İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan əhalinin sosial durumu ilə bağlı önəmli təkliflər

3333 02.02.2026 14:49 İqtisadiyyat A A

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli yaz sessiyasının qanunvericilik işləri planı haqqında fikir və təkliflərini bölüşüb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planına Dövlət Qulluğu Məcəlləsinin salınmasını qanunvericiliyimizdə məcəllələşmənin dairəsinin genişlənməsi istiqamətində növbəti vacib addım hesab edir:

“Yaşamağa başladığımız yeni mərhələ xeyli dərəcədə Azərbaycan iqtisadiyyatının neft amilinin üstünlük təşkil etdiyi modeldən qeyri-neft sahələrinin aparıcı rol oynayan modelə keçidlə bağlı məsələlər xüsusi yer tutur. Qeyri-neft sektorunun sürətli və dayanıqlı inkişafı xeyli dərəcədə sahibkarlığın səmərəli inkişafından asılıdır. Bu kontekstdə qanunvecilikdə məcəllələşmənin dairəsinin genişlənməsi istiqamətində birinci vacib istiqamət sahibkarlığın hərtərəfli dəstəklənməsinin optimallaşdırılmasının və onun qarşısında duran maneələrin aradan qaldırılmasınınn hüquqi bazasının möhkəmləndirilməsidir. Bundan ötrü iqtisadi inkişafımızın müxtəlif mərhələlərində qəbul edilmiş sahibkarlığa dair mövcud qanunların əvəzinə mükəmməl bir məcəllənin - Azərbaycan Respublikasının Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik.

Sahibkarlığın səmərəli fəaliyyətinin təməl prinsiplərinə əsaslanan belə bir məcəllənin qəbulu biznesin strateji inkişafına genişmiqyaslı töhfə verə bilən bir hüquqi bazanın yaradılması demək olar”.

MESİM.jpg (103 KB)

Əli Məsimli əlavə edib ki, bu prosesin kompleksliliyinin təmin edilməsi baxımından artıq qəbul edilmiş Rəqabət Məcəlləsinin tətbiqi üçün zəruri olan tədbirlərin həyata keçirilməsi sahəsində atılan addımlar mühüm əhəmiyyət kəsb edir:

“Eyni zamanda bu iş yeni Vergi Məcələsinin, Büdcə Məcəlləsinin və Bank Məcəlləsinin də hazırlanıb, bu il Milli Məclisə təqdin olunması işinin sürətləndirilməsini də tələb edir”.

Deputat daha sonra deyib ki, son illər ölkədə artan qiymətlər fonunda sosial minimumların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib:

“Bu kontekstdə ikinci vacib istiqamət sosial proseslərin tənzimlənməsinin hüquqi bazasının elmi əsaslarının gücləndirilməsi və ədalətliyinin artırılmasıdır. Bu sahədə sosial minimumlara yenidən baxılması məsələsi xüsusi aktuallıq kəsb edir.

Hazırda ölkəmizdə minimum əmək haqqı 400 manat olmaqla orta əmək haqqının 37 fazi səviyyəsindədir. Azərbaycan qoşulduğu bir sıra beynəlxalq sənədlərə, o cümlədən müvafiq xartiyaya görə, minimum əmək haqqı orta əmək haqqının 60 faizdən, yəni hazırkı rəqəmlərdən çıxış etsək, minimum əmək haqqı rəsmi statistikasında göstərilən 1100 manata yaxın orta əmək haqqının 60 faizi kimi 655 manatdan aşağı olmamalıdır.

Ona görə də bu yöndə atılması vacib olan addımlar içərisində Əmək Məcəlləsinin 155-ci maddəsinə minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması məsələsinin salınması həm mütərəqqilik baxımından, həm də mövqeyimizin beynəlxalq hesabatlarda müsbət dəyərləndirilməsi Azərbaycanın bu yöndə olan reytinqinə müsbət təsir etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda bu, indiki bahalıq şəraitindəki artmaqda davam edən qiymətlərdən də irəli gələn bir zərurətdir. Minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq, yenidən baxılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının da artmasına təsir göstərəcək. Bu, muzdla çalışan 1,8 milyon işçinin yarıya qədərinin aldığı orta əmək haqqından xeyli aşağı olan median əmək haqqının məbləğinin də artmasını şərtləndirəcək.

Əgər nəzərə alsaq ki, regionlarda çalışanlanların xeyli hissəsinin maaşları minimum əmək haqqına yaxındır, bu dəyişiklik regionlarda çalışanların, eləcə də təzə işə başlayanların start maaşlarına da müsbət təsir edəcək.

Əmək Məcəlləsində belə bir dəyişikliyin edilməsi onunla bağlı bir sıra normativ-hüquqi aktlarda da dəyişikliyin edilməsini zəruri edir. Bu, ilk növbədə yaşayış minimumunun rolunun artırılmasını tələb edir.

Bu kontekstdə hesab edirik ki, bizim ünvanlı sosial yardım verilməsində ehtiyac meyarını aradan qaldırıb, yaşayış minimumuna keçilməsi barədə hazırladıımız “Yaşayış minimumu haqqında” qanuna dəyişikliklər edilməsinə dair layihənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi kimi təqdim edilməsi məqsədəuyğun olar”.

Əli Məsimli qeyd edib ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır:

“Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

Azərbaycanda yaşayış minimumunun müəyyən edilməsi üçün ilk növbədə minimum istehlak səbətinin tərkibinin optimal formalaşdırılmasına ehtiyac var. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Qanun qüvvədədir.

Minimum istehlak səbətində son dəfə dəyişilik 2014-cü ildə olub. Hazırda onun tərkibi və strukturu müasir tələblərə cavab vermir. Bunu əsaslandırmaqdan ötrü təkcə onu demək kifayətdir ki, mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə cəmi 1 saat götürülməklə müəyyənləşdirilib.

Minimum istehlak səbəti, onun strukturu həm orada öz əksini tapan məhsulların sayı, həm də normaları baxımından yenidən işlənməli və yenidən təsdiq edilməlidir”.

Deputat bildirib ki, milli strategiyamızda orta perspektivdə qarşımızda duran vəzifələrin optimal həlli digər şərtlərlə, həm də xeyli dərəcədə hərb sahəsi ilə yanaşı, iqtisadiyyatda, elmdə, texnologiyada, innovativ təşəbbüslərdə, təhsildə və digər sahələrdə də effektli və rəqabətqabiliyyətli olmağımızı tələb edir:

“Bu, digər şərtlərlə yanaşı, həm də yeni qanunların qəbulu və mövcud qanunların təkmilləşdirilməsi yolu ilə hüquqi bazanın yaşamağa başladığımız yeni mərhələnin tələblərinə uyğunlaşdırılmasını zəruri edir. Bu kontekstdə üçüncü vacib istiqamət qəbul edilən qanunların cəmiyyətin gözləntilərini dolğun şəkildə doğrultması üçün qanunla yanaşı, həm də səmərəli fəaliyyət göstərən işlək reallaşdırma mexanizmi üçün zəruri olan normativ sənədlərin də vaxtında, imkan olanda paket halında qəbul edilməsidir.

Bu baxımdan yeni mərhələdə Azərbaycanın sürətli və dayanıqlı inkişafına təkan verən məsələlərdən biri Rəqabət Məcəlləsinin tam gücü ilə işə salınmasıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR