Yaxud Orteqanı görəndə niyə gəncləşdim
Əhalinin sayının azalması haqqında ötən yazımda bir informasiya yadımdan çıxmışdı. Təzəlikcə sayın baş nazirimiz Əli müəllim xalqımızın tam siyahıya alınması münasibətiylə iclas keçirdi. Yəqin bunu da bilməmiş olmazsınız, hər 10 ildən bir hökumət bizi sayır. Hörmət mənasında saymaqdan söhbət getmir, onu hər saniyə sayırlar, riyazi hesablama baxımından sayılırıq.
Bu hesablamanın mənası odur ki, hökumət bizim nə qədər olduğumuzu biləndə rahat çalışır. Gələcəyimizi planlaşdırırlar, pensiyamız artırılır, neçə nəfərə uşaqpulu düşür, kim xaricə qaçıb və dəftər-kitabdan silinməlidir və sairə. Özü də sizə bildirim ki, bəlkə də bu siyahıyalınma yeganə prosedurdur yüksək dəqiqliklə həyata keçir.
Yadımdadır, bizim evə gəlmişdilər, hətta siyahı tutan məmurla yüngülvari süpürləşdik, çünki mən öz milliyyətimi siyahıda “marsiançik” yazdırmaq istəyirdim, o isə təkid edirdi ki, bizim ölkədə belə etnik azlıq yoxdur (Qabaqca “türk” yazdırmağa imkan verməmişdi). Nəsə, axırda ortaq məxrəcə gəldik, “azərbaycanlı” yazdı, çıxdı getdi.
Axırıncı dəfə 2019-cu ildə sayılmışıq, indiki də 2029-cu ilə düşəcəkdir. Ancaq məncə sayın baş nazirimiz bir qədər optimist düşünür. Ötən yazımda qeyd etdiyim kimi, biz millət olaraq şiddətlə azalırıq və bu gedişlə 2029-cu ildə saymağa adam tapılmaya bilər. Molla Nəsrəddinin küləkli havada ağzına qovurğa ata-ata yol getməyi əhvalatındakı kimi. Orda biri Molladan soruşurdu yediyi nədir, ustadımız söyləyirdi: “Külək belə əssə, heç nə”. Yaxşısı budur əhalinin siyahıya alınması bu payıza, uzağı gələn ilə salınsın. Xalqı payızda sayarlar.
Belə prosedur məsələləri dövlətçiliyin bel sütunudur. Hərçənd, bəzən bürokratik işlər xalqın zəhləsini tökür. Məsələn, Nikaraquada dövlət başçısı Daniel Orteqa bu günlərdə müdrik qərar çıxarmışdır, deyir bundan sonra bizdə seçki-meçki-zad olmayacaqdır.
Həqiqətən, artistliyə nə ehtiyac, əgər həmişə qutudan Orteqa müəllim, daha dəqiqi yoldaş Orteqa (bu kişi bizim Ramiz Mehdiyev kimi köhnə kommunistlərdəndir) özü çıxırdısa? Bu müsbət təcrübə bütün dünyaya yayılsa yaxşı olar. Seçki hamını bezdirib. Biz Biləcəridə hər dəfə təzə deputat, bələdiyyə seçməkdən yorulub əldən düşmüşük. Nə qədər yenilik olar? Bir deputata öyrəşməmiş, təzəsi gəlir...
Sözgəlişi, bizim Nikaraqua təcrübəsindən yararlanmağımızın vacibliyini hələ rəhmətlik Əbülfəz Elçibəy də gözəl anlayırdı. Onun sağlığında verdiyi bir intervü var, kim baxmayıbsa mütləq tapıb baxsın, Youtube-də linki qalmalıdır, orda bəy qəfildən deyir: “Son vaxtlar bir fikir beynimdə fırlanır. Bir söz, bir səda gəzir - Ey, Manaqua, mən dəniz qurduyam, məni duyarmısan? Deyirlər məhkəmə olacaq, filan olacaq... Və elə birdən beynimə gəlir, Ey Manaqua, mən dəniz qurduyam, məni duyarmısan?”.
Neçə illər xalq baş sındırırdı, bu sədanın sirrini çözə bilmirdi. İndi Orteqa seçkiləri ləğv edəndə mövzunu nəhayət, anladıq, axı Manaqua Nikaraquanın paytaxtıdır!..
Bürokratik işlərdə geyim-kecimə də diqqət edirlər. Məsələn, bu yaxında Naxçıvanda iki-üç nəfər Ali Sovetdəki vəzifəsindən çıxarıldı. Deyirlər, onların birini idarəyə... şortikdə gəldiyi üçün azad ediblər. Buyurun. Gör Vasif müəllimdən sonra Naxçıvanda nə qədər sərbəstlik yaranıbmış. Ancaq azadlıqdan sui-istifadə də olmaz.
Türkiyənin Qars-Ərdəhan tərəflərində isə bir valini velosipedi dar şalvarla (tayt) sürdüyü üçün işdən qovdular. Yetim hələ də izah eləməyə çalışır ki, velosipedi başqa geyimlə, məsələn, qalstuklu kostyumla sürə bilməzdi.
Hələlik bu qədər. Sonda bir arzumu yazım, hələ uşaq vaxtından Manaquanı görmək istəyirəm. O vaxt biz SSRİ-də yaşayırdıq və Daniel Orteqanın Sandinistləri ilə Somosaçılar bir-birini qırırdılar, hər gün “Zaman” xəbərlər proqramında bu haqda süjet verilirdi. İndi Orteqanı təzədən görəndə cavanlaşdım.






