İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricə gedən rusiyalılara qarşı sərt qanun

434 22.07.2026 16:22 Dünya A A

Rusiya Dövlət Duması ölkəni tərk etmiş və hakimiyyət tərəfindən “dövlətə zərər vurmaqda” ittiham olunan şəxslərə qarşı yeni məhdudiyyətlər nəzərdə tutan qanun paketini yekdilliklə qəbul edib. Rusiya mediasında yeni qaydalar artıq “vətəndaş ölümü” qanunu kimi xarakterizə olunur.

Musavat.com xəbər verir ki, yekun oxunuşda 413 deputat qanunun lehinə səs verib, əleyhinə isə bir nəfər belə olmayıb.

Müzakirələr Rusiyanı tərk edən şəxslərə qarşı son dərəcə sərt ritorika ilə müşayiət olunub.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin xaricə gedərək Rusiya hakimiyyətini tənqid edən şəxsləri faktiki olaraq müxalifət deyil, “xain” və “cinayətkar” adlandırıb.

“Xaricə gedib ölkəyə zərər vuran müxalifət deyil, xaindir. Bunlar cinayətkarlardır və biz bunu açıq şəkildə deməliyik”, – Volodin bildirib.

Duma sədri xaricdə yaşayan hakimiyyət əleyhdarlarının Qərb dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərdiyini iddia edib. Onun sözlərinə görə, “əsl müxalifət” xaricdən dəstəyə ehtiyac duymur və siyasi məsələlər Rusiyanın daxilində həll edilməlidir.

Volodin çıxışında daha da irəli gedərək Rusiyanı tərk edən bəzi şəxsləri “tör-töküntü” adlandırıb:

“Burada doğulan, valideynləri və kökləri burada olan insan başa düşməlidir ki, ölkəsinə qarşı gedirsə, valideynlərinə və əcdadlarına da xəyanət edir... Övladları tör-töküntüyə çevriliblər. Bu gün biz məhz belə adamlarla bağlı qanun qəbul edirik”.

O, media qurumlarına da xəbərdarlıq edərək xaricdə yaşayan şəxsləri “siyasi müxalifət” kimi təqdim etməməyə çağırıb. Volodin Rusiyada söz azadlığının olduğunu desə də, əlavə edib ki, “ondan sui-istifadə etmək lazım deyil”.

Dumanın Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskaryov isə qanunun zəruriliyini xaricə gedən rusiyalıların Qərb və Ukrayna xüsusi xidmət orqanlarının təsiri altına düşə bilməsi ilə əsaslandırıb.

Onun iddiasına görə, son dövrdə xarici dövlətlər Rusiyaya 100-dən çox şəxsin ekstradisiyasından imtina edib. Onların arasında 29 korrupsiya cinayətində və 23 terrorçuluqda ittiham olunan şəxs var.

Piskaryov xüsusilə ölkədən gedənlərin Rusiyada qalan əmlak və gəlirlərinə diqqət çəkib. O bildirib ki, həmin şəxslərin bir çoxunun Rusiyada daşınmaz əmlakı, investisiyaları və digər gəlir mənbələri qalır və bunlardan hakimiyyət əleyhinə fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə oluna bilər.

Maraqlıdır ki, parlamentdəki digər partiyaların nümayəndələri də qanuna etiraz etməyib, əksinə, onun daha da sərtləşdirilməsini istəyiblər.

Kommunist Partiyasından Nikolay Kolomeytsev Rusiyanı tərk edən bəzi keçmiş yüksək vəzifəli şəxsləri “beşinci kolon” adlandıraraq qanunun imkanlarının genişləndirilməsini təklif edib. “Vahid Rusiya”dan Andrey Alşevskix isə yeni qanunun “zərərvericilərə” gec-tez məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq olduğunu bildirib.

Yeni qaydalara məruz qalacaq şəxslərin xüsusi reyestrini Rusiya Ədliyyə Nazirliyi aparacaq. Reyestr üçün məlumatları Baş Prokurorluq, Federal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi, Federal Məhkəmə İcraçıları Xidməti və Federal Vergi Xidməti təqdim edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR