İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buzlar ölkəsi” milli komandanı Bakıda “dondurdu” - Deputat üsyan püskürür

2332 14.11.2025 13:31 İdman A A

Azərbaycan futbolu dirçəlir” nağılı yenə bitdi; Gəncə qədər əhalisi olanlar da bizə dərs keçdilər...

Ölkə futbolu noyabrın 13-ü axşamı növbəti dəfə “reanimasiyaya düşdü”. Bu dəfə deyəsən daha “dərin yuxuya getdi”. Azərbaycan millisi sözün həqiqi mənasında özünü bir daha biabır etdi. Futbolçularımız Dünya Çempionatı 2026-nın seçmə mərhələsində cəmi Gəncə qədər əhalisi olan İslandiya yığmasına yenə məğlub oldu. Özü də doğma azarkeşləri önündə...

İlk oyunda islandlar qapımıza 5 top vurmuşdularsa, bu dəfə deyəsən “yazıqları gəldi”, 2 topla kifayətləndilər. 

Görünən odur ki, milli komandamız bu seçmə mərhələni bir xalla başa vuracaq. Belə ki, yığma sonuncu oyununu noyabrın 16-da güclü Fransa kollektivinə qarşı keçirəcək. Bu oyundan isə bir xala ümid etmək sadəcə xəyalpərəstlik olar. Amma Bakıda oyunun keçirilməsini nəzərə alsaq, qapımızda çox qol görməməyə ümid edə bilərik, hərçənd bu milli ilə o da mümkünsüz görünür.

MMMMMMMMM.jpg (79 KB)

Qeyd edək ki, Azərbaycan millisinə Ayxan Abbasov baş məşqçi gətiriləndən sonra hər kəsdə böyük ümidlər yaranmışdı ki, bu da əbəs deyildi. Çünki onun rəhbərliyi ilə komandamız keçirdiyi 3 oyunda gələcəyə yönəlik futbol camiəsində inam yaratmışdı.

İlk oyunda Ukraynadan Bakıda bir xal alınmış, səfərdə isə Fransa və Ukraynaya qarşı heç kimin gözləmədiyi ciddi müqavimət göstərilmişdi. Amma “ümidlər suya düşdü”. Bir daha “Azərbaycan futbolu dirçəlir” nağılı bitdi...

fazil.jpg (79 KB)

Futbolla yaxından maraqlanan, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında baş məşqçinin burada heç bir günahının olmadığını söyləyib:

“Bu məsələ əlbəttə ki, futbolun idarəetməsində olan durumun nəticəsidir. Burada bir məşqçi nə edə bilər? 5-10 gündür ki, gəlib ora, nəyi dəyişə bilər ki? Futbol məsləhətsiz, hansısa bir şəkildə inkişaf üçün nəzərdə tutulmur ki... Hamı gələndə düşünür ki, görüm burada mənfəət üçün nələr əldə edə bilirəm. Halbuki, ürək yanmalıdır, vətənpərvərlik olmalıdır. Canı-qanı ilə Azərbaycan adını yüksəltmək istəyən anlayış olmalıdır. Bu yoxdursa, kimi gətirirsənsə gətir, faydasının olacağını düşünmürəm. Millimiz də belə bərbad gündə yoluna davam edəcək”.

MUXTAR.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı da fərqli düşünmür:

“Min dəfə demişik, min birinci dəfə də deyək: Azərbaycan millisinin məşqçi problemi yoxdur. Bunu illərdir deyirik, bizim futbolçu problemimiz var. Azərbaycanda futbolçu yetişdirilmir. Bunun üçün heç bir addım atılmayıb. Amma bu ad altında milyardlar xərclənib.

AFFA-nın sabiq rəhbərliyi elə bilirdi ki, futbolçuya çoxlu pul versən, daha yaxşı oynaya bilər. Düşünürdülər ki, qələbə üçün 100 min manat mükafat vəd etsələr, azərbaycanlı futbolçu Avropa səviyyəli olacaq.

Amma başa düşünmürdülər ki, futbolçu məhsuldur, onu yetişdirmək lazımdır, özü də elmi əsaslarla.

AFFA-nın yeni rəhbərliyi başqa cür düşündü, hesab etdilər ki, Santuş cadugərdir, onu gətirsələr, azərbaycanlı futbolçuları Avropa standartına yüksəldəcək.

MB4rd4FGDzQM6kdUfUi4YYSAWbBrBRgzrGyJfRpg_825.jpg (92 KB)

Nə ilə? Yəqin düşünürmüşlər ki, sehrli çubuqla. AFFA rəhbərliyi bu illər ərzində hər yola əl atıb, milyardları “yuyublar”, amma futbolçu yetişdirməyə qəpik də ayırmayıblar.

AFFA-nın yeni rəhbərliyi gələn kimi Belçikadan şirkət dəvət etdi, bərbəzəkli strategiya yazdırdılar, 5 milyon manat ödədilər. Guya bu strategiya ilə futbolu inkişaf etdirəcəkdilər. Hanı o strategiya? Azərbaycanda futbolun inkişaf strategiyasını iki səhifədə aydın şəkildə göstərmək olar. Futbolumuzun əsas bəlası idarəçilərdir. Uzun illərdir ki, Azərbaycan futboluna diletantlar rəhbərlik edir.

yyV2Ya6tb97hg6VX9VFi4DmSupVZyKpgPTZKIjSA_825.jpg (144 KB)

Bakının qulağının dibindəki Kürdəxanı kəndində Zakir Əliyev adlı bir şəxs öz həyətində stadion yaradaraq uşaqlara futbol məşqləri keçir. Niyə? Çünki Kürdəxanıda uşaqların futbolla məşğul olması üçün infrastruktur yoxdur.

Bakının qulağının dibindəki kənddə durum belədirsə, indi görün Lənkəranda, Qazaxda, Sabirabadda, Masallıda, Qubada, Qusarda, Şəmkirdə, Şirvanda vəziyyət necədir.

Budur Azərbaycan futbolunun problemi. Millidən nəticə gözləmək sadəlövhlükdür. Min dəfə demişik, min birinci dəfə də deyək, işə - futbolçu yetişdirməyə indi başlasaq, 15 ildən sonra millidən nəticə gözləyə bilərik. Azərbaycanın aşağı yaş milliləri bütün rəqiblərinə biabırçı hesabla məğlub olurlar. O uşaqlar 4-5 ildən sonra əsas millidə olacaqlar. Onlardan nəticə gözləməyə dəyər? Qətiyyən. U-19 Çexiyaya 1:6 hesabı ilə məğlub oldu. Bu o deməkdir ki, o uşaqların futboldan anlayışı yoxdur. Bəs onları milliyə kimlər dəvət edib, haradan gəliblər? Aşağı yaş qrupları üzrə millilərdə korrupsiya, rüşvətxorluq baş alıb gedir.

O millilərdə istedadlı uşaqlara yer yoxdur, əksəriyyəti tapşırıqla götürülür. Çoxu da AFFA rəhbərliyinin qohum-əqrəbalarıdır. Birini əsgərlikdən saxlamaq, digərini İdman Akademiyasına yerləşdirmək üçün milliyə dəvət edirlər.

Azərbaycanın U-15, U-16, U-17 yığmalarının bir məşqçisi var. Niyə? Məqsəd nədir ki, bir adam bütün millilərə rəhbərlik etsin? Ayxan Abbasov niyə həm millidə, həm də “Şamaxı”da işləməlidir? Bu ölkədə kadr yoxdur? Nazim Süleymanov kimi əfsanəyə iş verilmir, Tərlan Əhmədov işsizdir.

Dəhşətli mənzərə hökm sürür, futbol təsərrüfatında. Dövlətin ayırdığı milyonlar hara yoxa çıxır, bəlli deyil. Bizim, millinin futbolçularını söyməyə haqqımız yoxdur. Onlara oynamağı necə öyrədiblərsə, elə də oynayırlar. Hesab sorulası şəxslər AFFA-da oturublar. Keçmiş və indiki rəhbərlikdən tələb edilməlidir, hesab sorulmalıdır: Ölkədə uşaq futbolu adına infrastruktur yoxdur, futbolçu yetişdirilmir, bəs bu milyonlar hara xərclənib?

Bunun hesabı soruşulsa, günahkarlar cəzasını alsa, Azərbaycanda futbol olacaq, mütləq olacaq. Əks təqdirdə...”

MESTE.jpg (41 KB)

İdman mütəxəssisi Kənan Məstəliyev isə qeyd edib ki, Azərbaycan futbolu dərin böhran içindədir və ağrılı keçid dövrünü yaşayır:

““Qarabağ"ın nəticələrini bir kənara qoysaq, ölkədə başqa uğurlu bir gedişatın olmadığını söyləyə bilərik. İslandiyaya məğlubiyyət bir daha göstərdi ki, bizim oyunçu ehtiyatımız yoxdur. Asan epizodlarda çərçivəyə düşə bilməyən, doğru mövqe seçməyi bacarmayan, adi işlərin öhdəsindən gələ bilməyən futbolçularla dolu komandadan qələbə gözləmək absurddur. Üstəlik, bu futbolçular legioner limitinin ləğvi səbəbindən öz komandalarında heyətə də düşə bilmirlər. Oyun praktikası olmayan birindən də maksimum performans gözləmək düz deyil.

Problemlər o qədər çoxdur ki, onları sadalamağa vaxt və yer çatmaz. Ortada ciddi planlaşdırma səhvi var. Strateji səhvlər edilir, səhvlərdən nəticə çıxarılmır, yanlışlar düzəldilmir.

Federasiya rəhbərliyi ciddi addımlar atmalı, uşaq futbolu, infrastruktur, kadr problemlərini həll etməyə başlamalıdır. Hər keçən gün ziyanımıza işləyir.

Konkret matçın özünə gəlincə, Ayxan Abbasovun heyət seçimini bəyənmədim. Startda başqa oyunçular da çıxa bilərdilər. Bununla yanaşı, evdə oynamağımıza rəğmən rəqibdən çəkinməyimiz, müdafiədən oynamağımız da anlaşılan olmadı. Xüsusilə ikinci hissədə artırdığımız təzyiqi əvvəldən də tətbiq etmək, daha hücumameyilli oynamaq olardı. Məhz belə də etməliydik.

İslandiyaya qarşı da qorxaq oynayacağıqsa, onda bu yarışa niyə qatılırıq?

Məşqçimiz bu matçda baş verənləri analiz etməli, qarşıdakı oyunlarda daha intensiv oyun oynamağımızı təmin etməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR