DÇ-2026-da 1/4 final mərhələsi start götürüb. Hazırda mundialın ən gərgin mərhələsi başlanıb. Futbolsevərlər çempionun kim olacağı haqda müxtəlif proqnozlar səsləndirirlər.
Hazırda Fransa və İngiltərənin stabil oynadığı, onların daha çox şansı olduğu deyilir. Lakin Argentinanın da ardıcıl ikinci dəfə çempionluq şansının olduğunu deyənlər az deyil. Həmçinin, digər komandaların da sensasiya yaratması mümkündür.
Bəs azərbaycanlı tanınmışlar kimin çempion olacağını gözləyir? Onların proqnozu nədir?

Futbol azarkeşi olan deputat Aqil Abbas Musavat.com-a açıqlamasında Argentina yığmasına azarkeşlik etdiyini bildirib:
"Mən Argentina komandasının qalib gəlməsini istəyirəm. Bir sözlə, Argentina. Amma ümumilikdə çox maraqlı oyunlar gedir. Avropanın güclü komandaları var, Cənubi Amerika komandaları da öz sözünü deyir. Hamısına baxıram. Gecələr yatmıram. Cavan vaxtı qız sevəndə yatmırdıq, indi də qocalanda futbol yatmağa qoymur".

Deputat Fazil Mustafa isə İngiltərənin kifayət qədər maraqlı futbol oynadığını fikirləşir: “Fransızlar, argentinalılar da elə liderlərə malikdirlər ki, istənilən an oyunun gedişini dəyişə bilərlər – istər Messi, istər Mbappe. Amma düşünürəm ki, İngiltərə nəhayət, 1966-cı ildən bəri davam edən tilsimi qıra biləcək. Məndə belə bir düşüncə var ki, məhz bu heyətlə İngiltərənin buna gücü çata bilər. Harri Keyn də yüksək formadadır. Nələrsə etmək mümkündür. Hər halda, onsuz da hansısa komandanın tərəfini tutmuram, amma seçim etməli olsam, üstünlüyü İngiltərəyə verərəm".

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov deyib ki, mundialda maraqlı oyun var: “Mən daha çox İngiltərə və Argentinanı çempionluğa əsas namizədlər kimi görürəm. Ancaq bunun fərqli səbəbləri var. İngiltərə, əslində, hər zaman ağıllı, hesablanmış və soyuqqanlı futbolu ilə diqqət çəkən komandadır. Bu gün də komanda məhz belə oyun nümayiş etdirir. Düşünürəm ki, məhz hesablanmış oyun və soyuqqanlılıq çempionluğa aparan yolda ən vacib amillərdən biridir. Digər tərəfdən isə Argentina var. Cənubi Amerika futbolunun özünəməxsus xüsusiyyətlərini hamımız bilirik. Bu futbol gözlənilməzliyi, qeyri-adiliyi, meydanda yaratdığı yaradıcı atmosfer, əsl futbol tamaşası təqdim etməsi və bəzən mümkünsüz görünən nəticələri mümkünə çevirməsi ilə seçilir. Buna bu günün canlı əfsanəsi Messi amilini də əlavə etsək, Argentinanın çempionluq şansının daha yüksək olduğunu düşünmək mümkündür. Xüsusilə də hesab edirəm ki, Misirlə oyunda son dəqiqələrdə qazandıqları qələbənin yaratdığı böyük emosional yüksəliş və motivasiya onları çempionluğa qədər aparıb çıxara bilər".

Hüquqşünas Əkrəm Həsənov isə Mərakeşə (artıq mundialı tərk edib – red) azarkeşlik edib, çempion kimi isə İngiltərəni görür.
Xalidə Gəray
Musavat.com






