Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 1200-dən çox uşaq var.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.
Məlumata görə, həmin uşaqların hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi və ailə mühitində böyümə imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir:
“Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi işləri nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir”.
Agentlikdən bildirilib ki, görülən işlərin əsas məqsədi uşaqların təhlükəsiz, qayğıkeş və sağlam ailə mühitində böyüməsini təmin etməkdir.
“Hazırda altsistemdə qeydiyyatda olan və dövlət tərəfindən yaradılmış sosial xidmət müəssisələrində, sığınacaqlarda, eləcə də qeyri-hökumət təşkilatlarının nəzdində fəaliyyət göstərən sığınacaqlarda valideyn himayəsindən məhrum olmuş 1200-dən çox uşağa qayğı göstərilir”, - qurumdan qeyd olunub./Yeni Sabah






