İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazdan Mərkəzi Asiyaya strateji körpü: Azərbaycan yeni geosiyasi mərhələ başladır

804 18.11.2025 13:19 Siyasət A A

Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq sürətlə inkişaf edib. Xüsusilə nəqliyyat-logistika, enerji, ticarət və humanitar sahələrdə tərəfdaşlıq yeni məzmun qazanıb, qarşılıqlı investisiyalar və birgə layihələr artıb. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal dialoq region ölkələri arasında siyasi yaxınlaşmanı daha da gücləndirib və əlaqələrin strateji xarakterini möhkəmləndirib.

Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı Azərbaycanın noyabrın 16-da Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını şərh edərkən bildirib.

WhatsApp Image 2025-11-18 at 13.18.37.jpeg (141 KB)

Ekspert diqqətə çatdırıb ki, Prezident İlham Əliyev sözügedən formata 2023 və 2024-cü illərdə də qonaq qismində qoşulub:

“Ümumiyyətlə, Azərbaycanın həmin formata tamhüquqlu iştirakçı kimi qoşulmasının əsas məqsədi tərəflər arasında iqtisadiyyat, nəqliyyat-logistika, energetika, təhlükəsizlik, infrastruktur və s. sahələrdə əməkdaşlığı daha da genişləndirməkdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yerləşməsinə baxmayaraq, bu gün Mərkəzi Asiya ölkələri ilə də vahid geosiyasi və geoiqtisadi region təşkil edir.

16 noyabr tarixində keçirilmiş görüş çərçivəsində dövlət başçıları sözügedən məsləhətləşmə formatının daha strateji oriyentasiyalı mexanizmə çevrilmə imkanını müzakirə ediblər. Belə ki, format çərçivəsində institusionallaşma prosesinin başlanması, o cümlədən katibliyin formalaşması imkanı da müzakirə edilib”.

Azərbaycanın bu formatdan gözləntiləri barədə danışan ekspert qeyd edib ki, sözügedən əməkdaşlıq forması ölkənin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da gücləndirəcək:

“Azərbaycan limanları, dəmir yolları və avtomobil yolları vasitəsilə daha çox yük axınının cəlb olunmasına şərait yaradacaq, Orta dəhliz çərçivəsində Azərbaycanın rolu və əhəmiyyəti artıracaq. Bundan başqa, sözügedən format ölkələr arasında qarşılıqlı ticarətin genişləndirilməsi, nəqliyyat-logistika, energetika, “yaşıl” enerji, texnologiyalar və digər sahələrdə birgə layihələr sayının artırılması, investisiyaların cəlb olunması üçün də faydalı olacaq. Gələcəkdə Azərbaycan Mərkəzi Asiya ölkələrinin üçüncü tərəflər, o cümlədən Avropa İttifaqı, ABŞ, Çin və digərləri ilə keçirdiyi görüşlərə qoşula bilər. Belə ki, burada format “5+1” deyil, artıq “6+1” olacaq.

Bu il keçirilən Mərkəzi Asiya + Aİ və Mərkəzi Asiya + ABŞ sammitləri çərçivəsində əksər layihələrin gerçəkləşməsini ancaq Azərbaycanın iştirakı ilə mümkün olmasını nəzərə alsaq, ölkənin bu formatlarda iştirakı da məntiqlidir.

Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının maraqlarının uzlaşdırılması, “Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Qara dəniz/Avropa” xətti üzrə fasiləsiz əlaqə zəncirinin yaradılması, regionun müstəqil güc mərkəzinə çevrilməsinə təsir edəcək.

Azərbaycanın gözləntilərinə görə, Mərkəzi Asiyanın məsləhətləşmə formatında iştirakı ölkənin əsas nəqliyyat-logistika qovşağı kimi rolunu daha da möhkəmləndirəcək və Orta dəhlizin güclənməsinə töhfə verəcək. Bu format nəqliyyat, energetika və investisiya sahələrində konkret birgə layihələrin həyata keçirilməsi üçün effektiv platformaya çevrilə bilər. Daha geniş mənada isə Azərbaycan bu prosesi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ümumi maraqlara və qarşılıqlı dəstəyə əsaslanan vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasına doğru mühüm addım kimi qiymətləndirir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR