ABŞ və Avropa Birliyi hazırda Ermənistanı Cənubi Qafqazda Qərbin əsas strateji tərəfdaşlarından birinə çevirmək niyyətini qətiyyən gizlətmir... Kremlin rəsmi İrəvana yönəlik ultimativ xəbərdarlıq mesajı isə Rusiyanın Ermənistana qarşı radikal addımlar atmaq niyyətinə düşə biləcəyini göstərir...
Ermənistanda Paşinyan hakimiyyətinin seçki qələbəsindən sonra Cənubi Qafqazda geopolitik proseslərin intensivləşməkdə olduğu müşahidə edilir. Belə ki, son vaxtlar ABŞ və Qərbin Rusiya ilə regional qarşıdurması yeni mərhələyə keçməyə, Cənubi Qafqaz üçün böyük geoiqtisadi əhəmiyyət daşıyan TRIPP layihəsi isə dünya nəhənglərinin geopolitik mübarizəsinin mərkəzinə yerləşməyə başlayıb. Və bu baxımdan, baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması, indi Ermənistandakı ölkədaxili siyasi proseslərlə yanaşı, həm də Cənubi Qafqazda geopolitik qarşıdurmanın da inkişaf istiqamətlərinə birbaşa təsir göstərə bilər.
Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazın gələcək geopolitik arxitekturasının hansı istiqamətdə formalaşa biləcəyi də tədricən aydınlaşmağa başlayıb. Belə ki, bir tərəfdən, son illərdə Ukraynada düşdüyü “savaş bataqlığı”nda ciddi şəkildə zəifləyən Rusiya rəsmi İrəvana qarşı təzyiq cəhdlərini intensivləşdirməyə çalışır. ABŞ və Avropa Birliyinin isə Cənubi Qafqaza yönəlik güclənməkdə olan maraqları Ermənistan üzərindən regiona konkret geopolitik müdaxilə addımları ilə müşayiət edilir. Digər tərəfdənsə, Azərbaycan-Ermənistan sülh prosesinin artıq tədricən yeni mərhələyə keçməsi və nəqliyyat-kommunikasiya layihələrinin aktuallaşması rəsmi İrəvanı birbaşa böyük güclərin geostrateji rəqabətində təzyiq göstərilməsi mümkün olan “zəif bəndə” çevirir.

Maraqlıdır ki, amerikalı politoloq Endryu Korıbko hazırda Ermənistanın qarşısında faktiki olaraq, iki fərqli və ziddiyyətli geopolitik model arasında seçim məcburiyyətinin dayandığına tamamilə əmindir. Onun fikrincə, birinci model Paşinyan hakimiyyətinin yürütdüyü Qərbyönlü xarici siyasət kursunun əvvəlkindən daha prinsipial şəkildə davam etdirilməsi ilə bağlıdır. Və ikinci modelə gəldikdəsə, bu istiqamət Rusiyanın agentura şəbəkəsinin tərkib hissəsi olan radikal-revanşist erməni müxalifətinin israr etdiyi kimi, məhz Kremllə geostrateji münasibətlərin yenidən bərpa olunması ehtimalıdır.
Təbii ki, baş nazir Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması rəsmi İrəvanın Qərbə yaxınlaşma prosesini sürətləndirə, eləcə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmasını daha da dərinləşdirə bilər. Ancaq Rusiyaya qarşı belə radikal kurs Ermənistanın siyasi müstəqilliyini Qərbin dəstəyi ilə möhkəmləndirmək məqsədi daşısa da, eyni zamanda, bu ölkəyə iqtisadi və enerji təhlükəsizliyi baxımından, olduqca ciddi risklər də yarada bilər. Çünki Rusiya Ermənistan iqtisadiyyatı üçün əsas ixrac bazarı rolunu oynayır, bu ölkənin enerji sistemində və nəqliyyat-kommunikasiya infrastrukturunda da Kremlin birbaşa təsir mexanizmləri hələ də güclüdür. Və bu səbəbdən də rəsmi İrəvanın Qərbə sürətlə yaxınlaşma kursu Ermənistanı iqtisadi baxımdan, olduqca ağrılı, hətta dağıdıcı keçid mərhələsi ilə üzləşdirə bilər.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin öz siyasi mövqelərini qorumasının daha bir önəmli geopolitik nəticələrindən biri də məhz ABŞ-ın da dəstəklədiyi TRIPP layihəsinin reallaşma ehtimalının ön plana keçməsi ilə bağlıdır. Belə ki, bu geoiqtisadi layihənin əsas məqsədi Azərbaycan və Ermənistanla yanaşı, həm də daha geniş geostrateji coğrafiyanı beynəlxalq nəqliyyat və ticarət şəbəkələrinə inteqrasiya etdirməkdir. Çünki bu, Şərqlə Qərb arasında yeni logistik marşrut formalaşdırmaq üçün geniş imkanlar açır. Və bu baxımdan, TRİPP layihəsi reallaşacağı təqdirdə, Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artmış olacaq.

Maraqlıdır ki, Azərbaycan üçün bu logistika layihəsi yalnız geoiqtisadi deyil, həm də geostrateji əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması Azərbaycanın tranzit potensialını daha da gücləndirə, Orta Dəhlizin inkişafını sürətləndirə və ölkəni Avropa ilə Orta Asiya arasında əsas logistika mərkəzlərindən birinə çevirə bilər. Və Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də uzun illərdən bəridir ki, Türk Dünyasını birləşdirən fasiləsiz nəqliyyat-kommunikasiya xəttinin yaradılmasını prioritet məqsədlərindən biri kimi ön planda saxlayır.
Onu da nəzərə almaq lazımdır ki, məhz bu səbəbdən də, ABŞ və Türkiyənin Cənubi Qafqazdakı regional maraqları bir çox məsələlərdə üst-üstə düşür. Yəni, ABŞ Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərini mümkün qədər zəiflətməyə çalışır. Türkiyə isə Türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanı genişləndirməyə cəhd göstərir. Və bu iki fərqli məqsədin Cənubi Qafqazda müəyyən mənada, eyni geopolitik xətt üzərində birləşdiyi də inkaredilməz reallıqdır.
Ancaq təbii ki, Kreml bu regional prosesləri Rusiyanın milli təhlükəsizlik maraqları baxımından qiymətləndirməyə üstünlük verir. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu barədə açıqlamaları da məhz Kremlin Cənubi Qafqazla bağlı ciddi narahatlığını açıq şəkildə göstərir. Çünki Kremldə hesab edirlər ki, Ermənistan həm Avropa Birliyinə yaxınlaşmağa cəhd göstərməklə yanaşı, həm də Avrasiya İqtisadi İttifaqının bütün sərfəli iqtisadi-ticari üstünlüklərindən istifadə edə bilməz. Və Rusiya siyasi dairələri üçün bu, Ermənistan tərəfindən dərhal edilməli olan geostrateji seçim məsələsidir.

Eyni zamanda, Kreml digər önəmli arqument kimi, məhz Ermənistanın dəmir yolu sisteminin rus şirkəti tərəfindən idarə olunmasını, eləcə də, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçilərinin mühafizə etməsini göstərir. Üstəlik, bu reallıq Rusiyanın Cənubi Qafqaz regionunun təhlükəsizlik və logistika sistemində hələ də önəmli təsir mexanizmlərinə malik olduğu anlamına da gəlir.
Ancaq bütün bunlara baxmayaraq, ABŞ və Avropa Birliyi hazırda Ermənistanı Cənubi Qafqazda Qərbin əsas tərəfdaşlarından birinə çevirmək niyyətini qətiyyən gizlətmir. Bu isə regionda Rusiya və Qərb arasında kəskin rəqabətli qarşıdurmanın yaxın gələcəkdə daha da dərinləşəcəyini göstərir. Çünki Kreml artıq rəsmi İrəvana TRİPP layihəsinin reallaşdırılması prosesində Rusiyanın həm mövqeyinin, həm də maraqlarının mütləq nəzərə alınmasının qaçılmaz olduğu barədə ultimativ xəbərdarlıq mesajı verib. Və bu isə öz növbəsində Rusiyanın Ermənistana qarşı radikal addımlar atmaq niyyətinə düşə biləcəyini göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu







