Çin Xarici İşlər Nazirliyi ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı tərəflərə hərbi əməliyyatları yenidən başlamamağa, fikir ayrılıqlarını siyasi və diplomatik yollarla həll etməyə, həmçinin davamlı atəşkəsə nail olmağa çağırıb.
Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Yaxın Şərqdə artan gərginliyi şərh edərkən bildirib ki, ABŞ, İsrail və İran arasında üç ay davam edən müharibə həm Körfəz regionuna, həm də daha geniş Yaxın Şərq coğrafiyasına ciddi təsir göstərib.
“Baş verənlər göstərdi ki, hərbi üsullar problemlərin həlli deyil və gücdən özbaşına istifadə vəziyyəti daha da mürəkkəbləşdirir”, – deyə o vurğulayıb.
Lin Jian qeyd edib ki, ABŞ və İran arasında danışıqlar həlledici mərhələyə daxil olub. Onun sözlərinə görə, heç bir tərəf hərbi qarşıdurmanı yenidən alovlandırmamalı, region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməlidir.
Çin rəsmisi bütün tərəfləri təmkinli davranmağa çağıraraq, gərginliyi artıracaq addımlardan çəkinməyin vacibliyini qeyd edib. O bildirib ki, tərəflər münaqişələrin siyasi və diplomatik yollarla həlli, eləcə də hərtərəfli və uzunmüddətli atəşkəsin təmin olunması üçün birgə fəaliyyət göstərməlidirlər.
Xatırladaq ki, İsrail ötən saatlarda qüvvədə olan atəşkəsə baxmayaraq Livanın Tir bölgəsinə hava zərbələri endirib. Nəticədə azı 8 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bundan əvvəl İran İsrailin Livana qarşı hücumlarının bölgədə qarşıdurmanı yenidən alovlandıra biləcəyi barədə xəbərdarlıq etmişdi. İsrailin iyunun 7-də Beyruta endirdiyi hava zərbəsindən sonra Tehran cavab olaraq İsrail istiqamətində ballistik raketlər buraxmışdı. İsrail həmin raketləri zərərsizləşdirdiyini açıqlamış, daha sonra İrana cavab zərbələri endirmişdi.
Tərəflər dünən qarşılıqlı şəkildə hücumları dayandırdıqlarını bəyan etsələr də, İran Livana qarşı yeni hücumların baş verəcəyi təqdirdə İsrailə daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Könül
Musavat.com






