"Müxalifət küçə döyüşlərindən əl çəkməyib və əl çəkməyəcək".
Bu fikirləri Ermənistan parlamentıinin müxalifətdəki "Hayastan" fraksiyasından üzvü və “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan jurnalistlərə blokun qazandığı mandatları götürmək barədə danışarkən bildirib.
“Daşnaksakan” qəzetinin məlumatına görə, müxalifət qüvvələri Ermənistan cəmiyyətini narahat edən ən vacib məsələlərdə əməkdaşlıq edəcəklərinə dair birgə bəyanat yayıblar. Saqatelyanın qeyd etdiyi kimi, bu əməkdaşlıq əsasında müxaliflər fəaliyyət gündəliyini genişləndirməli və əsas məsələlər üzrə yol xəritəsi qəbul etməlidir.
İrəvanda etirazların yenidən genişmiqyaslı qarşıdurmalara çevrilməsi ehtimalı nə qədər realdır? Müxalifətin hazırladığı yeni "yol xəritəsi" Paşinyan hakimiyyəti üçün hansı riskləri yaradır? Daxili siyasi gərginlik Ermənistanın Azərbaycanla sülh danışıqlarına və regiondakı proseslərə necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, "Ermənistanda müxalifətin küçə etirazları ilə bağlı sərt bəyanatlar verməsi yeni hal deyil: "Parlament seçkilərindən sonra, hətta daha əvvəl, 2022–2024-cü illərdə müxalifət dəfələrlə genişmiqyaslı etiraz aksiyalarına çağırış edib. Lakin bu aksiyaların heç biri hakimiyyət dəyişikliyi ilə nəticələnməyib. Buna görə də İşxan Saqatelyanın "küçə mübarizəsindən əl çəkməyəcəyik" bəyanatını daha çox müxalifətin siyasi strategiyasının davamı kimi qiymətləndirmək olar.
Müxalifətin hazırladığı "yol xəritəsi" ilk növbədə parçalanmış müxalif qüvvələrin koordinasiyasını gücləndirməyə hesablanıb. Ermənistan daxilində sosial narazılıq, iqtisadi problemlər, təhlükəsizlik məsələləri və hakimiyyətin Qarabağ siyasətinə yönələn tənqidləri müxalifətin əsas istinad nöqtələridir. Ancaq siyasi bəyanatlarla real siyasi güc arasında ciddi fərq var. Hazırkı mərhələdə müxalifətin geniş xalq dəstəyini səfərbər edərək hakimiyyətə ciddi təhlükə yaradacaq potensiala malik olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.
Bu o demək deyil ki, Paşinyan hakimiyyəti heç bir risklə üz-üzə deyil. Əksinə, daxili siyasi gərginlik davam etdikcə hökumətin qərar qəbul etmə imkanları mürəkkəbləşir, xüsusilə də cəmiyyət üçün həssas hesab olunan məsələlərdə. Müxalifət hər hansı sosial narazılığı və ya siyasi böhranı küçə etirazlarına çevirməyə çalışacaq. Lakin Ermənistanın hüquq-mühafizə sistemi və dövlət institutları hələ də fəaliyyət göstərir və vəziyyətin nəzarətdən çıxmasını göstərən əlamətlər müşahidə olunmur".
Parlamentari hesab edir ki, Azərbaycanla sülh danışıqları baxımından daxili siyasi gərginlik mühüm amildir: "Paşinyan hökumətinin atdığı hər addım daxildə ciddi tənqid olunur və bu, onun manevr imkanlarını məhdudlaşdıra bilər. Müxalifət sülh prosesində ediləcək mümkün güzəştləri siyasi mübarizə vasitəsinə çevirməyə çalışır. Nəticədə hökumət daha ehtiyatlı davranmağa məcbur qalır və bu da danışıqların tempinə təsir göstərə bilər.
Bununla belə, reallıq ondan ibarətdir ki, Ermənistanın xarici siyasət kursu və Azərbaycanla normallaşma prosesi təkcə daxili siyasi proseslərlə müəyyən edilmir. Burada regional geosiyasi maraqlar, beynəlxalq vasitəçilərin mövqeyi, iqtisadi reallıqlar və təhlükəsizlik amilləri də mühüm rol oynayır. Buna görə də müxalifətin sərt ritorikası avtomatik olaraq nə hakimiyyət dəyişikliyi, nə də sülh prosesinin dayanacağı anlamına gəlir.
Hazırkı mərhələdə ən real ssenari siyasi gərginliyin və etirazların müəyyən dövrlərdə yenidən canlanmasıdır. Lakin bunun "küçə döyüşləri" və ya ölkədə genişmiqyaslı siyasi qarşıdurma həddinə çatacağını söyləmək üçün faktiki əsaslar yoxdur. Ermənistan cəmiyyətində narazılıq mövcud olsa da, bu narazılığın hakimiyyəti dəyişəcək miqyasda təşkilatlanması hələ ki müşahidə edilmir. Buna görə də müxalifətin bəyanatlarını daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirmək, real vəziyyəti isə mövcud faktlar əsasında dəyərləndirmək daha doğru yanaşmadır".
Cavanşir Abbaslı
Musavat.com






