İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağış altında başlayan yol dünya futbolunun zirvəsinə uzandı - Haalandın heç yerdə oxumadığınız həyat hekayəsi...

523 22.07.2026 16:31 İdman A A

Bəzən tarix ən böyük qəhrəmanlarını gurultulu şəhərlərdə deyil, sakit küçələrdə, kiçik qəsəbələrdə yetişdirir. Dünya futbolunun son illərdə gördüyü ən güclü hücumçulardan biri olan Erlinq Braut Haalandın həyatı da məhz belə başlayıb. Bu, təkcə rekordlar qıran bir futbolçunun deyil, zəhmətə, intizama və arzulara sadiq qalan bir insanın hekayəsidir.

2000-ci il iyulun 21-də İngiltərənin Lids şəhərində dünyaya gələn Erlinq futbolun içində doğulmuşdu. Atası Alf-Inge Haaland İngiltərə Premyer Liqasında çıxış edən peşəkar futbolçu idi. Anası Qrid Marita Braut isə keçmiş yeddiatlonçu idi. Bu ailədə idman sadəcə peşə deyildi, həyatın ayrılmaz hissəsi idi. Lakin Erlinq hələ çox kiçik yaşlarında ailəsi ilə birlikdə Norveçin Bryne şəhərinə köçdü. Məhz burada onun xarakteri formalaşdı. Sakit küçələr, yaşıl çəmənliklər və kiçik stadionlar gələcəyin dünya ulduzunun ilk səhnəsinə çevrildi. Top onun ən yaxın dostu idi. Brynedə digər uşaqlar kimi oynasa da, Erlinq üçün futbol sadəcə əyləncə deyildi. O, topu ayağına alan kimi zaman dayanırdı. Məğlub olmağı qəbul etmirdi. Qələbə onun üçün vərdiş idi. Saatlarla məşq edir, zərbələrini təkrarlayır, qaçışını sürətləndirirdi. Hətta hava yağışlı və şaxtalı olanda belə məşqlərdən qalmırdı. Məşqçiləri sonralar deyirdilər ki, Erlinqi digərlərindən fərqləndirən ən böyük xüsusiyyət onun istedadı yox, yorulmaq bilməyən əzmi idi.

WhatsApp Image 2026-07-22 at 14.11.28.jpeg (111 KB)

15 yaşında Bryne klubunda peşəkar futbola qədəm qoyan Haaland çox keçmədən Norveçin “Molde” klubunun diqqətini çəkdi. Burada onun taleyində mühüm rol oynayan məşqçi Ole Gunnar Sulşer idi. Sulşer gənc hücumçunun qeyri-adi potensialını görürdü. O, Erlinqə təkcə futbol öyrətmədi, həm də peşəkar həyatın nə demək olduğunu başa saldı. Məhz bu dövrdə Haaland gücünü, sürətini və bitiriciliyini daha da inkişaf etdirdi.

Avropa futbolunu silkələyən partlayış 2019-cu ildə reallaşdı. Haalandın Avstriyanın “Red Bull Salzburg” klubuna keçidi onun həyatını dəyişdi. Çempionlar Liqasındakı ilk oyunlarından etibarən ardıcıl qollar vurmağa başladı. Futbol ictimaiyyəti birdən-birə bu sarışın, uzunboylu norveçli haqqında danışmağa başladı. Onun sürəti, fiziki gücü və qapı qarşısındakı soyuqqanlılığı hər kəsi heyrətləndirirdi. Bir neçə ay ərzində Avropanın ən böyük klubları onu transfer etmək üçün yarışa girdilər. 2020-ci ilin yanvarında Almaniyanın "Borussiya Dortmund" klubuna keçid Haalandın karyerasında dönüş nöqtəsi oldu. Bir növ o sanki yenidən doğuldu.

WhatsApp Image 2026-07-22 at 14.11.27.jpeg (124 KB)

Bundesliqadakı debütündə sonradan meydana daxil olub cəmi 23 dəqiqəyə het-trik etməsi bütün dünyada manşetlərə çevrildi. Hər həftə yeni rekord qırılırdı. Onun üçün hər oyun yeni qol demək idi. Azarkeşlər onu "qol maşını", ekspertlər isə "gələcəyin ən böyük hücumçusu" adlandırırdılar.

2022-ci ildə Haaland uşaqlıq arzularından birini reallaşdıraraq, dünyanın ən böyük səhnələrindən birini fəth etdi. O, İngiltərəyə qayıdaraq "Mançester Siti"yə transfer olundu. Pep Qvardiolanın rəhbərliyi altında ilk mövsümdəcə Premyer Liqanın qol rekordlarını alt-üst etdi. Komandası ilə Premyer Liqanı, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq tarixi "trebl"ə imza atdı. Artıq futbol dünyasında onun adı Lionel Messi, Kriştiano Ronaldo və Kilian Mbappe ilə eyni cümlədə çəkilirdi.

WhatsApp Image 2026-07-22 at 14.11.27 (1).jpeg (122 KB)

Haalandın uğuru təsadüfi saymaq ona qarşı ən böyük haqsızlıq olardı. Norveçin ulduzu gündə 8-9 saat keyfiyyətli yuxuya üstünlük verir. Qidalanmasına ciddi nəzarət edir. Məşqdən sonra bərpa prosesinə xüsusi vaxt ayırır. Psixoloji hazırlığa da fiziki hazırlıq qədər önəm verir. Onun fikrincə, istedad yalnız başlanğıcdır. Zirvədə qalmaq üçün intizam əsas şərtdir.

WhatsApp Image 2026-07-22 at 14.11.28 (1).jpeg (99 KB)

Meydandan kənardakı Erlinq azarkeşlərin meydanda gördüyü sərt və amansız hücumçu deyil. O, gündəlik həyatda tamam fərqli insandır. Ailəsinə çox bağlıdır. Norveç təbiətində vaxt keçirməyi sevir. Sadə həyat tərzini qorumağa çalışır. Şöhrət və milyonlarla dollar qazansa da, uşaqlıq dostları ilə münasibətlərini qoruyub saxlayıb. Haaland dəfələrlə bildirib ki, onun ən böyük arzularından biri Norveçi dünya və Avropa çempionatlarında uğura aparmaqdır. Bu ilki mundialda bir qədər o hədəfə yaxınlaşmışdı… Bu məqsəd uğrunda hər dəfə millinin formasını xüsusi qürurla geyinir. Çətinliklərsiz zirvə olmur. Onun yolu yalnız uğurlardan ibarət olmayıb. Zədələr, tənqidlər, uğursuz oyunlar və böyük gözləntilər bəzən ona ağır təsir edib. Lakin hər dəfə meydanlara daha güclü qayıtmağı bacarıb. Bu xüsusiyyət onu digər böyük futbolçulardan fərqləndirən əsas cəhətlərdən biridir.

WhatsApp Image 2026-07-22 at 14.11.27 (2).jpeg (72 KB)

Bu gün Erlinq Haaland artıq təkcə Norveçin deyil, bütün dünyanın tanıdığı futbolçudur. Onun adı rekordlarla, qollarla və qələbələrlə yanaşı çəkilir. Lakin onun hekayəsinin ən təsirli tərəfi kuboklar deyil. Ən böyük dərs odur ki, kiçik bir şəhərdə böyüyən, hər gün eyni meydançada saatlarla çalışan bir uşaq inamını itirmədiyi üçün dünyanın zirvəsinə yüksələ bildi. Hələ bu gün 26 yaşı tamam olan Haalandın qarşısında uzun illər var.

WhatsApp Image 2026-07-22 at 14.11.29.jpeg (95 KB)

Qarşıdakı mövsümlərdə yeni rekordlar, kuboklar və tarix səhifələri yazacağına inananların sayı milyonlarla ölçülür. Kim bilir, bəlkə də gələcək nəsillər futbol tarixini Messi və Ronaldo dövründən sonra "Haaland dövrü" kimi xatırlayacaqlar. Çünki bəzi futbolçular sadəcə oyun oynamırlar. Onlar bir dövr yaradırlar. Erlinq Braut Haaland da məhz belə futbolçulardan biridir, zəhmətin, iradənin və böyük arzuların canlı simvolu...

WhatsApp Image 2026-07-22 at 14.11.27 (3).jpeg (70 KB)

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR