Rusiyanın hərbi-siyasi məğlubiyyət ehtimalı əvvəlki dövrlərlə müqayisədə hazırda daha real görünür... Bununla belə, Ukrayna savaşının inkişaf istiqamətlərinin çoxsaylı hərbi, siyasi və qlobal faktorlardan asılı olduğu da inkaredilməz reallıqdır...
Ukrayna savaşının inkişaf istiqamətləri Rusiya üçün hərbi-siyasi kollaps təhlükəsi yaratmağa başlayıb. Ona görə də, ABŞ prezidenti Donald Trampın nizamlayaraq, sülh yaratmağa çalışdığı "doqquzuncu savaş"ın nəticələri Rusiyanin gələcək taleyi üçün sonun başlanğıcına da çevrilə bilər. Və bu baxımdan, Kremlin Rusiyanı böyük sürətlə yaxınlaşan geopolitik apokalipsis təhlükəsindən yayındırmaq üçün hansı addımları ata biləcəyi maraq doğurur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın NATO sammitində verdiyi son mesajlar Kremlin Rusiyanı hansı təhlükələrin gözlədiyini təxmin etməsinə geniş imkanlar açır. Eyni zamanda, Almaniya kansleri Fridrix Mertsin də Rusiyaya yönəlik sərt bəyanatları Ukrayna müharibəsinin artıq tamamilə yeni mərhələyə keçdiyini göstərən önəmli siyasi əlamətlərdən sayıla bilər. Və belə anlaşılır ki, beynəlxalq siyasi iradə mərkəzləri artıq yalnız Ukrayna müharibəsinin davamını deyil, hətta onun hansı şərtlərlə başa çatacağını da müzakirə etməyə başlayıblar.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp açıq mətnlə bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə onun başa çatdırmağa çalışdığı "doqquzuncu münaqişə" ola bilər. Ağ Ev sahibi onu da vurğulayıb ki, indiyədək səkkiz münaqişənin həllinə nail olub. Və indi isə Ukrayna savaşının da çox yaxın vaxtlarda başa çatacağına inanır.
Maraqlıdır ki, Ağ Ev sahibi Donald Trampın qənaətinə görə, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski bu hərbi münaqişənin siyasi həllində maraqlıdırlar və bu, olduqca nikbin gözləntilər yaradır. Eyni zamanda, ABŞ lideri Donald Trampın Ukrayna savaşı üzrə sülh prosesində Türkiyə prezidenti Ərdoğanın vasitəçilik rolunu xüsusi vurğulaması da böyük maraq doğurur. Çünki bu, Türkiyənin Ukrayna böhranının siyasi-diplomatik yolla həlli prosesində əvvəlki kimi, əvəzolunmaz aktor olaraq, qaldığını göstərir.
Onu da nəzərə almaq lazımdır ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə siyasi-dipıomatik dialoq kanallarını hələ də qorumağı bacarmış çox nadir ölkələrdən biridir. Bu səbəbdən də, Türkiyənin vasitəçilik missiyası, Rusiya və Ukrayna arasındakı savaşın nizamlanması prosesində mümkün razılaşmalar üçün əsas faktora çevrilə bilər. Və bu, Ağ Evin Ukrayna böhranının nizamlanması üçün rəsmi Ankara ilə ortaq fəaliyyəti ön plana keçirməsinə əlavə stimul verən amillərdən biri sayılır.

Ancaq digər tərəfdən, ABŞ prezidenti Donald Trampdan fərqli olaraq, Almaniya kansleri Fridrix Merts Kremlə qarşı daha sərt mövqe nümayiş etdirərək, bəyanlayıb ki, Rusiyanın bu müharibədə qalib gəlmək şansları artıq yoxdur. Onun sözlərinə görə, NATO üzvü olan Avropa dövlətləri 2026-2027-ci illərdə Ukraynaya əlavə 70 milyard avro həcmində hərbi və maliyyə dəstəyi ayırmağa hazırlaşırlar. Və bu isə o deməkdir ki, Avropa ölkələri Ukraynanın müqavimət potensialını uzunmüddətli perspektiv əsasında qorumaqda qərarlı davranmaq niyyətindədirlər.
Bütün bunlara paralel olaraq, Almaniya kansleri Fridrix Mertsin "Ukrayna müharibəsinin dayandırılması artıq yalnız Rusiyadan asılıdır" fikri də olduqca əhəmiyyətli siyasi mesaj xarakteri daşıyır. Çünki bu yanaşma həm də onu göstərir ki, Qərb siyasi iradə mərkəzlərində artıq Rusiyanın hərbi-strateji təşəbbüsü tamamilə itirdiyi ilə bağlı qənaət güclənməkdədir. Və bütün bunlar eyni zamanda, həm də son vaxtlar Rusiyanın daxilində dərinləşən sosial-iqtisadi problemlərlə birbaşa üst-üstə düşür.
Məsələ ondadır, Rusiyanın enerji sektorunda olduqca ciddi problemlər yaranıb. Ukraynanın neft emalı və logistika infrastrukturuna endirdiyi dağıdıcı zərbələr və Rusiya dövlət büdcəsinin artan hərbi yükü Kremli çox çətin vəziyyətə salıb. Buna paralel olaraq, ölkədaxili sosial-iqtisadi narazılığın daha da genişlənməsi Rusiyanın hərbi-siyasi resurslarını getdikcə, daha çox tükəndirir. Və Rusiyanın müharibə iqtisadiyyatını uzun müddət davam etdirə biləcəyi də artıq əvvəlki qədər real görünmür.
Üstəlik, Ukraynanın hərbi əməliyyatları tədricən Rusiya ərazisinə daşıması da Kremlin təhlükəsizlik strategiyasına sarsıdıcı zərbələr vurur. Çünki Ukrayna ordusunun raket və PUA hücumları indi artıq Rusiyanın dərinliklərində yerləşən enerji, hərbi və sənaye obyektlərini daha asanlıqla, həm də böyük uğurla hədəfə almağa nail olur. Bu isə Rusiyanın öz ərazisini tam şəkildə müdafiə etmək imkanlarının getdikcə, məhdudlaşdığını göstərir. Və bu, istər-istəməz Rusiya cəmiyyətində təhlükəsizliklə bağlı mövcud narahatlığı daha da gücləndirir.
Eyni zamanda, Tramp administrasiyası da son vaxtlar Ukraynaya dəstəyi gücləndirməyə və ABŞ yenidən Avropadan olan müttəfiqləri ilə koordinasiyalı hərbi-siyasi kurs yürütməyə başlayıb. Ona görə də, indi Kremlin kollektiv Qərb daxilində fikir ayrılıqları üzərində qurduğu hərbi-strateji hesablamaları da iflasa uğramaq üzrədir. Yəni, ABŞ-ın yenidən kollektiv Qərblə vahid mövqedən çıxış etməyə başlaması Kreml üçün həm siyasi-diplomatik, həm də hərbi-strateji baxımdan, olduqca əlverişsiz, hətta çox təhlükəli vəziyyət formalaşdırır.
Göründüyü kimi, geopolitik proseslərin hazırkı inkişaf dinamikası Rusiyanın yaxın perspektivdə hərbi-siyasi vəziyyəti öz xeyrinə dəyişmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Əgər, Ukrayna savaş meydanında təşəbbüsü əlində saxlaya, kollektiv Qərb isə hərbi və maliyyə dəstəyini eyni səviyyədə davam etdirə bilərsə, onda Rusiya üçün geopolitik kollapsın qaçılmaz olacağı qətiyyən şübhə doğurmur. Və bu halda, Kreml yaxın aylarda ya ciddi hərbi-siyasi kompromislərə getmək, ya da müharibənin strateji məqsədlərinin reallaşmadığını açıq şəkildə etiraf etmək məcburiyyəti ilə üzləşə bilər.
Belə anlaşılır ki, Rusiyanın hərbi-siyasi məğlubiyyət ehtimalı əvvəlki dövrlərlə müqayisədə hazırda daha real görünür. Bununla belə, Ukrayna müharibəsinin inkişaf istiqamətlərinin çoxsaylı hərbi, siyasi və beynəlxalq amillərdən asılı olduğu da əslində, inkaredilməz reallıqdır. Və bu baxımdan, belə radikal, həm də olduqca qəliz ssenarilərin nə vaxt, eyni zamanda, hansı formada reallaşa biləcəyini birmənalı şəkildə əvvəlcədən proqnozlaşdırmaq hələlik qətiyyən mümkün deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu







