Venesuela hökuməti xalqa tabedir və xarici qüvvələrin əmrlərinə məhəl qoymur.
Musavat.com xəbər verir ki, bunu Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez "Venezolana de Televisión" televiziya kanalında deyib:
"Venesuela hökuməti Venesuela xalqına tabedir. Bizim heç bir xarici tabeçilik faktorumuz yoxdur. Venesuela xalqı heç bir xarici qüvvənin əmrlərini qəbul etmir".
O, ABŞ Maliyyə naziri Skott Bessentin son açıqlamalarını "yersiz və təhqiramiz" adlandırıb: "Vaşinqtonun Venesuela siyasətçilərinə verdiyi əmrlər bəsdir; qoy Venesuela siyasəti fikir ayrılıqlarımızı və münaqişələrimizi həll etsin. Xarici müdaxilə yetər".
Prezident əvəzi vurğulayıb ki, Venesuela beynəlxalq hüquqa uyğun olaraq və respublikanın tarixi nəzərə alınmaqla "ABŞ ilə hörmətli münasibətlərdən qorxmur".
Rodrigez qardaşı Xorxe Rodrigez ilə birlikdə həftəsonu ritorikasını gücləndirərək, tərəfdarlarının və ABŞ prezidenti Donald Trampın administrasiyasının ziddiyyətli tələblərini tarazlaşdırmağa çalışıb.
Qeyd edək ki, Bessent ABŞ-ın Venesuelanı idarə edəcəyini, neft və digər resursların satışını nəzarətdə saxlayacağını və zəruri hesab edildiyi təqdirdə "azad və ədalətli seçkilər" keçirəcəyini deyib.
Musavat.com






