İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna cəbhədə ilkə imza atdı: Hücuma insan yox, robot göndərildi

555 15.07.2026 00:43 Dünya A A

Ukrayna Silahlı Qüvvələri ilk dəfə döyüş əməliyyatını tamamilə insan iştirakı olmadan, robotlardan istifadə etməklə həyata keçirib. Əməliyyat zamanı dəniz pilotsuz aparatı Nikolayev vilayəti yaxınlığındakı Kinburn burnuna pulemyotla təchiz olunmuş yerüstü robot çatdırıb və o, Rusiya mövqelərinə atəş açıb.

Musavat.com xarici agentliklərə xəbər verir ki, bu barədə əməliyyatı həyata keçirən Ukraynanın 123-cü ərazi müdafiə briqadası məlumat yayıb.

Briqadanın açıqlamasında bildirilir ki, bu, "ən təhlükəli tapşırıqların insanlar deyil, maşınlar tərəfindən yerinə yetirildiyi yeni müharibə yanaşmasıdır".

Məlumata görə, Ukrayna yerüstü robotlaşdırılmış komplekslərdən (NRK) 2023-cü ildən istifadə edir. Onlar əsasən ön xəttə sursat və ərzaq çatdırılması, yaralıların təxliyəsi, minalanma, kəşfiyyat və Rusiya zərbələrindən sonra baş vermiş yanğınların söndürülməsi üçün tətbiq olunur.

Ukrayna hərbçiləri bildirirlər ki, kiçik ölçülərinə görə bu robotlar avtomobil və zirehli texnikadan daha çətin aşkar edilir. Onlar zədələnmiş yollar və dar keçidlərdə belə rahat hərəkət edə bilir.

Robotlardan kamikadze vasitəsi kimi də istifadə edilir. Yerüstü robot hava dronlarından daha çox partlayıcı daşıya bildiyi üçün bütöv bir binanı dağıtmaq gücünə malikdir.

Pulemyotla silahlandırılmış robotlar isə avtonom atəş nöqtələri kimi fəaliyyət göstərir. Ukraynalı hərbi şərhçi Aleksandr Kovalenkonun sözlərinə görə, robot günlərlə mövqedə qala bilir, yorulmur, yeməyə və istirahətə ehtiyac duymur. Son model sistemlər süni intellekt vasitəsilə hədəfi aşkar etdikdən sonra operatorun müdaxiləsi olmadan avtomatik atəş də aça bilir.

Xatırladaq ki, 2026-cı ilin yazında Ukrayna Prezidenti Volodimir Zelenski döyüş robotunun ilk dəfə piyada bölmələrinin iştirakı olmadan Rusiya mövqeyini ələ keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, pulemyotla silahlanmış robotun açdığı atəşdən sonra binada gizlənən Rusiya hərbçiləri silahlarını yerə qoyaraq təslim olublar.

Ekspertlərin fikrincə, yerüstü döyüş robotlarının geniş tətbiqi Ukrayna ordusunun şəxsi heyət arasında itkilərini azaltmağa imkan verir. Onlar hesab edirlər ki, bu sistemlər hələlik insanı tam əvəz edə bilməsə də, pilotsuz texnologiyaların sürətli inkişafı gələcəkdə müasir müharibələrin xarakterini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR