İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Avropaya mesaj: “Siyasi iradəmizə təsir edə bilməyəcəklər!”

581 23.06.2026 17:03 Siyasət A A

“Avropa Şurasının Bakı ofisinin rəhbərinin Xarici İşlər Nazirliyinə çağırılması, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərəzli qərar qəbul etməsinə qarşı Azərbaycanın qətiyyətli mövqeyinin bildirilməsi və XİN tərəfindən yüksək səviyyədə demarş edilməsi o deməkdir ki, Azərbaycan AİHM-nin ədalətsiz, qərəzli hökmünü qəbul etmir. Təəssüf ki, Avropa institutları, xüsusilə insan hüquqlarını qorumaq kimi müqəddəs bir funksiyanı öz üzərinə götürən AİHM məhz insan hüquqlarının pozulması ilə məşğuldur”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

WhatsApp Image 2026-06-23 at 16.32.29.jpeg (320 KB)

Deputat vurğulayıb ki, “Çıraqov və digərləri Ermənistana qarşı” işində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin faktiki işğal olunması, ərazilərimizin Ermənistanın dəstəklədiyi qanunsuz işğalçı rejim tərəfindən dağıdılması faktı, Ermənistanın subyekt olaraq, işğal faktında rolu AİHM tərəfindən təsdiq olunub:

“Ölkəmizə qarşı belə bir qərarın qəbul edilməsi qərəz göstəricisidir. Bu qərarda artıq tarixin arxivinə göndərilmiş qanunsuz terrorçu, separatçı rejimin adının çəkilməsi, “DQR”, qondarma “DQR ilə təmas xətti kimi” ifadələrin işlənməsi onu göstərir ki, Avropa İttifaqındakı bəzi qüvvələr Azərbaycana təzyiq etməyə çalışırlar. Ancaq bilməlidirlər ki, onların bu niyyəti ürəyində qalacaq. Azərbaycan yaratdığı geosiyasi reallığı qoruyub saxlayacaq və möhkəmləndirəcək. ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərildiyi kimi, AİHM-in də ölkəmizə qarşı qəbul edilmiş və ediləcək heç bir qərarı bizim siyasi iradəmizə təsir edə bilməyəcək”.

Deputat qeyd edib ki, Avropa Şurasında bəzi qüvvələr Azərbaycanın geosiyasi cəhətdən güclənməsini, yaratdığı reallıqları qısqanclıqla qəbul edirlər, bunu həzm edə bilmirlər:

“Əllərindən heç nə gəlmədiyi üçün son ümid yeri kimi AİHM-dən alət kimi istifadə edirlər. Ancaq bununla AİHM-in nüfuzuna, məhkəmə-ədalət sisteminə, Avropada insan hüquqları məhfumuna böyük zərb vururlar. AİHM məhkəmə institutu kimi bundan sonra qanunsuz terrorçu rejimin müdafiəçisi kimi çıxış edəcəksə, hansı insan hüquqlarından söhbət gedə bilər? AİHM azərbaycanlıların vaxtilə pozulmuş hüquqları barədə canfəşanlıq etmirdi. Bu, bir daha beynəlxalq institutların, məhkəmələrin belə çirkli, məkrli oyunların alətinə çevrildiyini göstərir, o cümlədən qərəzli və ikiüzlü mövqeyini ifşa edir”.

Qeyd edək ki, iyunun 22-də Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb, Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR