İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu parkda 100 hektarlıq ərazidə lalələr açıb, görməyə tələsin! - REPORTAJ FOTO VİDEO

3678 22.04.2024 16:51 Reportaj A A

Aprel ayı həm də lalə mövsümüdür. Azərbaycanın bir çox bölgəsində çəmənliklər lalədən örpəyə bürünüb. Bu günlər Ağgöl Milli Parkında da laləli çəmənlik göz oxşayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə milli parka media-tur çərçivəsində mənim də təbiətin bu gözəlliyindən zövq almaq şansım oldu.

TURO.jpeg (402 KB)

Ağgöl Milli Parkı paytaxt Bakıdan təxminən 110 kilometrlik, fərdi avtomobillə 1-1,5 saatlıq, avtobusla təxminən 2 saatlıq məsafədə, Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Bir xeyli yolumuz olduğuna görə parkın tarixi ilə maraqlandım.

NİGAR GOL.jpeg (265 KB)

Park adını ərazidə olan göllərdən birindən götürüb. Ağgöl Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb. Mütəmadi mövsüm daşqınlar ətrafdakı çalaları doldurub. Nəticədə orta dərinlikli, sahəsi böyük olmayan göllər yaranıb - Ağgöl, Şorgöl, İmamqulu göl, Teymurgöl. 50-ci illərdə göllər qurumağa başlayıb. Səbəb Mingəçevir hidrosisteminin və Araz su anbarının inşa edilməsidir. Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişib. Hazırda bu göllərin su balansı duzlu kollektor suları hesabına tənzimlənir.

Gölün qorunmasında ilk addım 1964-cü ildə atılıb, Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılıb, 14 il sonra isə əraziyə ciddi qorunma statusu verilib və yasaqlıq Ağgöl Dövlət Təbiət Qoruğuna çevrilib. 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılıb və ərazi Milli Park elan edilib.

GOLE.jpeg (302 KB)

Giriş haqqı 2 manatdır, 6 yaşına kimi uşaqlara pulsuzdur.

Ağgöl Milli Parkı ərazisində 9 ekoturizm marşrutu fəaliyyət göstərir:

“Qara Qobu” marşrutu - 7 kilometr;

“Böyük Ağgöl” marşrutu - 10 kilometr;

“Quş bazarı” marşrutu - 18 kilometr;

“Maraltəpə marşrutu - 12 kilometr;

“Pirxantəpə” marşrutu - 5 kilometr;

“İmamqulugöl” marşrutu - 8 kilometr;

“Teymurgöl” marşrutu - 10 kilometr;

“Göytəpə” marşrutu - 20 kilometr;

“Şorgöl gölü”” marşrutu - 5 kilometr

Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Milli Park ərazisində bir çox balıq növünə rast gəlinir - çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, və s. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, Kiçik Asiya qurbağası və göl qurbağası; sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yaşayır. Milli Parkda quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşıb. Məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.

Media-tur zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova vətəndaşlara müraciət edərək əhalini Ağgöl Milli Parkını ziyarət etməyə çağırıb.

Nazirlik rəsmisi Musavat.com-a açıqlamasında bildirib ki, Ağgöl Milli Parkı Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir:

“Ağgöl Mill parkı unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir. Parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir. Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir. Təxminən 100 hektarlıq ərazidə “qırmızı xalı”ya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir. Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə bu həftəsonu yolunu Ağgöl Milli Parkından salmaları tövsiyə edilir. Hər kəsi füsunkar mənzərədən zövq almağa çağırırıq”.

LALEM.jpg (224 KB)

Biz laləli çəmənlikdə çox uzun müddət qala bilmədik. Çünki iqlimlə əlaqədar ərazidə çox sayda ağcaqanad var idi. Odur ki, parka səfər etməyi düşünürsünüzsə, hazırlıqlı olun. Xüsusilə, kremlərdən yaxud qoruyuculardan istifadə edə bilərsiniz. Daha bir vacib məqam çəmənlikdə ilanlarla rastlaşma ehtimalıdır. Parkın əməkdaşları da öncədən qarşılaşa biləcəyiniz təhlükələr barədə məlumat verir, maksimum dərəcədə çəmənliyin içərisinə daxil olmamağı tövsiyə edirlər.

Qeyd etdiyimiz kimi, parkın ərasizi kifayət qədər genişdir. Göl kənarında məskunlaşan quşların səsindən də hiss olunur ki, ərazidə çox növdə canlı məskunlaşıb. Şansınız gətirsə, onların bir çoxunu görə bilərsiniz. Lakin bunun üçün ərazidə bir neçə saat vaxt keçirmək lazımdır. Səfər zamanı jurnalistləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva da müşayət edib. Jurnalistlərin suallarını cavablayan Arzu Babayeva bildirib ki, Ağgöl Milli Parkının ərazisində 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb. Xidmət rəisinin müavini hər il Azərbaycan üzərindən 20 milyondan çox su-bataqlıq quşunun miqrasiya etdiyini və ölkəmizdə su-bataqlıq quşlarının toplaşma məntəqələrinin ən əsas yerlərindən birinin Ağgöl Milli Parkı olduğunu vurğulayıb: “Parkın ərazisi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsi məqsədilə təsis edilmiş “Ramsar” Konvensiyasına daxil olunub. Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. Park quşların toplaşdığı böyük məntəqələrdən biri olduğundan, köç dövrlərində, həmçinin ilin digər zamanlarında da bu ərazidə quşların həm istirahət və dayanma yerləri, həm də yuvalaması üçün münbit şərait mövcuddur”.

Onu da öyrəndik ki, milli park ərazisində 80-dən çox ceyran var.

CEYRAN.jpeg (229 KB)

Belə ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində son 14 ildə Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub. Sevindirici haldır ki, son sayım zamanı 87 baş ceyran qeydə alınıb. Hazırda da milli parkda balalama dövrünü yaşayan xeyli sayda dişi fərd var. Bu da o deməkdir ki, ceyranların sayı artır.

Bir sözlə, lalə mövsümünün sonuna az qalıb. Bu gözəlliyi görmək üçün zamanınız az olsa da, var. Həftəsonu üçün dəyərləndirə bilərsiniz.

Nigar HƏSƏNLİ,
Ağcabədi, Ağgöl Milli Parkı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR