Donald Trampın Ukraynaya əvvəlcə Kremlin maraqlarına uyğun, qətiyyən qəbuledilməz sülh planı təqdim edib, sonra isə asanlıqla geri çəkilməsi təsadüfi deyil.
Musavat.com xəbər verir ki, Putinin keçmiş nitq yazarı və politoloq Abbas Qallyamov “MO” saytı üçün yazdığı yeni məqaləsində bu iddianı irəli gətirib.
Qallyamovun sözlərinə görə, ABŞ nümayəndələri danışıqlara sərt tələblərlə başlayıb, Ukraynaya ultimatum veriblər: bir həftə ərzində razılıq olmadığı təqdirdə Kiyev silah və kəşfiyyat məlumatlarından məhrum ediləcəkdi. Lakin bir neçə gün sonra vəziyyət tam dəyişib – Cenevrədə Ukrayna–ABŞ arasında yeni, daha yumşaldılmış sənəd razılaşdırılıb və Rusiyanın xeyrinə olan müddəaları minimuma endirilib.
Politoloq bunu belə izah edir:
"Tramp bu planı özünün real təşəbbüsü hesab etməyib və onu sadəcə “incimiş dostu Vladimir” üçün nümayiş xarakterli jest kimi təqdim edib".
Qallyamov iddia edir ki, Trampın əsas məqsədi Putinə ABŞ Maliyyə Nazirliyinin son qərarı ilə vurulan ağır zərbəni kompensasiya etmək olub.
Söhbət ABŞ-ın “Gunvor” vasitəsilə “Lukoil”in xarici aktivlərinin alınmasına qoyduğu qadağadan gedir. Bu aktivlərin balans dəyəri 20 milyard dollardan çoxdur və məlumatlara görə, həmin aktivlərə indi amerikalılar və Körfəz ölkələrinin tərəfdaşları iddia edir.
Qallyamov yazır ki, bu, Putin üçün təkcə maliyyə deyil, həm də reputasiya baxımından ağır zərbədir – Rusiya hakim elitasının gözündə “prezidenti əziblər”. Bu isə Kremlin daxilində ciddi narazılıq yarada bilər.
Politoloqun fikrincə, Tramp Putini itirmək istəmir və onunla yaxşı münasibətlərin həm maliyyə, həm də geosiyasi sahədə böyük fayda gətirəcəyinə inanır. Cenevrədəki “şou” isə Rusiya lideri qarşısında jest kimi qiymətləndirilə bilər:
“İndi Putinin incikliyi unutmaq ehtimalı yüksəkdir. Gördü ki, Tramp onun üçün çalışır”.
Musavat.com






