Azərbaycanın mühüm layihədəki dövlət payını BƏƏ-nin XRG şirkətinə satmasının səbəbləri
Azərbaycan hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mühüm saziş imzalanıb.
“Yeni Müsavat”ın məlumatına görə, saziş Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanıb.
Sazişə əsasən, Azərbaycan qazını Avropaya çatdıran layihənin operatoru olan Cənub Qaz Dəhlizi QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsi Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satılıb. Sənəd Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə imzalanıb.
Xatırladaq ki, alqı-satqıya dair razılaşma çərçivəsi ötən il iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-yə səfəri zamanı imzalanmışdı.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti (QSC) şirkəti Azərbaycanın Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın xarici bazarlara çatdırılması məqsədilə nəql infrastrukturunun yaradılması layihəsinin icrası məqsədilə yaradılıb. Şirkət Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə yaradılıb. Rəsmi məlumata əsasən şirkət “Şahdəniz” (ŞD) qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (“CQBK”) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrində (birlikdə “Layihələr”) Dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədləri ilə təsis edilib.
Azərbaycan qazını Türkiyəyə çatdıran TANAP kəməri 2018-ci ildə, TAP isə 2020-ci ildə istismara verilib.
İlkin mərhələdə QSC-nin 51 faiz payı İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olub. Lakin 2024-cü ilin dekabrında Prezidentin sərəncamı ilə pay bölgüsündə dəyişiklik olunub. Belə ki, İqtisadiyyat Nazirliyinin payıl 49 faizə endirilib, SOCAR-ın payı isə 51 faizə çatdırılıb. Bildirilib ki, qərar “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Cənub Qaz Dəhlizinin payçı olduğu layihələrin hamısı icra olunub:

“Şahdəniz-in ikinci mərhələsi başa çatıb, TANAP, TAP işləyir. TAP-ın genişləndirilməsinin ilkin mərhələsi də başa çatdırılıb. Yəni bu layihələrdə görüləcək işlər demək olar ki, tamamən yekunlaşıb, infrastruktur işləyir və hazırda dividendlərin daxil olması prosesi gedir. Yəni ciddi bir maliyyə qoyuluşu tələb etməyən mərhələdir və onun hələ minimum 10 il davam etməsi gözlənilir. Bu baxımdan, xarici investorlar tərəfindən Cənub Qaz Dəhlizindən pay almağa marağın olması təbiidir. Hələlik İqtisadiyyat Nazirliyindəki payın nə qədərinin satıldığı açıqlanmır”.
Cənub Qaz Dəhlizi QSC ümumilikdə 13,5 milyard dollarlıq aktivlərə malikdir. 2023-cü ildə onun xalis mənfəəti 1,3 milyard dollar, 2024-cü ildə isə 1,7 milyard dollar olub.
BƏƏ fondunun QSC-də pay almasının TAP kəmərinin genişləndirilməsi üçün lazım olan investisiya yatırımları ilə bağlı olduğu güman edilir. Belə ki, Avropa İttifaqının qəbul etdiyi qaydalar Avropa maliyyə strukturlarının neft-qaz layihələrinə maliyyə ayırmasını qadağan edir. Buna görə də TAP-ın ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün zəruri olan investisiyaları təmin etmək mümkün olmur. Bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin bu yanaşmasını sərt tənqid etmişdi.
Mövcud imkanlarla TAP-ın ötürücülük gücü 13,2 milyard kubmetrə qədər genişləndirilib. Bundan sonrakı genişləndirmə irihəcmli vəsait qoyuluşu tələb edir. Avropa qurumlarının bu maliyyələşmədə iştirakının mümkün olmaması diqqətin ərəb investorlarına yönəlməsinə gətirib çıxarıb. Azərbaycan BƏƏ investorları ilə münasibətlərin dərinləşdirilməsinə son iki ildə xüsusi diqqət yetirir. 2023-cü ildə BƏƏ dövlət enerji şirkəti ADNOC Azərbaycanın Abşeron qaz-kondensat yatağının işlənməsi layihəsində 30 faiz pay alıb. Layihənin ikinci mərhələsinin investisiya qərarının verilməsi prosesi də indiyədək məhz Aİ-nin qadağalarına görə gecikib. Qərarın bu il verilməsi gözlənilir. Proseslər göstərir ki, investorlar arasında BƏƏ fondlarının olması ehtimalı böyükdür. Yataqdan hasil olunacaq illik 5 milyard kubmetr həcmində qazın yarısını uzunmüddətli müqavilə əsasında Türkiyə alacaq. Qalan hissənin Avropa bazarına çıxarılması gözlənilir. İkinci mərhələ üzrə ilk qazın 2029-cu ildə hasil olunması nəzərdə tutulur. Bundan əlavə, Azəri-Çıraq-Günəşli yatağının dərin qatlarından qaz hasilatına başlanması üçün də işlərə başlanıb. Bütün bunlar, TAP kəmərinin ötürücülük gücünün daha da artırılmasını zəruri edir. Azərbaycan hökumətinin Cənub Qaz Dəhlizindəki payını BƏƏ şirkətinə satması bu zərurətdən doğan addım kimi də qiymətləndirilə bilər.
Onu da qeyd edək ki, Azərbaycan da BƏƏ-yə investisiya yatırımlarını artırır. Bu, Dövlət Neft Fondunun xətti ilə həyata keçirilir. Belə ki, 2024-cü ilin iyununda fond BƏƏ-dəki “GEMS Education” təhsil şəbəkəsinə 100 milyon dollar yatırım etdiyini açıqlayıb. 2025-ci ilin may ayında isə ARDNF Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Məlumata görə, bu investisiya ARDNF-nin investisiya portfelini şaxələndirmək və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionundakı fəaliyyətini genişləndirmək strategiyasına xidmət edir.
O da məlum olub ki, Neft Fondu BƏƏ-yə böyük həcmdə yeni yatırım həyata keçirib. Söhbət Dövlət Neft Fondu və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik payın əldə edilməsindən gedir. Yatırımın həcminin 1 milyard dollardan yuxarı olduğu bildirilir.
Dünya SAKİT,
“Yeni Müsavat”






