə saxlayırsınız?”, gülür və cavabında ”içində pul yoxdur, pul əvvəllər var idi. İndi pul nə gəzir”, deyə zarafatyana bildirir. Sağollaşıb ayrılmaq istəyəndə Akif bəy baş redaktor tərzi sual edir:” İndi gedib nəşriyyatdan, bizdən nə yazacaqsınız?”. Cavabım isə qısa olur: “Ədalət”in sobasında çaydan qaynayırdı, “Şərq” də isə süfrə açmışdılar. Zaraftlı gülüşlərin səsi sakinləri yola salan nəşriyyata yayılır.

Nəşriyatda heç də hamı köçün olacağını bilmirmiş. Binada çalışan həmkarım Elnurə Abuşova deyir ki, bu səhər köçün olacağından xəbər tutub. Deyir ki, “Azad Media.az”ın ofisini hara yerləşdirəcəyini bilmir. Nəşriyyatda otaq kirayələmək hamı kimi onlara ucuz başa gəlirmiş. İndi yeni redaksiya tapmaq, yerləşmək onlar üçün bir zülmə çevrilib. Üstəlik də məlumatdan qəfil xəbər tutmaları nəşriyyatdakı hər kəsdə şok effekti yaradıb. Bir çoxu bu günə kimi heç rəsmi xəbərdarlıq, bildiriş almayıbmış...
Beləliklə, təmirə və illərin ağırlığını üzərindən atıb yenilənməyə hazırlaşan yaşlı binanı tərk edirəm. Həmkarlarım isə yeni redaksiya axtarışına çıxır. Çətin olsa da.





Şahanə Rəhimli
Musavat.com






