Böyük Britaniyanın yeni baş naziri Endi Börnham hökumətinin xarici siyasət və təhlükəsizlik xəttini müəyyənləşdirəcək əsas simaları seçib. Yeni komandada Con Hili maliyyə naziri, Ed Milibend xarici işlər naziri, Ues Stritinq isə müdafiə naziri postunu tutub.
Musavat.com xəbər verir ki, “Politico” yeni Britaniya hökumətinin xarici siyasət kursunun necə formalaşa biləcəyini təhlil edib.
Nəşrin yazdığına görə, Börnham qarşısında mürəkkəb vəzifə dayanır: bir tərəfdən NATO çərçivəsində müdafiə xərclərini ciddi şəkildə artırmalı, digər tərəfdən isə Leyboristlər Partiyasının daha mütərəqqi xarici siyasət xəttini davam etdirməlidir.
Bu siyasətdə əsas fiqurlardan biri yeni maliyyə naziri Con Hili olacaq. Maraqlıdır ki, Hili cəmi bir ay əvvəl müdafiə xərcləri məsələsində Maliyyə Nazirliyi ilə ciddi fikir ayrılığına görə müdafiə naziri vəzifəsindən istefa vermişdi. İndi isə büdcənin açarları məhz onun əlindədir.
Börnham NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığında Hilinin maliyyə naziri təyin edilməsinin hökumətin niyyətinin göstəricisi olduğunu açıq şəkildə bildirib. London 2030-cu ilədək müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq üçün yol xəritəsi hazırlamalıdır.
Lakin bunun qiyməti ağır ola bilər. “Politico”nun istinad etdiyi ekspertlər xəbərdarlıq edirlər ki, müdafiə xərclərinin artırılması ilə yanaşı sosial təminat, səhiyyə və vergi islahatlarının maliyyələşdirilməsi hökuməti böyük vergi artımlarına getməyə məcbur edə bilər.
Yeni xarici işlər naziri Ed Milibend isə Britaniya diplomatiyasına daha sol və liberal xətt gətirə biləcək siyasətçi hesab olunur. O, vəzifəyə başladıqdan sonra beynəlxalq hüququn, çoxtərəfli institutların, iqlim siyasətinin və Qlobal Cənub ölkələri ilə münasibətlərin onun prioritetləri sırasında olacağını açıqlayıb.
Milibendin Donald Tramp administrasiyası ilə münasibətləri isə London üçün həssas məsələyə çevrilə bilər. “Politico” xatırladır ki, Milibend 2013-cü ildə Leyboristlər Partiyasının lideri olarkən Böyük Britaniyanın Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatda iştirakının qarşısını alan parlament mövqeyində mühüm rol oynamış və bu qərar Barak Obama administrasiyasını ciddi şəkildə təəccübləndirmişdi. Onun hazırkı Tramp administrasiyası ilə siyasi fikir ayrılıqları da məlumdur.
Bununla belə, London Vaşinqtonla münasibətlərdə davamlılığı qorumağa çalışır. Börnham əvvəlki hökumətdən milli təhlükəsizlik müşaviri Conatan Pauell və ABŞ üzrə ticarət nümayəndəsi Varun Çandranı vəzifələrində saxlayıb. Yeni baş nazir artıq Donald Trampla telefonla danışıb və Ukraynaya dəstəyin davam edəcəyinə dair mesaj verib.
Ən böyük sürpriz isə Ues Stritinqin müdafiə naziri təyin olunmasıdır. İndiyədək əsasən daxili siyasətdə və səhiyyə sahəsində tanınan Stritinqin hərbi və müdafiə sahəsində ciddi təcrübəsi yoxdur.
Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Riçard Dannatt onun təyinatından “məyus olduğunu” bildirib və yeni nazirin müdafiə sahəsində təsirli fəaliyyət göstərə bilməsi üçün çox şey öyrənməli olacağını deyib.
Hökumət isə məhz Stritinqin böyük dövlət qurumlarında islahat aparmaq təcrübəsinin Müdafiə Nazirliyində lazım olduğunu düşünür. Ondan əlavə maliyyələşməni ordunun və nazirliyin ciddi modernləşdirilməsi ilə birləşdirmək tələb olunacaq.
“Politico”nun qənaətinə görə, Börnham Britaniyanın daxili problemlərinə – xüsusilə yaşayış xərclərinin azaldılmasına və dövlət idarəçiliyinin yenidən qurulmasına fokuslanmaq istəyərkən, beynəlxalq siyasətdə böyük səlahiyyətləri bu üç güclü siyasi fiqura həvalə edib.
Ancaq yeni baş nazir xarici siyasətdən kənarda qala bilməyəcək. Ukrayna müharibəsi, NATO qarşısında götürülən öhdəliklər, müdafiə xərclərinin artırılması və ən əsası Donald Trampın rəhbərlik etdiyi ABŞ-la münasibətlər Börnham hökumətinin ilk gündən üzləşəcəyi əsas sınaqlar sırasında olacaq.
Musavat.com






