Son günlər ölkə gündəmini sarsıdan xəbərlərin ortaq cəhəti var: qan qohumluğu olanlar, doğmalar bir-birinə qarşı amansız zorakılıq törədir. Bu hadisələr artıq tək-tək kriminal fakt kimi yox, cəmiyyətin psixoloji və sosial durumuna dair ciddi siqnal kimi qəbul olunur.
Cəlilabad rayonunun Üçtəpə kəndində baş verən faciə bunun ən ağrılı nümunələrindən biridir. 12 və 14 yaşlı bacı-qardaşa balta ilə hücum edilməsi cəmiyyətdə şok effekti yaradıb. Uşaqları isə öz əmisi baltalayıb. Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. Digər uşağın vəziyyəti isə ağır olaraq qalır. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin həbsdən yeni çıxdığı iddia edilir.
Bu hadisədən cəmi iki gün əvvəl Ağdam rayonunun Mahrızlı kəndində də oxşar dəhşət yaşanıb. Kişi həyat yoldaşını balta ilə ağır yaralayıb. Məlumata görə, təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, həyat yoldaşından narkotik almaq üçün pul tələb edib. Qadın pulunun olmadığını deyəndə isə ailə münaqişəsi qısa zamanda qanlı hücuma çevrilib. Kişi zirzəmidən götürdüyü balta ilə qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib...
Bu cür xəbərlər son günlər ard-arda yayılır və cəmiyyətdə haqlı sual doğurur: nə baş verir? İnsanları doğmalarının qanını tökməyə vadar edən nədir?

Mövzu ilə bağlı sosioloq Rəşad Əsgərov Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, bu kimi neqativ, cəmiyyət tərəfindən normal qarşılanmayan, qəbulolunmaz hallar xarici ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən dərəcədə geniş vüsət almaqdadır: “Xüsusilə də amansızlıqla törədilən cinayətlər diqqət çəkir. Lakin bu tip hadisələrin motivlərini araşdırarkən hər birində fərdi xüsusiyyətlər özünü göstərir. Burada xüsusən intiqam hissi, ailə üzvləri arasındakı münasibətlərin normal olmaması, qısqanclıq meylləri və bəzən də regionlarda daha qabarıq müşahidə olunan sosial-psixoloji amillər ön plana çıxır. Digər tərəfdən, bu kimi cinayətlərin baş verməsinə dünya ölkələrində törədilmiş analoji hadisələrin informasiya resurslarında və KİV-də geniş yayılması da müəyyən təsir göstərir.
Azərbaycanda konkret olaraq bu cür cinayət hadisələrinə baxdıqda, məsələn, qadınlara qarşı keçmiş əri və ya nikahda olduğu şəxs tərəfindən amansızlıq törədilməsi halları daha çox qısqanclıq zəminində baş verir. Bəzi hallarda isə ailədaxili münaqişələrin uzun müddət davam etməsi, bu münaqişələrə nə qohumların, nə də sosial və ailə institutlarının vaxtında müdaxilə etməməsi nəticəsində yığılıb qalan aqressiya sonradan ağır cinayətlərin törədilməsinə gətirib çıxarır”.
Sosioloqa görə, xüsusilə uşaqlara, azyaşlılara qarşı törədilən və amansızlıqla müşayiət olunan cinayətlər bu cür halların artıq pik nöqtəyə çatdığını göstərir: “Bu hallara qarşı mübarizə aparmaq üçün xüsusilə belə meylli şəxslərin əvvəlcədən müəyyən qədər nəzarətə götürülməsi, onlarla sosial işin aparılması, hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlərin vaxtında və düzgün qurulması vacibdir. Bu mexanizmlərin zəif işləməsi və ya ümumiyyətlə, işləməməsi belə cinayətlərin artmasına şərait yaradır”.
Sosioloq qeyd edib ki, ümumilikdə qonşu respublikalar və Avropa ölkələri ilə müqayisədə bu tip cinayətlərin statistik göstəriciləri Azərbaycanda o qədər də yüksək deyil, rəqəmlər nisbətən aşağıdır: “Lakin bu o demək deyil ki, bu cür hadisələrə laqeyd yanaşılmalı və onlarla sistemli mübarizə aparılmamalıdır. Beləliklə, Azərbaycan cəmiyyətində ailədaxili və yaxın qohumlar arasında baş verən cinayətlərin əsas motivləri adətən aşağıdakı amillərlə bağlı olur:
1. Sosial problemlər, xüsusilə iqtisadi çətinliklər. Maddi və mənəvi tələbatların normal səviyyədə ödənilməməsi gərginlik yaradır.
2. Narkotik vasitələrdən və spirtli içkilərdən istifadə bu kimi hallarda ciddi rol oynayır.
3. Ailə münasibətlərinin düzgün formalaşmaması, xüsusilə regionlarda ailə dəyərləri fonunda qısqanclıq və qisasalma meyillərinin daha güclü olması.
4. Digər ölkələrdə baş vermiş analoji cinayətlərin informasiya məkanında geniş yayılması və müəyyən mənada təqlid olunması meyillərinin artması”.
Xalidə Gəray,
Musavat.com






