İnsanlara hürriyət, millətlərə istiqlal!

Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR

447 22.07.2026 17:13 Siyasət A A

Türkiyə siyasətində uzun illərdir görünməyən miqyasda siyasi böhran yaşanır. Cümhuriyyət Xalq Partiyasının (CHP) məhkəmə yolu ilə sədrliyi əlindən alınan Özgür Özəlin təşkilatdan istefa verməsi və yeni siyasi partiya yaradacağını elan etməsi ölkədə siyasi gündəmi tamamilə dəyişib.

Musavat.com xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Özgür Özəlin istefasından cəmi bir saat sonra CHP-ni 400 minə yaxın üzv tərk edib.

Kütləvi istefalar səbəbindən elektron hökumət (e-Devlet) sistemində partiya üzvlüyünün ləğvi ilə bağlı texniki problemlərin yarandığı bildirilir.

Məlumata əsasən, CHP kürsüsündən son çıxışını edən Özgür Özəl partiyadan ayrıldığını rəsmən bəyan edib. İddialara görə, onun çıxışını izləyən CHP-nin 82 millət vəkilinin də Özəllə birlikdə yeni yaradılacaq siyasi partiyaya qoşulacağı gözlənilir.

Bu proses təsdiqini tapacağı halda, Türkiyə siyasətində qüvvələr balansı ciddi şəkildə dəyişə bilər. Çünki CHP təkcə müxalifətin ən böyük partiyası deyil, həm də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tərəfindən 1923-cü ildə yaradılıb və ölkənin ən qədim siyasi təşkilatı hesab olunur.

CHP-də yaşanan bu böhran Atatürkün qurduğu partiyanın tarixində ən böyük parçalanmadırmı? Özgür Özəlin yeni partiyası CHP-nin əsas elektoratını özünə çəkə biləcəkmi? 82 deputatın da ayrılması təsdiqlənərsə, Türkiyə parlamentində siyasi balans necə dəyişəcək? CHP uzun illərdən sonra əsas müxalifət statusunu itirə bilərmi?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı Türkiyənin ana müxalifəti üçün gözlənilən risklərdən söz açdı:

“CHP tarixində parçalanmalar olub, lakin hazırda baş verən bölünmə daha böyük böhran hesab olunur və Türkiyə siyasətində tarazılığa təsir edə biləcək baxımından ciddi hadisədir. CHP üçün iki ciddi risk var. Birincisi, ana müxalifət mövqeyini itirmək təhlükəsidir. Çünki 80-100 millət vəkilinin Özəlin quracağı yeni partiyaya keçəcəyi haqda məlumatlar var. Bu, halda yeni partiya CHP-nin ana müxalifət statusunu əlindən alacaq. İkincisi, elektoratın bölünməsi, CHP-nin kiçilməsi təhlükəsi yaranıb. Hazırda 400 minə yaxın üzvün partiyadan ayrıldığı məlumatı var, lakin Özəl yeni partiyanı elan etdikdən və təşkilatlanma işləri başlandıqdan sonra elektoratın köçü daha da arta bilər. Bu proseslər Türkiyə daxili siyasətində tarazılığı dəyişdirəcək. Baş verənlər bir tərəfdən hakim partiyanın xeyrinədir, çünki müxalifətin parçalanması seçki mübarizəsini daha asan edir, digər tərəfdən isə tarazılığın pozulması yeni siyasi qüvvələrin önünü aça və gələcəkdə siyasi mənzərəni dəyişdirə bilər. Bunu hadisələrin inkişafı göstərəcək, yaxın perspektivdə isə CHP-nin ciddi itkilərlə üzləşəcəyi aydın görünür”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR