“Cinayət törədən şəxs üçün cəzalar aydındır. Axı pis yazan yazıçını necə cəzalandıraq? Bu sahədə cəza müəyyənləşdirmək mexanizmi yoxdur”.
Musavat.com bildirir ki, bu fikirləri filologiya elmləri doktoru, akademik Nizami Cəfərov media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyası zamanı səsləndirib.
Akademik qeyd edib ki, bir çox sahələrdə qanun pozuntularına görə konkret cəza mexanizmləri müəyyənləşdirildiyi halda, dil və mədəniyyət sahəsində bu mexanizmlər hələ də yetərincə formalaşmayıb: “Mədəniyyət və dil sahəsində müxtəlif layihələr hazırlanıb və bu proses aidiyyəti qurumlarla birgə həyata keçirilib. Lakin mövcud qanunlar praktikada real təsir mexanizmləri yaratmır və bir çox hallarda məsuliyyət məsələsi açıq qalır”.
Nizami Cəfərov vurğulayıb ki, mədəniyyət haqqında qanunvericilik hüquqi baxımdan gücləndirilməli, tələblər və məsuliyyət mexanizmləri dəqiq şəkildə müəyyənləşdirilməlidir. “Mədəniyyət sahəsində mövcud problemləri yalnız siyasi çağırışlarla həll etmək mümkün deyil. Bu sahə konkret hüquqi əsaslar üzərində qurulmalı və yaradıcı mühitin sağlam şəkildə formalaşmasına xidmət etməlidir”, – deyə akademik əlavə edib.
Xalidə Gəray,
Foto müəllifindir
Musavat.com






