İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya iqtisadiyyatını sarsıdan “El Nino” - 50 milyon insanı öldürən fenomen baş qaldırır

819 14.07.2026 21:45 Yaxın tarix A A

Müasir dövrdə iqlim dəyişiklikləri qlobal miqyasda ekoloji, iqtisadi və sosial proseslərə ciddi təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu proseslər arasında “El Nino” hadisəsi xüsusi əhəmiyyət daşıyır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iqlim fenomeni sürətlə güc toplayır və iyul-sentyabr ayları aralığında güclü fazasına keçəcək. “El Nino” Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturunun anomal yüksəlməsi ilə xarakterizə olunan, atmosfer prosesləri ilə qarşılıqlı əlaqədə formalaşan təbii iqlim hadisəsidir.

Cənubi Amerikanın Sakit okean sahillərində yaşayan balıqçılar bu hadisəni körpə İsa Məsihin adı ilə əlaqələndirirlər. Odur ki, ispan dilində “El Nino” ifadəsi “körpə” mənasını daşıyır. Təbiət hadisəsi bir neçə ildən bir təkrarlanır və qlobal atmosfer dövranına təsir edərək müxtəlif regionlarda temperatur dəyişikliklərinə, yağıntı rejiminin pozulmasına və ekstremal hava hadisələrinin artmasına səbəb olur.
“El Nino”nun formalaşması tropik Sakit okean üzərində üstünlük təşkil edən passat küləklərinin zəifləməsi ilə başlayır. Nəticədə isti səth suları qərbdən şərq istiqamətində hərəkət edir və okeanın mərkəzi-şərq hissəsində toplanır. Bu proses atmosfer sistemində dəyişikliklər yaradaraq uzaq regionların iqlim şəraitinə də təsir göstərir.

WhatsApp Image 2026-07-14 at 17.15.21 (2).jpeg (69 KB)

Atmosferdə baş verən dəyişikliklər yalnız tropik zonalarla məhdudlaşmır, orta enliklərdə yerləşən ərazilərə qədər yayılaraq qlobal miqyasda hava şəraitinin dəyişməsinə səbəb olur. Bu səbəbdən “El Nino” qlobal iqlim sistemində zəncirvari reaksiyaya səbəb olan əsas təbii amillərdən biri hesab edilir.
“El Nino” hadisəsinin regional təsirləri

Onun nəticələri regionların coğrafi xüsusiyyətlərindən asılı olaraq fərqli şəkildə özünü göstərir. Bəzi ərazilərdə quraqlıq və su çatışmazlığı, digər bölgələrdə isə intensiv yağıntılar və daşqınlar müşahidə olunur.

Mərkəzi Amerika, Asiya, Afrika və Avstraliyanın bəzi hissələrində “El Nino” dövründə temperaturun yüksəlməsi və yağıntıların azalması kənd təsərrüfatına, su ehtiyatlarına və hidroenergetika sistemlərinə mənfi təsir göstərə bilər. Su çatışmazlığı ərzaq istehsalını azaldır və sosial-iqtisadi problemlər yaradır.

WhatsApp Image 2026-07-14 at 17.15.21.jpeg (155 KB)

Eyni zamanda “El Nino” Cənubi Amerikanın Sakit okean sahillərində güclü leysan yağışlarına və dağıdıcı daşqınlara gətirib çıxara bilər. 2015–2016-cı illərdə baş vermiş güclü “El Nino” hadisəsi nəticəsində müxtəlif regionlarda məhsuldarlığın azalması müşahidə edilib, milyonlarla insan ərzaq yardımına ehtiyac duyub.

 Digər tərəfdən, “El Nino” fenomen tropik siklonların və qasırğaların formalaşmasına da təsir göstərir. Atlantik okeanında bu hadisə adətən külək sürüşməsinin güclənməsinə səbəb olaraq tropik fırtınaların yaranmasını çətinləşdirir. Lakin fırtınaların sayının azalması təhlükənin tam aradan qalxması demək deyil. Formalaşmış güclü qasırğalar qısa müddətdə böyük dağıntılara səbəb olur. Sakit okeanda isə əks tendensiya yaranır. Bundan əlavə, okean temperaturunun yüksəlməsi dəniz ekosistemlərinə mənfi təsir göstərir. Xüsusilə mərcan riflərinin ağarması və zəifləməsi bu hadisə ilə əlaqəli əsas ekoloji problemlərdən biridir.

İqlim fenomeni kənd təsərrüfatı sektoruna mühüm təsir göstərən amillərdən biridir. Temperatur və yağıntı rejimindəki dəyişikliklər məhsuldarlığın azalmasına gətirib çıxarır, ərzaq təhlükəsizliyi problemləri yaradır. Məsələn, Hindistanda manqo istehsalında anomal hava şəraiti ağacların çiçəklənmə prosesini pozub və məhsul həcmi ciddi azalıb.

WhatsApp Image 2026-07-14 at 17.15.21 (1).jpeg (23 KB)

1877–1878-ci illərdə “El Nino” hadisəsi tarixdə ən dağıdıcı iqlim hadisələrindən biri kimi göstərilir, çünki o dövrdə Sakit okeandakı okean-atmosfer dəyişiklikləri dünyanın bir çox hissəsində qeyri-adi hava şəraitinə səbəb olub. 50 milyona yaxın insanın ölümünün əsas səbəbi “El Nino”nun yaratdığı hava pozuntularının artıq mövcud olan aclıq, yoxsulluq və siyasi problemlərlə birləşməsi idi. Hindistan, Çin və Cənub-Şərqi Asiyanın bəzi hissələrində musson yağışları zəifləyib, əkinlər məhv olub, xüsusilə düyü və taxıl məhsulları azalıb. Nəticədə milyonlarla insan ərzaq çatışmazlığı ilə üzləşib. Qida çatışmazlığı insanlarda immuniteti zəiflədib. Vəba, dizenteriya və digər yoluxucu xəstəliklər daha çox yayılıb. Bir çox insan təkcə aclıqdan deyil, aclığın yaratdığı xəstəliklərdən ölüb.

WhatsApp Image 2026-07-14 at 17.15.21 (3).jpeg (215 KB)

Hazırda “El Nino” hadisəsinin üstünlüklərindən biri onun tədricən formalaşması və bir neçə ay əvvəldən proqnozlaşdırıla bilməsidir. Alimlər okean temperaturunu və atmosfer proseslərini müşahidə etməklə bu hadisənin mümkün təsirlərini əvvəlcədən qiymətləndirə bilirlər. Erkən xəbərdarlıq sistemləri hökumətlərə və cəmiyyətlərə quraqlıq, daşqın və ərzaq çatışmazlığı kimi risklərə qarşı qabaqlayıcı tədbirlər görməyə imkan verir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR