İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin-Rusiya təhlükəsizlik bloku güclənir? Dünya ÇALXALANIR 

619 03.12.2025 14:47 Siyasət A A

“ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin Ukrayna mövzusunu müzakirəsi məqsədilə Moskvaya səfər etdiyi gün Çinin xarici işlər naziri Van Yi də Rusiya paytaxtında idi. Bu iki səfər arasında xüsusi əlaqə olmasa da, Çin xarici işlər nazirinin Moskvada keçirdiyi görüşlərdə Rusiya-Ukrayna müharibəsinin gedişini müzakirə etdiyi istisna deyil”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Van Yinin Moskvadakı danışıqları xeyli narahatlıq doğurub:

“Van Yinin Moskvaya dekabrın əvvəlində səfər edəcəyi əvvəldən bəlli idi. ABŞ nümayəndə heyətinin Moskvaya səfəri isə son anda müəyyənləşib. Stiv Uitkoff Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla əlaqədar planını Kreml sahibi Vladimir Putinə təqdim edib.

Maraqlıdır ki, Çin xarici işlər nazirinin Moskvaya səfəri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti əsasında gerçəkləşib. Halbuki, Van Yi adətən rusiyalı həmkarı Sergey Lavrovun dəvəti əsasında Rusiyaya səfər edərdi. Bu dəfə fərqli olub. Bu o deməkdir ki, Van Yi ilə Moskvada keçirilən görüşdə daha çox təhlükəsizlik mövzuları müzakirə olunub.

Tərəflər Sakit Okean bölgəsindəki durumu müzakirə etməklə yanaşı, hərbi-texniki sahədə əməkdaşlığın inkişafı mövzuları ətrafında fikir mübadiləsi aparıblar. Oxşar müzakirələr bir il əvvəl Pekində keçirilib. Sergey Şoyqu Van Yi ilə görüşdə bölgədə geosiyasi vəziyyətin daha da ağırlaşdığını bildirib. O, buna görə də Çinin Rusiya ilə birgə hərəkət etməsinin vacibliyini söyləyib. Şoyqu Rusiyanın Çinin xarici və təhlükəsizlik siyasətini birmənalı dəstəklədiyini bir daha vurğulayıb”.

Politoloq vurğulayıb ki, Van Yinin bu səfəri Vaşinqtonla yanaşı, Tokio və Yeni Dehlinin də diqqətini çəkib:

“Vaşinqton Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın təhlükəli olduğu qənaətindədir. Çinin Yaponiya sahillərində hərbi gəmilərinin sayını artırması, həmin bölgədə Rusiya ilə birgə hərbi təlimlər keçirməsi Tokionu hərbi büdcəsini artırmağa vadar edib. Rusiya prezidenti Vladimir Putin Hindistana səfər etməlidir. Bu səfər ərəfəsində Van Yinin Moskvaya səfər etməsi Pekinin Rusiya ilə Hindistan arasında hərbi-texniki əməkdaşlığın hansı səviyyəyə qədər inkişaf edəcəyini öyrənməsiylə də əlaqəli ola bilər”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR