Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi və Beynəlxalq Demokratlar Birliyi (UID) Azərbaycan-ın birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Musavat.com-un məlumatına görə, UID Azərbaycan Bölgə Sədrinin müavini Ramazan Karaşahin media mənsublarını səmimi salamlayaraq, Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü ilə bağlı fikirlərini bölüşdü.
Bildirdi ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyi və UAİD Azərbaycan Azərbaycandakı mətbuat nümayəndələrinin bir qrupu ilə bir araya gəlmək, mətbuat tariximizin işıqlı səhifələrindən bəhs etmək və bu günü birlikdə qeyd etmək qərarına gəliblər.

Milli mətbuatımızın yaranmasının 151-ci ildönümü ilə bağlı UID adından təbriklərini çatdıran Ramazan bəy “Arzu edirik ki, gələcək illərdə də mətbuatımız öz azad iradəsi ilə inkişaf edərək, bütün dünyada sözünü deyə bilən, beynəlxalq platformalarda öz mövqeyini ifadə edən bir səviyyəyə çatsın”, deyə bildirdi. Natiq qeyd etdi ki, Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən ilk qəzetimiz – “Əkinçi” qəzeti ilə fəaliyyətə başlayıb, o vaxtdan bu günə qədər uzun bir inkişaf yolu keçib:
“Əvvəlcə qələm və kağızdan başlayan bu yol qəzet çapı, makinalar, daha sonra kompüterlər və rəqəmsal texnologiyalarla davam edib. Bu gün isə Azərbaycan mətbuatı süni intellektdən də istifadə edərək dünya mediası ilə rəqabət apara biləcək, xəbərləri daha operativ və daha dəqiq şəkildə dünyaya çatdıra biləcək bir səviyyəyə yüksəlməkdədir. Azərbaycan milli mətbuatının tarix boyu keçdiyi inkişaf yoluna nəzər saldıqda görürük ki, doğru xəbərin xalqa çatdırılması, düzgün məlumatın verilməsi, ictimai fikrin formalaşdırılması, ölkənin milli birlik və bərabərliyinin qorunması, xalqın nəbzinin tutulması və cəmiyyətin məlumatlandırılması baxımından mətbuat bizim üçün ən önəmli dəyərlərdən biridir. Necə ki, bir siyasətçi, hökumət və ya dövlət adamı ölkəsini qətiyyətlə müdafiə edə bilir, mətbuat da cəmiyyəti düzgün məlumatlandırmaqla ölkəsini müdafiə edir, müstəqilliyini qoruyur və onun uğrunda öz sözünü deyə bilir”.
R.Karaşahin bunu İkinci Qarabağ müharibəsi zamanı da gördüyümüzü xatırlatdı:
“Azərbaycanın haqlı mövqeyinin dünya mediasında düzgün dillə, doğru ifadələrlə təqdim olunmasında Azərbaycan və Türkiyə mediası çox mühüm rol oynadı”.
Sədr müavini Türkiyə və Azərbaycan, ümumilikdə Türk dünyasının maraqları uğrunda fəaliyyət göstərən UID Azərbaycan haqqında da iştirakçıları məlumatlandırdı. Bidlirdi ki, UID Almaniyada yaradılmış bir vətəndaş cəmiyyəti təşkilatıdır:
“Lakin bu təşkilat sırf biznes yönümlü qurumlardan fərqli olaraq, Türk diasporunu ön planda tutan bir təşkilati quruluşa malikdir. Hazırda dünyanın müxtəlif ölkələrində çoxsaylı təşkilat mərkəzlərimiz, yüzlərlə nümayəndəliyimiz və minlərlə üzvümüz fəaliyyət göstərir. Dünyanın bir çox nöqtəsində sözünü deyə bilən güclü bir vətəndaş cəmiyyəti təşkilatına çevrilmişik. Bunun əsas səbəblərindən biri də mətbuatın dəstəyidir. Çünki bir vətəndaş cəmiyyəti təşkilatı nə qədər doğru iş görsə də, gördüyü işlərin sürətlə yayılması üçün internet, sosial media və mətbuatın imkanlarından istifadə etməsi vacibdir. Biz də bu vasitələrdən istifadə edərək sürətlə böyüdük. Bu gün artıq dünyada güclü bir Türk diasporu formalaşıb. Dövlətlərin rəsmi diaspor qurumları olduğu kimi, vətəndaş cəmiyyətinin öz təşəbbüsü ilə formalaşdırdığı diaspora təşkilatları da fəaliyyət göstərir. Xalqın içindən gəldikləri üçün onlar daha çevik fəaliyyət göstərir və sözlərini daha sürətlə aidiyyəti yerlərə çatdıra bilirlər”.

R.Karaşahin qeyd etdi ki, bu gün xüsusilə Avropada və türk xalqlarının hüquqlarının pozulduğu bölgələrdə bizim mühüm vəzifələrimiz var:
“Dünyanın harasında türk mənşəli insanlar yaşayırsa, istər uyğur türkü, istər özbək, istər azərbaycanlı olsun, onların yaşadığı ölkələrdə hüquqlarının qorunması istiqamətində fəaliyyət göstəririk. Azərbaycanda da fəaliyyətimizi bu anlayış əsasında davam etdiririk. Burada “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət edirik. Kimliyimizi, dəyərlərimizi və mədəniyyətimizi yaşatmaq, bu həmrəyliyi daha da gücləndirmək məqsədilə müxtəlif layihələr həyata keçiririk. Gənclərə və qadınlara yönəlmiş tədbirlər vasitəsilə adət-ənənələrimizi yaşatmağa çalışırıq. Beləliklə, tariximizi və milli dəyərlərimizi gələcək nəsillərə çatdıra biləcəyik. Bunu isə sizin, yəni mətbuat nümayəndələrinin dəstəyi sayəsində həyata keçirə bilərik. Çünki mətbuatın rolu keçmişdə necə mühüm idisə, bu gün də daha da artaraq davam edir”.
C.Karaşahin bildirdi ki, bu gün aramızda Türkiyə səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir də iştirak edir: “Bu təşkilatın formalaşmasında və bugünkü görüşün təşkilində Cihangir bəyin böyük əməyi olub. Burada bir daha ona təşəkkürümüzü bildiririk”.
Natiq bildirdi ki, Azərbaycanda bundan sonra da tariximizi və mədəniyyətimizi tanıdan konfranslar, tədbirlər təşkil edəcək, beynəlxalq platformalarda haqlı mövqeyimizi müxtəlif dillərdə təqdim etməyə davam edəcəyik:
“Dünyanın müxtəlif ölkələrində Azərbaycanı daha yaxından tanıtmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Sizi də hər zaman yanımızda görmək istəyirik. Bu gün burada ildönümü münasibətilə bir araya gəlmişik. Gələcəkdə isə Azərbaycanın müxtəlif rayon və bölgələrində keçiriləcək tədbirlərdə də birlikdə olmağı arzulayırıq. Həm həmin bölgələri tanıtmaq, həm də yerli birlik və həmrəyliyi gücləndirmək baxımından sizin iştirakınız bizi çox sevindirər. Biz UAİD olaraq hər zaman buradayıq. Mərkəzi ofisimizdə də sizi məmnuniyyətlə gözləyirik”.

Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan da təbriklərini və təkliflərini səsləndirdi.
Qeyd edək ki, Beynəlxalq Demokratlar Birliyi (UID) 2004-cü ildə Almaniyanın Köln şəhərində təsis edilib. Bu gün UID 32 ölkədə, 60-dan çox regional təşkilatı, 300-ə yaxın filialı və 35 minə yaxın üzvü ilə fəaliyyət göstərən dünyanın en böyük Türk diasporu qeyri-hökumət təşkilatlarından biridir. UID-nin məqsədi Türk diasporunun və Türk soylu icmaların birlik və bərabərliyini möhkəmləndirmək, milli və mənəvi dəyərləri yaşatmaq, Türkiyənin və Türk dünyasının beynəlxalq aləmdə düzgün təmsil olunmasına töhfə verməkdir.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir UID Azərbaycan-a uğurlar arzulayaraq, Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırdı: C.İşbilir TRT və Anadolu Agentliyi Azərbaycan mətbuatında xidmət göstərən mühüm qurumlardan olduğunu deyərək, onların əməkdaşlarına da təbriklərini ünvanladı.
“Onlar xarici media qurumları kimi deyil, milli mətbuatın bir hissəsi kimi fəaliyyət göstərirlər”, deyə Cihangir bəy əlavə etdi.
Mətbuat müşaviri Türkiyə ilə Azərbaycanın bütün sahələrdə birgə addımladığı fəxarətlə qeyd etdi:
“Bəli, iki dövlətik, amma lazım gəldikdə bir dövlət kimi hərəkət edirik. Mediamız da vahid media kimi fəaliyyət göstərə biləcək potensiala və imkanlara malikdir. Zaman-zaman müəyyən problemlər yaşana bilər. İnformasiya sahəsində müxtəlif çətinliklərlə qarşılaşa bilərik, bəzi məsələlər yanlış başa düşülə bilər. Lakin bunları hamınızın dəstəyi ilə birlikdə operativ şəkildə aradan qaldırırıq. İstər Azərbaycanla, istərsə də Türkiyə ilə bağlı məsələlərdə əməkdaşlığımız Həsən bəy Zərdabidən etibarən hər dövrdə daha da möhkəmlənərək davam edib. İstanbul mətbuatının Azərbaycan mətbuatına, Azərbaycan mətbuatının isə Türkiyə mətbuatına böyük töhfələri olub. Mənim çalışdığım qurum da Milli Mübarizə dövründə Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Anadolu Agentliyidir. Onun ilk İdarə Heyətinin sədri isə Şuşadan olan Əhməd bəy (Ağaoğlu) idi. Bu əlaqələr və əməkdaşlıq heç vaxt zəifləməyib. Həmişə birlikdə olmuşuq. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər zamanı və sonrasında bunu bir daha xatırladıq. Bir çox xatirələr yenidən canlandı. Daha sonra fərqli bir mübarizə mərhələsi başladı. Bunun nümunələrini hər gün görürsünüz. Güclü informasiya müharibəsi başladı. Şuşa Bəyannaməsindən sonra Türkiyə–Azərbaycan Ortaq Media Platforması yaradıldı. Belə qurumları yaratmaq və razılaşmalar əldə etmək asan deyil. Amma onları həyata keçirmək daha çətindir. O gündən bu günə qədər bu əməkdaşlığı necə inkişaf etdirə biləcəyimizi müzakirə edirik. Türkiyə və Azərbaycanın aidiyyəti qurumları bu əməkdaşlığı daha da möhkəmləndirmək üçün bütün sahələrdə çalışmağa davam edirlər”.
C.İşbilir Azərbaycanın media nümayəndələri ilə əvvəllər də dəfələrlə bir araya gəldiklərini, müxtəlif layihələr hazırladıqlarını xatırlatdı:
“Onların bir hissəsi həyata keçirildi, digər hissəsi isə icra mərhələsini gözləyir. Mən ümid edirəm ki, sizin kimi vətənpərvər və peşəkar jurnalistlərin sayəsində Ortaq Media Platformamız daha da inkişaf edəcək. Bunu yalnız birlik və həmrəylik şəraitində çalışaraq bacara bilərik. Milli Mətbuat Günü münasibətilə başda Həsən bəy Zərdabi olmaqla bütün ustadlarımızı ehtiramla yad edirik. Onlar bu millətin və dövlətlərimizin qəhrəman övladları, qələmləri ilə mübarizə aparmış fədakar insanları olublar. Sağ olan ustadlarımıza möhkəm cansağlığı arzulayıram. Gənclərimizə isə böyük uğurlar diləyirəm. Ramazan bəyin də qeyd etdiyi kimi, qarşıdakı aylarda və illərdə fəaliyyətimizi daha da genişləndirərək bölgələrdə, o cümlədən Naxçıvanda da müxtəlif tədbirlər keçirmək istəyirik. Bu məsələləri Media İnkişaf Agentliyi ilə birlikdə müzakirə edirik. Sizin hər bir layihə və əməkdaşlıq təklifinizə açığıq. Buyurun, həm bizə, həm də digər qurumlarımıza müraciət edin. Birlikdə yeni layihələr hazırlayaq və daha nələr edə biləcəyimizi müzakirə edək”.
TRT Azərbaycanın yeni rəhbəri Səfa Burak Bozay çıxışına “mən də azərbaycanlıyam. Buna görə özümü sizə daha yaxın hiss edirəm və dəstəyinizi gözləyirəm. Hamınızın Milli Mətbuat Günü mübarək olsun”, deyərək başladı. Məlum oldu ki, Səfa bəy İğdır azərbaycanlılarındandır. TRT-nin yeni rəhbəri hədəflərindən qısaca bəhs edərkən “Gəlin birlikdə TRT üçün də faydalı olaq və gözəl layihələr həyata keçirək. Mənim əsas məqsədim sosial mediada Azərbaycanı Türkiyəyə, Türkiyəni isə Azərbaycana daha yaxından tanıtmaqdır. İnşallah, bunu uğurlu layihələrlə həyata keçirəcəyik. İnşallah, gələcək illərdə də burada olacağam. Hər birinizə uğurlar arzulayıram”.
Daha sonra tədbirin təşkilatçılığında xeyli əmək sərf etmiş UID Azərbaycan Tanıtım, Media və İnformasiya Texnologiyaları üzrə Bölmə sədri Zekai Arabaci çıxış edərək Azərbaycan media mənsublarını təbrik etdi, həmçinin qarşıdakı planlardan danışdı.
Azərbaycanda çox sevilən, 44 günlük savaşda Qarabağ həqiqətlərinin yayılmasında böyük fədakarlıq etmiş CNN Türk-ün aparıcısı Fulya Öztürkun da telefonla tədbirə qoşulması çox xoş oldu. Fulya xanım da azərbaycanlı həmkarlarını peşə bayramı münasibətilə təbrik etdi, mediamızın qarşısında duran əsas vəzifələrdən danışdı.
“Yeni Müsavat”ın əməkdaşı olaraq biz də milli mətbuatımızın yaranması münasibətilə təbriklərimizi çatdırdıq. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini yaratmaqla həm də gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yolunda əzmkar fəaliyyət göstərdiyini qeyd etdik.

Həmçinin, Türkiyə, Azərbaycan və bütövlükdə Türk Dünyası naminə media nümayəndələrinin görməli olduğu işlərdən bəhs etdik, həmçinin vaxtilə Qarabağ həqiqətlərinin yayılmasında Türk diasporu və mediasının potensialından istifadə etdiyimiz kimi, bundan sonra Quzey Kıprıs Türk Cümhuriyyətinin haqqına qovuşmasından ötrü gücümüzü səfərbər etməyimizin zəruriliyindən bəhs etdik.

Elşad Paşasoy,
Musavat.com






