Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidir.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır.

Azər Allahverənov
Milli Məclisin deputatı Azər Allahverənov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların müəyyən bir qismi gürcü dilini çox yaxşı bilir. O qeyd edib ki, xüsusilə, bu, gəncə nəslə aiddir: “Müstəqillik illərində gürcü dilinin populyarlaşdırılması, eyni zamanda dövlət qurumlarında iş tapmaq üçün gürcü dilini bilmək tələbi bu məsələdə öz sözünü deyib. Gürcüstanda dəfələrlə müşahidə etmişəm ki, 20-25 il bundan əvvəl soydaşlarımız arasında gürcü dilində danışan insanların sayı çox az idi. Hətta xatırlayıram ki, o dövrdə məhkəmə orqanlarında, parlamentdə gürcü dilində danışan bir neçə nəfər var idi. Sonrakı illərdə dövlətin müəyyən etdiyi bir sıra tələblər, eyni zamanda tətbiq etdiyi müxtəlif proqramlar vasitəsilə bu və ya digər formada gürcü dilində danışmaq istəyən insanlar üçün müəyyən şəraitin yaradılması istiqamətində işlər həyata keçirildi. Bu gün artıq gürcü dilində danışan azərbaycanlıların sayı kifayət qədər çoxdur. Kvemo-Kartlidə və digər əyalətlərdə kompakt yaşayan azərbaycanlılarda gürcü dilinə meyl o qədər də güclü deyil. Gürcü dilini öyrənmək istəyi daha çox zərurətdən irəli gəlir. Kvemo-Kartlidə fəaliyyət göstərən məktəblərin çoxunda dərslər rus dilində tədris olunur, ancaq Azərbaycan dilində tədris edən məktəblər də var”.
Deputatın sözlərinə görə, Gürcüstanda dilə münasibət müstəqillikdən öncəki və müstəqillikdən sonrakı dövrlərdə fərqli olub: “Məsələn, 90-cı illərin ortalarında millətçi çağırışlar var idi. Bu, xüsusilə digər millətlərdən olan insanları mərkəzlərdən uzaq salırdı. Gürcü dili üzərindən vətənpərvərlik dalğasını formalaşdırmaq istəyən müəyyən siyasi dairələr əyalətləri özlərindən uzaq salırdılar və bu, seçki, o cümlədən digər proseslərdə özünü göstərirdi. Artıq bu kimi məsələlərə 21-ci əsr mövqeyindən baxmaq lazımdır. Tamamilə yeni prinsiplər, yanaşmalar mövcuddur. Dövlət dilinin üstünlüklərini daha qabarıq şəkildə təbliğ etmək lazımdır. Dil faktoru insanları birləşdirən faktora çevrilməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






