Çin məktəblərində ev tapşırıqlarının yoxlanılması artıq süni intellektə həvalə olunub.
Musavat.com xəbər verir ki, neyroşəbəkələr şagirdlərin əl yazısı ilə yazılmış dəftərlərini skan edir, səhvləri avtomatik aşkar edir və qiymətləri formalaşdırır.
Yeni texnologiya riyaziyyat, fizika və digər dəqiq fənlər üzrə tapşırıqları saniyələr içində yoxlamağa imkan verir. İnşa və yaradıcı yazı işlərində isə son qərar yenə müəllimlərdə qalır — çünki alqoritmlər hələ də məna çalarlarını və yaradıcı yanaşmanı tam dəqiqliklə qiymətləndirə bilmir.
Sistem artıq Şanxay, Pekin və digər iri şəhərlərdə yüzlərlə məktəbdə tətbiq olunur. SPARK AI Grader kimi cihazlar müəllimlərin iş yükünü təxminən iki dəfə azaldır və onların əsas diqqətini mexaniki yoxlamadan çox, şagirdlərlə birbaşa tədris və izah prosesinə yönəltməyə imkan verir.
Ekspertlər hesab edirlər ki, bu yanaşma Çin təhsilində köklü dəyişikliklərin başlanğıcıdır və yaxın illərdə digər ölkələr üçün də nümunə ola bilər.
Musavat.com






